Keçid linkləri

100 il geriyə


80-ci illərin axırında gələn media sərbəstliyi isə son 20 ilin zirvəsi sayıla bilər

80-ci illərin axırında gələn media sərbəstliyi isə son 20 ilin zirvəsi sayıla bilər

«Dediklərinin heç birini qəbul etmirəm. Ancaq onları nöqtə-vergülünə qədər deyə bilməyin üçün əlimdən gələn hər şeyi etməyə hazıram»
Volter

Azad söz-azad mühit yarada bilməz. Azad sözü yaradan faktor isə azad mühitin özündən başqa heç nə deyildir.
Bizim azad söz mühitində yaşamağa başlamağımızın üstündən bir əsrdən də çox vaxt keçib.

Mətbuatımızın «Əkinçi» debütü ilə başlayan iməkləmə dövrü məmləkətdə kapitalizmin inkişafına paralel şəkildə gedib. Tiflis və Bakı mərkəzli mətbuat orqanlarımız (buraya Kaspralının Baxçasarayda çıxardığı «Tərcüman»ını da əlavə edə bilərsiniz) 30 illik müddət ərzində (1875-1905) sərbəst bazar infrastrukturlu söz hürriyyətinin inkişafı üçün önəmli məşqlər etsə də, bu istiqamətdəki ən güclü addımı «Molla Nəsrəddin» jurnalında Cəlil Məmmədquluzadənin atdığını görürük. Mirzə Cəlilin xatirələrindən öyrənirik ki, 1905-ci ildə Tiflisdə «Novruz» adlı qəzet çıxaran Məmmədquluzadə həmin ilin 17 oktyabrında Çar II Nikolayın verdiyi azadlıqların «Padşahın başının «Kukureku» jurnalında xoruz şəklində çəkilməsinə» qədər aparıb çıxardığını görmüş və jurnalı alan kimi mətbəəyə qaçıb Ömər Faiq Nemanzadəni yeni bir mətbuat orqanı çıxarmağa razı salmışdır. «Molla Nəsrəddin»i zəmanə özü yaratdı, təbiət özü yaratdı»- «Xatiratım»ın bitdiyi bu sözlər azad mühitin yaratdığı azad sözün parlaq örnəklərindən biridir.
Müstəqil məmləkətimizdə medianın müstəqilliyinə qarşı ilk manifest 1993-cü ilin iyununda Heydər Əliyevin Türk jurnalisti Mehmet Ali Birandın «Azərbaycanda demokratiya bitdimi?» –sualına kükrəyərək verdiyi «Sənin sualın bitdi» – cavabı ilə elan edildi. Ondan sonra keçən hər il ölkədə azad medianın manevr sahəsinin daraldılması ilə müşayiət edildi

Mətbuatımızın 100 il əvvəlki mənzərəsinə baxanda sərbəst bazarın və söz azadlığının vaz keçilməz ilk şərti ilə qarşılaşırıq: görürük ki, «Molla Nəsrəddin» jurnalı Cəlil Məmmədquluzadənin mülkiyyəti idi; Topçubaşının baş redaktoru olduğu «Həyat»ın sahibi Hacı Zeynalabdin Tağıyev; Əli bəy Hüseynzadənin çıxardığı «Şəlalə»nin sahibi isə İsa bəy Aşurbəyov idi. Yəni, sahibinin kimliyindən asılı olmayaraq, dövrün bütün mətbuat qurumları bazarın subyektləri kimi yayın həyatına başladıqlarına görə, ilk növbədə, özlərini yaşatmaq və buna paralel olaraq fikir məşqləri etmək, «beyin fırtınaları» qoparmaq cəhdləri onların iş prinsiplərini müəyyənləşdirirdi. İstənilən mətbu orqanını yaşadan da, onu ictimai həyatdan geri çəkən də oxucu rəyi idi-nə qədər varlı olsalar da, neft milyonerlərinin özünü maliyyələşdirə bilməyən mətbuat qurumlarına cibdən dəstək verdiklərini görmürük. Stolıpin irticasının Çar Rusiyasındakı azadlıqlara vurduğu zərbə milli mətbuatımıza da öz təsirini göstərsə də, qəzet-jurnallarımız həm mülkiyyət haqlarını, həm də milli-sosioloji fəlsəfələrə bağlılıqlarını qoruya bilmişdilər. Bunun nəticəsidir ki, Romanovlar sülaləsinin 300-cü ili şərəfinə verilən Əfvi-ümumidən sonra yayın həyatına başlayan mətbuat orqanları milli kimlik və ana dili ətrafında mübahisələrə üstünlük vermiş, bu mübahisələr daha sonra milli dövlət fəlsəfəsinə doğru inkişaf etdirilmişdir. 28 may 1918-ci ildə elan edilən Şərqin ilk Cümhuriyyəti bu milli-fəlsəfi müzakirələrin meyvəsi olduğuna görə «İnsanlara hürriyyət, millətlərə istiqlal» prinsipini özünün başlıca amalı elan etmişdir. Fransa burjua inqilabının olduğu 1848-ci ildə Mirzə Fətəli Axundzadənin başlatdığı müasirləşmə və özgürləşmə həmləsinin milli mətbuatımızın böyük dəstəyi ilə Çar Rusiyası sərhədləri içərisində uğurla davam etdirildiyini bir tərəfə qeyd edək.

Tək partiyalı sosialist rejimin yox etməyə çalışdığı fikir azadlığı keçən əsrin 60-cı illərində ədəbiyyatın xidmətləri nəticəsində yenidən pöhrələnməyə başlamış və Sovet İttifaqının sərhədləri çərçivəsində fikir azadlığı sahəsində müəyyən irəliləyiş əldə edilmişdi - bu, hər şeydən əvvəl 56-cı ildə Xruşşovun şəxsiyyətə pərəstişi kəskin tənqidindən sonra cəmiyyətə verilən nəfəsin təzahürü idi. 70-80-ci illərdə Azərbaycan ədəbiyyatı və mətbuatında müşahidə edilən «yeni nəsil» hərəkatı heç vaxt «Mərkəzi komitə» sindromundan özünü xilas edə bilməmişdi. 80-ci illərin axırında gələn media sərbəstliyi isə son 20 ilin zirvəsi sayıla bilər.
Müstəqil məmləkətimizdə medianın müstəqilliyinə qarşı ilk manifest 1993-cü ilin iyununda Heydər Əliyevin Türk jurnalisti Mehmet Ali Birandın «Azərbaycanda demokratiya bitdimi?» –sualına kükrəyərək verdiyi «Sənin sualın bitdi» – cavabı ilə elan edildi. Ondan sonra keçən hər il ölkədə azad medianın manevr sahəsinin daraldılması ilə müşayiət edildi. Müstəqil TV kanalları və radiolar qurulmasına heç bir imkan yaradılmadığı kimi, liberal iqtisadiyyatın dərinləşdirilməməsi qəzet və jurnal naşirlərində rəhbəri olduqları orqanların sahibi olma duyğusunu yarada bilmədi-buna görə hələ də mətbu orqanlarının rekvizitlərində «İmtiyaz sahibi» yerinə «Təsisçi» sözünü görürük. Mətbu orqanlar şirkət prinsipləri ilə idarə edilib pul qazanma və ya itirmə nöqtəsinə gələ bilmədilər. Yalnız bir qrupun iddiasını təmin etmək üçün qurulan «Şərəf və heysiyyət» məhkəmələri medianın belini bükdü.
Başda Mətbuat Şurası olmaqla medianı müdafiə etməsi lazım olan təşkilatlar faktiki olaraq mediaya hücumları müdafiə etdi - medianın özünü sərbəst idarə etməsi üçün mübarizə aparmaq əvəzinə yenə də başda Mətbuat Şurası olmaq üzrə bu təşkilatların əksəriyyəti qəzet və jurnalları iqtidar ianələrinə möhtac etmək üçün tər tökdü.
«Azadlıq» radiosunun FM tezliyindən çıxarılması mediaya qarşı 1993-cü ilin iyununda elan edilən manifestin son akkordlarından biridir. Bu addım, eyni zamanda «Ölkəni hansı fəlsəfə idarə etməlidir – BİZ, yoxsa MƏN?»- sualına verilən cavabdır. «Azadlıq»ın tezliyini alanlar «MƏN» deyiblər. «MƏN» deyilən yerdə isə «Mənəm-mənəmlik» hökm sürəcəkdir. Azərbaycan böyük bir məmləkət olsaydı, adam deyərdi ki, «Azadlıq»ın FM tezliyini alanlar yenidən soyuq müharibə dövrünə qayıdıblar.

Avqustda Gürcüstanı işğalına qədər Rusiyanın çox gücləndiyini və dünyanın yenidən iki qütblü soyuq müharibə dövrünə qayıdıldığını deyənlər az deyildi. Payızda başlayan dünya maliyyə böhranı və neftin qiymətinin aşağı düşməsi Rusiyanı yenidən kreditə möhtac duruma gətirdi-bunu hər kəs görür. Milli gəlirini ədalətli bölüşdürməyən, vətəndaşlarının haqlarını müdafiə etməyən, müstəqil medianı son adacığına qədər sıxışdırıb susduran, yazıçısının kitabının satılması üçün şərait yaratmayıb yaradıcı insanı öz kisəsinə bağlayan bir üsuli-idarə güclü ola bilməz.

16 oktyabr 1905-ci ildəyik-yeganə fərq ondadır ki, o vaxt Çar Rusiyasının guşəsi idik-indi isə müstəqil ölkəyik. Hayırlı müstəqilliklər.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG