Keçid linkləri

Vaxtilə SSRİ-nin müxtəlif hissələrində Azərbaycanın üç əsas vizit kartı var idi: Heydər Əliyev, 26-lar və bir də Ağdam şərabı.

Hər il may ayının 1-də və noyabrın 7-də milyonlarla insan səhərin gözü açılmamış üç-üç toplaşıb Ağdam şərabından içər, içi digər siyasi büro üzvləri olmaqla Heydər Əliyevin də portretini çiyinlərinə alar və «Urra» qışqırmaq üçün şəhər və qəsəbələrin mərkəzi meydanlarına axışardılar. Bir sıra şəhərlərdə isə belə meydanlar məhz 26-ların adını daşıyardı.

Uzun illər Bakı haqqında nəşr olunan bütün kitablarda Qız qalası ilə yanaşı 26-ların abidəsinin də fotosu yerləşdirilərdi.

Bakıda isə kəbin kəsən gənclər buranı ziyarət edər, pionerə qəbul olunan məktəblilər burada and içər, gecələr isə BOMJlar abidənin daimi məşəlinə qızınardılar.

Bu günlərdə paytaxtın xəritəsindən silinən 26 Bakı komissarlarının abıdəsi çox imtahanlardan çıxmışdı.

90-cı illərdə abidənin iki addımlığında qərarlaşmasına baxmayaraq Xalq Cəbhəsi abidənin sökülməsi haqda heç beyninin qırağı ilə də düşünməyə macal tapmadı.

Heydər Əliyevin ikinci hakimiyyəti zamanı abidənin daimi məşəlinin alovuna gedən qazı kəssələr də, abidəni sökmədilər.

Heydər Əliyevin dövründəki YAP-çılar tamam başqa adamlar idi. Sirus Təbrizli, Əli Nağıyev. Kim bilir, bəlkə də düşünürdülər ki, abidəni söksələr, növbəti dəfə müxalifətçilərin yadına salacaqlar ki, Heydər Əliyev vaxtilə 26-lar haqda alovlu nitqlər söyləyib, onların başçıları haqda isə hətta kitab da yazıb. Ümummilli liderin ulu öndər imicinə xələl gətirmək nəyə lazım...

Amma zəmanə daha həmin zəmanə deyil. Vaxtilə 26-lar qarşısında and içib Moskvaya oxumağa gedən gənclər qayıdıb yüksək rütbələrə sahib olublar.

YAP da daha həmin YAP deyil. Siyasi səhnədə özünə rəqib görməyən bu partiyanın yeganə problemi maşınlarını saxlamaq üçün yerdir. Ötən payız Bibiheybətdə seçki mitinqi zamanı neçəsi şikayət edirdi ki, mitinq yaxınlığında maşın saxlamağa yer yoxdur.

Rəqəmlərin qəribə hökmü olur. Qoy Bakı 26-lara əlvida söyləməyə tələsməsin. Deyilənlərə görə, komissarların abidəsinin yerində tikilən qarajda məhz 26 maşına yer olacaq.

26 Bakı maşınları...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG