Keçid linkləri

Azərbaycan reallıqları


Azərbaycan hökuməti çəpərin üstündə oturub gözləyir: Rusiya, yoxsa Qərb daha sərfəli təkliflər paketi ilə çıxış edəcək.

Azərbaycan hökuməti çəpərin üstündə oturub gözləyir: Rusiya, yoxsa Qərb daha sərfəli təkliflər paketi ilə çıxış edəcək.

Son zamanlar Azərbaycana diqqət artıb. ABŞ-dan, Avropa Birliyindən, Rusiyadan və Türkiyədən yüksək səviyyəli nümayəndə heyətləri bir-birinin ardınca Bakıya təşrif buyururlar.

Müzakirə olunan mövzuların spektri də kifayət qədər genişdir - enerji resursları, Qarabağ münaqişəsi, regional əməkdaşlıq və hətta demokratiya ilə bağlı məsələlər.

Beynəlxalq xəbər agentliklərinin gündəliyi əsasında mühakimə yürütsək, dünya dövlətlərinin diqqətini cəlb edən əsas iki məsələ var:

1. Rusiyanın Qafqazdakı son aqressiv addımları ilə bağlı Azərbaycanın geosiyasi önəmi artır. Qərb dövlətləri Azərbaycanı itirmək təhlükəsini real olaraq hiss etməyə başlayıblar;

2. Azərbaycan hökuməti daxili siyasi azadlıqları getdikcə daraldaraq, ölkədə tamam yeni bir siyasi sistemin qurulması istiqamətində israrla irəliləyir, Qərb isə narahatlıqla bu prosesi izləyir. Vəziyyəti ən azından stabilləşdirməyə və ləngitməyə çalışır.

Geopolitika

Geopolitik reallıqlar çox sadədir. Qafqaz regionu bir tərəfdən, Rusiya və İran (Şimal-Cənub xətti), digər tərəfdən isə Türkiyə və Orta Asiya (Qərb-Şərq xətti) arasında yerləşir. Qafqazın Rusiya nəzarətində olması bütövlükdə Qərbin Orta Asiyaya yolunu bağlamış olur. Digər tərəfdən Qafqazda Qərbin güclü mövqelərinin olması Orta Asiyaya da yolu açır və Rusiyanın Avrasiyada enerji daşıyıcılarını inhisarlaşdırmaq planlarını alt-üst etmiş olur. Bu da öz növbəsində Rusiya imperiyasının bərpası planlarını tarixin arxivinə atır. Qafqazın içində Rusiyanın çoxsaylı hərbi müqavilələrlə özünə bağladığı forpost-müttəfiqi Ermənistandır. Qərb isə indiyə qədər Azərbaycan-Gürcüstan-Türkiyə xətti ilə regiondakı düzəni müəyyənləşdirirdi. Rusiyanın Gürcüstana təcavüzü və Qərbin bu təcavüzə qarşı effektli cavab verə bilməməsi regionda yeni vəziyyət yaradıb və Azərbaycan da Rusiyaya yönəlik siyasətini korrektə etməyə başlayıb. Birmənalı Qərbyönümlü siyasətdən uzaqlasan rəsmi Bakı Rusiya ilə Qərb arasında təhlükəli manevrlər edərək onların hər iksindən güzəştlər qoparmağa çalışır. Müxtəlif yüksək rütbəli Qərb və Rusiya rəsmiləri isə Bakıya ardı-arası kəsilməyən səfərlər etməklə bu ölkənin mövqeyini qətiləşdirməyə çalışırlar. Azərbaycan hökuməti isə bu vəziyyətdən açıq-aydın həzz alır. Bu mövqeni bu ilin oktyabr ayında day.az saytına yazdığı məqalədə deputat Anar Məmmədxanlı çox sərrast ifadə edib. Deputatın məqaləsinin ümumi məzmunu bu idi ki, Gürcüstanın prezidenti axmaqlıq edərək Qərbə arxalanıb Rusiyaya qarşı çıxdı, Rusiya da oranı dağıtdı, ancaq prezident İlham Əliyevin uzaqgörən siyasi mövqeyi (mövqesizliyi?) sayəsində həm Qərb, həm də Rusiya Azərbaycanın ayaqlarına düşüb yalvarırlar. Sərrast müşahidədir, ancaq bu yalvarışlar da bir yerə qədərdir. Çəpərin üstündə uzun müddət oturmaq olmaz. Gürcüstanın növbəti 15-20 il üçün yolu - proqramı bəllidir - NATO-ya və Avropa Birliyinə inteqrasiya olunmaq və ölkə daxilində də bu inteqrasiyanın tələb etdiyi islahatları həyata keçirmək. Azərbaycan isə uzaqgörən liderin taktiki gedişlərinin uğurlu olacağı ümidi ilə qeyri-müəyyən gələcəyə doğru addımlayır. Bir tərəfdən Ermənistanla strateji müttəfiqliyi olan Rusiya ilə yaxınlaşmaq Azərbaycan hökumətinə istənilən halda təhlükəli görünür. Rusiyanın regiondakı bütün enerji layihələrini inhisara almaq cəhdləri, Bakı-Tbilisi-Ceyhan layihəsinə belə mənfi yanaşması da Moskva ilə dostlaşmaq siyasətini təhlükəli edir. Bu dostluq naminə Azərbaycan Rusiyaya çoxlu şeyləri qurban verməlidir, o qurbanları ki, 1993-cü ildə Heydər Əliyev belə Rusiyaya verməkdən imtina etmişdi. Digər tərəfdən isə Qərblə yaxınlaşmağın da öz bədəli var. XVIII əsr siyasi sistemi ilə, respublika adlanan monarxiya ilə, həbsdə olan jurnalistlərlə, seçkilərdə 3 faiz səs alan müxalifət və 89 % səs alan hökumətlə Qərbə doğru irəliləmək bu hökumət üçün yaxşı heç nə vəd etmir. Odur ki, Azərbaycan hökuməti çəpərin üstündə oturub gözləyir: Rusiya, yoxsa Qərb daha sərfəli təkliflər paketi ilə çıxış edəcək.

Qərbin seçimləri

Azərbaycan müstəqilliyini əldə edəndən bəri Qərbin Azərbaycana təsiri üçün iki əsas vasitəsi olub: mümkün maliyyə dəstəyi və Azərbaycanda mövcud olan əhəmiyyətli demokratik isteblişment. Sonuncu kateqoriyaya on minlərlə üzvü olan Müsavat və AXCP, habelə digər demokratikyönümlü müxalifət partiyaları, müxtəlif dövrlərdə fəaliyyət göstərmiş onlarla açıqfikirli qəzetlər və digər dərgilər, güclü qeyri-hökumət sektoru, Qərbyönümlü və anti-Rusiya meylli ictimai rəy daxil idi. Heydər Əliyev dönəmində ardıcıl şəkildə bu kateqoriyaya daxil təşkilatlar sıxışdırılsa da, onların ən azı mövcud olması Azərbaycan hökumətini daim Qərblə hesablaşmağa məcbur edirdi. Azərbaycanın daxili siyasi dinamikasını müəyyənləşdirən proses də bu müstəvidə cərəyan edirdi. Azərbaycandakı demokratik qüvvələr Qərbin dəstəyinə ümid bağlamaqla fəaliyyət imkanlarını genişləndirməyə çalışırdılar. Azərbaycan hökuməti digər sahələrdə Qərbə əhəmiyyətli güzəştlərə gedərək Qərbdən Azərbaycanda demokratiyanı boğmaq üçün indulgensiya almağa çalışırdı. Qərb isə bu iki siyasi qütb arasında müxtəlif seçimlər edərək Azərbaycandakı müxalifət və iqtidar arasında müəyyən sabit bir balansı qoruyub saxlamağa çalışırdı.

İndiki vəziyyəti fərqli edən faktor da elə ondan ibarətdir ki, bu siyasi dinamika pozulub. Azərbaycandakı neft-qaz layihələrinin önəmi artdıqca, Qərb hökumətə getdikcə daha çox güzəştlər edərək müxalifəti, azad mətbuatı, demokratikyönümlü qeyri-hökumət təşkilatlarını tamamilə onun ayağına verdi. Nəticədə Qərbin Azərbaycan hökumətini Qərbə inteqrasiya yolunda saxlamaq üçün lazım olan əhəmiyyətli bir resurs xərclənib qurtardı. Azərbaycanda keçirilən son prezident seçkisi ölkədə demokratik azadlıqların vəziyyətinin nə dərəcədə katastrofik olduğunu ortaya qoydu. Müxalifət seçkidə iştirak edə bilmədi. Azərbaycan hökumətinin diktəsi altında və cızdığı qeyri-mümkün oyun qaydaları çərçivəsində başqa imkan yox idi də. Ölkənin ən çox satılan qəzetinin baş redaktoru Eynulla Fətullayev, ən iri müxalifyönümlü iki qəzetdən birinin baş redaktoru Qənimət Zahid və onun qardaşı Mirzə Sakit həbsdədirlər. Həm Müsavat, həm də AXCP şəhərin mərkəzindəki qərargahlarından qovulublar və rayon qərargahlarının 10 faizini belə əldə saxlaya bilməyiblər. Azərbaycan hökumətinin yeni hücum xətti artıq xarici radiostansiyaların ölkəyə yayımı məsələsinə gəlib dirənib. ANS televiziyası bir vaxtlar müxalifət və iqtidar arasında gözlədikləri balansı çoxdan unudub (başqa cür telekanal mövcudluğunu saxlaya bilməzdi də). Və Azərbaycan hökuməti Qərbin maliyyə yardımına belə əhəmiyyətli ehtiyac duymur. Hələ bu il iyulun 7-də prezident İlham Əliyev diplomatik xidmət orqanları rəhbərlərinin müşavirəsində Uqo Çaves stilli çıxışında bu məsələ barədə qəti rəyini bildirmişdir: «Biz bu gün iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Heç bir kreditdən asılı deyilik, əksinə biz kreditlər veririk. İqtisadi müstəqillik imkan verir ki, biz müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, müstəqil siyasət apara bilərdikmi? Əlbəttə ki, yox! Əlbəttə, bizi hansısa təşəbbüslərə, hansısa istiqamətə yönəltmək, sövq etmək istəyən tərəflər daha da fəal olacaqlar. Ancaq Azərbaycana heç bir iqtisadi yardım lazım deyil» (http://www.irfs.az/content/view/1005/28/lang,az/).

Bu fonda Azərbaycana noyabrın 18-də səfər edən ABŞ Dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Devid Kramer, məsələn, ölkədə xarici radiostansiyaların bağlanmasının qarşısını almaq üçün Azərbaycan hökumətindən müəyyən xahişlər edə bilər, yaxud həbsdə olan jurnalistlərin məsələsini İlham Əliyev qarşısında qaldıra bilər. Lakin bu istəklərin reallaşdırılması üçün Qərbin Azərbaycana hazırda effektiv təsir mexanizmləri yoxdur.

Reallıqlar?

Reallıqlar ondan ibarətdir ki, Azərbaycan hökuməti Qərbin gözü qarşısında tədricən Rusiyaya tərəf istiqamətlənir. Bunun üçün Azərbaycandakı siyasi sistemin təbii stimulu var. Avtoritar Rusiya ilə yaxınlıqda Azərbaycan hökuməti özünü daha rahat hiss edir. Hazırda Qərbin bütün Avrasiya regionunda Rusiyanın enerji inhisarının qurulmasının qarşısını almaq üçün Azərbaycana çox böyük ehtiyacı var. Azərbaycan hökuməti isə Rusiya özünü rəsmi Bakıya qarşı aqressiv aparmadıqca, Qərbə belə böyük bir ehtiyac duymur. Bu səbəbdən Azərbaycanda demokratik azadlıqların boğulması tempi sürətlənir. Azərbaycan Qərb radiostansiyalarının yayımına öz ölkələrində qadağa qoymuş Özbəkistan və Türkmənistana getdikcə daha çox oxşamağa başlayır. Təbii ki, belə bir oyunun Azərbaycan hökuməti üçün də riski olmamış deyil (elə məhz bu riski qəbul etmək istəmədiyi səbəbindən keçmiş prezident Heydər Əliyev Qərbə münasibətdə daha ehtiyatlı siyasət aparırdı). Məsələ burasındadır ki, SSRİ dağılandan bəri Rusiyaya stavka qoyan avtoritar liderlərin aqibəti ümumən yaxşı olmayıb. Rusiyanın hazırkı hərbi-siyasi gücü də kifayət qədər qeyri-stabil bir özülün - dünya bazarındakı xammalın satış qiymətlərinin üstündə bərqərardır. Kiçik bir kataklizm Rusiyanın başını özünə qarışdıra bilər və yaranan yeni şərait indi Qərblə ötkəm danışan Azərbaycan dövlət rəsmilərini nəhəng bir siyasi qurumla üz-üzə qoya bilər. Ancaq hələ ki, Rusiya durur, Azərbaycanın yeni Rusiya siyasəti inamla həyata keçirilir. Qərb isə Azərbaycan hökumətinin mərhəmətinə ümid edərək regional enerji layihələri və GUAM-ı sağ saxlamağa çalışır və imkan daxilində Azərbaycandakı demokratik qurumların da məhv olmamış rüşeymlərinə toxunmamaq üçün Azərbaycan hökumətindən xahişlər edir. Azərbaycan ətrafında baş verən proseslərə sadələşdirilmiş şəkildə baxsaq, reallıqlar bundan ibarətdir.

Bu reallıqlar qaçılmazdırmı? Bu sualın cavabı təkcə bu reallıqları yaratmış Azərbaycan hökuməti, Rusiya və Qərb dövlətlərinin siyasətindən yox, həm də (və bəlkə daha böyük ölçüdə) ölkədə baş verənləri hələ ki, passivliklə izləyən Azərbaycan xalqı və onun demokratik kəsiminin atacağı addımlardan asılıdır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG