Keçid linkləri

Faşizmin ayaq səsləri(mi?)


Vətəndaşların əksəriyyəti Tayyib bəyin mediaya hücumunun arxasında müxalif medianı aradan qaldırmaq niyyətinin durduğunu düşünür

Vətəndaşların əksəriyyəti Tayyib bəyin mediaya hücumunun arxasında müxalif medianı aradan qaldırmaq niyyətinin durduğunu düşünür

İstanbulun yarı yağışlı havasında yaxın dostumla yediyim səhər yeməyi vaxtı eyni anda ikimizin də gözü masa qonşumuzun oxuduğu «Radikal» qəzetinin manşetinə sataşdı: «Faşizmin ayaq səsləri».

Baş nazir Tayyib Ərdoğan bir neçə gün əvvəl öz tərəfdarlarına müraciət edərək ona böhtan atdığını iddia edən qəzetləri almamağa çağırmışdı.

Bunu Ərdoganın diktatura qurmaq cəhdi kimi qiymətləndirən media orqanları da belə bir kəskin reaksiya vermişdilər - «Faşizmin ayaq səsləri».

İstər hökumət başçısının qəzetləri boykot etmək çağırışı, istərsə də medianın iqtidarı faşizmə bənzətməsi Türkiyə Cümhuriyyəti tarixində bəlkə də ilk dəfə rast gəlinən hadisə idi.

Eyni zamanda sual doğurdu, bəs görəsən, nə idi Tayyib bəyi belə əsəbləşdirən ki, vaxtilə onun tərəfini saxlayan Doğan media holdinqinə daxil olan qəzetlərə qarşı «səlib yürüşü» elan edir.
Bunun müxtəlif səbəblərini söyləyən var, amma tərəflərin münasibətlərinin tarixinə nəzər salanda görürsən ki, qarşıdurma təsadüfün nəticəsi deyil.

Hələ 2002-ci il noyabrın 3-də keçirilən parlament seçkisi ərəfəsində Doğan media holdinqi Tayyib Ərdoğanın başçılıq etdiyi AKP-yə qarşı sərt tənqidi mövqe tutmuşdu. Həmin seçkilərdə Ərdoğan şəxsən iştirak etməsə də, partiyasına qarşı aparılan əks-təbliğatdan əməlli-başlı qıcıqlanmışdı. Doğan qrupunun en yüksək nöqtələrindən aldığım bilgiyə görə, həmin günlər Tayyib bəy hətta Aydın Doğana xəbər göndərərək «noyabrın 4-də hesablaşacağıq» - demişdi.

Lakin, necə deyərlər, hər şey axır, hər şey dəyişir. Xüsusilə siyasətdə. Parlamentdən kənarda qalmasına baxmayaraq partiyası üzərində tamamilə hakim olan Tayyip Ərdoğan ana müxalifətdəki CHP-nin dəstəyi ilə qanunlara dəyişiklik edilməsinə nail oldu. Bu dəyişiklik nəticəsində Ərdoğan millət vəkili seçilib Türkiyənin 59-cu hökumətini qurmağa müvəffəq oldu. Onun bu siyasi uğurunu mövqeyini 180 dərəcə dəyişən Doğan media holdinqinin dəstəyi olmadan təsəvvür etmək çətindir.

22 iyul 2007-ci ildə keçirilən növbəti seçkiyə qədər media dəstəyinə böyük önəm verən Tayyib Ərdoğan «Doğan» qrupu ilə dinc yanaşı yaşama prinsipinə riayət etdi.

Bu müddət ərzində media qrupunun sahibi Aydın Doğana əlverişli iqtisadi şərait yaradıldı. Onun Media imperiyası bir sıra əməliyyatlar keçirib maliyyə vəziyyətini tarazlamaya bildi.
2007-ci il aprelin 1-də, prezident seçkisi ərəfəsində isə Ərdoğan hökuməti ölkənin ikinci böyük media qrupunu ələ keçirdi və beləliklə, Gülün prezident seçilməsi qarşısında dura biləcək əngəllərdən en böyüyünü zərərsizləşdirdi.

Seçkilərdə 47%-lik göstərici ilə qazanılan qələbədən sonra Təyyub Ərdoğan - gözləntilərin əksinə - diqqəti Avropa Birliyinin tələb etdiyi islahatlardan uzaqlaşdırıb «daxili bazar»dakı rəqibləri ilə mübarizəyə yönəltdi.

Tərəfdarlarını qane etmək üçün hicabı konstitusiya qarantiyası altına almaq istəyən Tayyib Ərdoğanın (MHP ilə konsensus halında) bu cəhdi kəskin müqavimətlə üzləşdi. Bu addıma qarşı çıxanlar arasında Doğan media qrupu da var idi. Bu qrupa daxil olan qəzetlər hicab islahatını «rejim dəyişikliyinə cəhd» kimi şərh edirdi. Ərdoğan bundan lazımi nəticələr çıxarıb medianı ələ almaq üçün tədbirlər görməyə başladı.

Tayyib bəyə yaxınlığı ilə tanınan və bir müddət Aşxabadda Türkmənbaşının yanında yaşayan Ahmet Çalık dövlət banklarından 750 milyon dollar kredit götürüb Sabah-Atv media qrupunu satın aldı.

22 iyul 2007-ci ildən sonra cəmiyyətdə olduğu kimi, Türk mediası iki qütbə bölünmüşdü. Media dəstəyinə nail olmağı məqsəd seçən Tayyib Ərdoğanın yürütdüyü siyasət nəticəsində çoxu keçmişin solçularından ibarət olan neo-liberallar ya qəzetlərin imtiyaz sahibi olmuş, ya da baş nazirə yaxın media orqanlarında köşə yazaraq onu qeydsiz-şərtsiz dəstəkləmişdilər.

Həm radikal islamçı, həm Fetullahçı və həm də neo-liberal mediadan dəstək alan Tayyib Erdoğan hökumətinin hərəkətlərində əks qütbü təmsil edən medianın tənqidinə qarşı dözümsüzlük getdikcə daha aydın görünürdü.

Ölkənin ən böyük media qurumu Tayyib Ərdoğana yaxın olan və Almaniyada məhkəməyə çəkilən «Deniz feneri»ni manşetlərdən verməyə başlayınca hökumət başçısı onu tənqid edənlərə qarşı savaş elan etməklə kifayətlənməyib bir həftə sonra tərəfdarlarını bu qəzetləri almamağa çağırdı.

İndiyə qədər AKP-ni dəstəkləyən Avropa Birliyinin qurumları Türkiyə hökumət başçısının bu müraciətlərinin qəbul edilməz olduğunu açıqladılar; Doğan media holdinqindəki Ərdoğan dəstəkçiləri də baş nazirə etiraz etməkdə gecikmədilər.

Yeni müxalif mediaya qarşı elan etdiyi savaş və verdiyi fitva, bir növ, bumeranq təsiri yaradaraq Tayyib bəyin özünü vurdu. Almaniyadakı «Deniz feneri» məhkəməsində isə Tayyib bəyə çox yaxın olan adamlar cəzalandırıldı. Alman prokurorluğu istintaqın Türkiyədə də davam etdirilməsi üçün təkid edir.

Türkiyə hökumətinin başçısı ilə medianın qarşıdurmasında ictimai rəy Tayyib Ərdoğanın əleyhinə idi. Rəy sorğuları göstərirdi ki, vətəndaşların əksəriyyəti Tayyib bəyin mediaya hücumunun arxasında müxalif medianı aradan qaldırmaq niyyətinin durduğunu düşünür.
Hökumət başçısının «Qəzetləri almayın» - müraciətindən sonra ilahiyyatçı bir professor da Tayyib bəyin əleyhinə yazan qəzetləri oxumağın «haram olduğu»na dair fitva verdi.
İstər Ərdoğanın, istərsə də ona yaxın olan ilahiyyatçıların müstəqil mediaya qarşı hücumları adama Mirzə Fətəli Axundovun və Sabirin cənazə namazının qılınmaması üçün verilən fitvaları xatırladır.

Bu savaş Tayyib Ərdoğanın «demokrat» imicini yerlə-bir etdi. İş o yerə vardı ki, bəzi qəzetlər hökumət başçısının hücumlarına «Faşizmin ayaq səsləri» manşetləri ilə cavab verdi.
Həmin günlər jurnalistlər faşizmin Almaniyada iqtidarın gücləndirməsinə dair faktlara tez-tez istinad edirdilər....

«Faşizmin ayaq səsləri» manşetlərini yarı yağmurlu havada ən yaxın insanla birgə oxumaq çox zövqlü idi. Səhər yeməyi də, təəssüratlar da...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG