Keçid linkləri

«Platforma»- gələcəyi olan, yoxsa ölü doğulmuş bir layihə?


«Platforma»nın nə vaxt rəsmən elan ediləcəyini gözləmədən deyə bilərəm ki, tərəflər hər hansı konsensusdan uzaq olublar

«Platforma»nın nə vaxt rəsmən elan ediləcəyini gözləmədən deyə bilərəm ki, tərəflər hər hansı konsensusdan uzaq olublar

«Bidadi-bəradərlə olan qanına qəltan,
Qafqazdakı qurbanlarına şükür, xudaya»
(Sabir)

Kiçik xronika: Rusiyanın Gürcüstanı işğalı Qafqaz regionunda yeni bir durum yaratdı. Hər halda, Türkiyə bundan narahat olduğuna görə, baş nazir R.T.Ərdoğan avqustun ortalarında Moskvaya gedib Kremlə «Qafqaz sabitlik və əməkdaşlıq Platforması» yaratmağı təklif etdi. Tayyip bəy bu təkliflərini ordan getdiyi Tbilisiyiə və Bakıya da bildirdi. Sentyabrın 6-da Yerevana futbola baxmağa gedən prezident Gül də «Platforma»nı Serj Sarkisyanla müzakirə etdi.

Avqustun 31-də İstanbula gələn Gürcüstan xarici işlər naziri Eka Tkeşelaşvili və Türkiyə xarici işlər naziri Ali Babacanın görüşündə əsas yeri «Platforma» tutmuşdu. O görüşdən sonra Babacana verdiyim sualı xatırlayıram: «Hörmətli nazir, Rusiya 200 ildir ki, bölgədə «Parçala, hökm et» - siyasəti yürüdür. Bu gün Gürcüstanda yaşananlar da o siyasətin bir parçasıdır. Türkiyənin bu qiymətli təklifi («Platforma») Rusiyanı bölgədəki 200 illik siyasətindən vaz keçirə biləcəkmi?»
Prezident Gülün Yerevana səfərindən sonra Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün aktiv diplomatiya fəaliyyəti aparılsa da, müzakirələrin daha çox sərhədin açılması, hər iki paytaxtda səfirliklər açılması və Ermənistanın «soyqırım» iddialarından vaz keçərək, məsələni iki ölkə tarixçilərinin daxil olacağı müstəqil komissiyaya həvalə etməsi ətrafında yoğunlaşdığını görürük

Nazirin cavabının sualın mahiyyəti ilə əlaqəsi demək olar ki, yox idi - Türk diplomatiya idarəsinin başçısı bölgədə yaranmış vəziyyətlə bağlı hamı ilə söhbət etdiklərini demişdi. Daha sonra «Reutersin müxbiri dostum Tomas Grove gürcü nazirə sual verəndə Eka xanım Tomdan üzr istəyərək mənim sualıma cavab vermək istədiyini demişdi. Çünki, Eka xanıma görə, bölgədə meydana çıxan bütün silahlı münaqişələrin kökündə Rusiyanın siyasəti dayanırdı.

Sentyabrın 2-də Rusiya xarici işlər naziri Sergey Lavrov İstanbulda Ali Babacanla görüşdü. Mətbuat konfransında Lavrova ilk sualı mən vermək istəsəm də taktiki səhvim söz almağımı əngəllədi. Cənab Lavrov məndən soruşdu ki, hansı medianı təmsil edirsən - Türk mediasını dedim. Gərək rus mediasını deyəydim-sağlıq olsun-növbəti dəfə. Mənə hörmətli Babacan söz verməli imiş-ancaq nazir bəy heç üzünü döndərib mənim tərəfimə baxmağı lazım bilmədi. Sergey Lavrov orda elə əsdi-coşdu ki, «Saakaşvilinin qanlı rejimini» silahlandıran NATO ölkələrini» top atəşinə tutmaqdan belə çəkinmədi. Deyəsən, NATO üzvü olan ölkənin yanında duran xarici işlər nazirinin səssiz qalması da, Lavrovu urəkləndirmişdi. «Qafqaz sabitlik və əməkdaşlıq Platforması» ilə bağlı danışanda Lavrov, bunun Uzaq Şərq ölkələrinin ticarət ittifaqlarına bənzəyəcəyini dedi. Yəni, heç bir ölkə «Platforma»da siyasət diktə etmə gücünə sahib olmayacaq. Heç bir nazir o vaxt «Platforma»nın gələcəkdəki taleyi barədə konkret heç nə deyə bilmirdi.

Ancaq mənim diqqətimi cəlb edən başqa məsələ idi bu prosesdə: Orta Şərq, Afrika, Avropa Birliyi və Amerika məsələlərində həmişə ön planda olan baş nazirin xarici məsələlər üzrə baş müşaviri professor Ahmet Davutoğlu «Qafqaz sabitlik və əmekdaşlıq Platforması» ilə bağlı müzakirələrdə də eyni yerdə idi. «Platforma»nın başqa bir memarı isə Türkiyə xarici işlər nazirliyi icra aparatı rəhbərinin müavini, Bakı və Bağdaddakı keçmiş səfir Ünal Çeviköz idi.

Bugünkü durum: Prezident Gülün Yerevana səfərindən sonra Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması üçün aktiv diplomatiya fəaliyyəti aparılsa da, müzakirələrin daha çox sərhədin açılması, hər iki paytaxtda səfirliklər açılması və Ermənistanın «soyqırım» iddialarından vaz keçərək, məsələni iki ölkə tarixçilərinin daxil olacağı müstəqil komissiyaya həvalə etməsi ətrafında yoğunlaşdığını görürük. 1.5 ay əvvəl Ermənistan xarici işlər naziri İstanbulda olarkən Yerevandan gələn rəsmi nümayəndələrdən aldığımız bilgilər də bunu təsdiqləyirdi: onlar deyirdilər qeydsiz-şərtsiz şəkildə sərhədin açılmasını və diplomatik münasibətlər yaradılmasını istəyirik. «Platforma»nın İstanbulda keçirdiyi son toplantıdan 10 gün əvvəl Eduard Nalbandyanın verdiyi «Sərhədin açılması və diplomatik münasibət yaradılması üçün Türkiyəyə heç bir güzəştimiz olmayacaq»- şəklindəki açıqlaması isə Türk tərəfi üçün ürək açan mesaj olmamışdı.
Keçən həftə professor Davutoğluya «Rusiya ilə Türkiyənin bölgədəki maraqları nə qədər üst-üstə düşür ki, eyni Platformada əməkdaşlıq edirlər. Axı başda NATO olmaqla Türkiyənin müttəfiqi olan başqa ölkələrin də bölgədə həyati əhəmiyyətli maraqları var» sualıma professor Davutoğlu «Biz bölgə ölkələri arasında mövcud olan problemlərin sülh və dialoq yoluyla həll edilməsinin tərəfdarıyıq» - deyə cavab vermişdi. Professor Davutoğlu Azərbaycan torpaqlarının 20%-inin işğal altında olduğu, Gürcüstanın rus işğalı nəticəsində faktiki olaraq parçalandığı, Rusiyanın Ermənistana bir ildə 800 milyon dollarlıq silah satdığı bir dönəmdə diplomatiya və dialoqun nə dərəcədə kara gələ biləcəyinə dair sualımızı isə cavabsız qoymuşdu.

Məsələyə praqmatik yanaşan təcrübəli diplomat, ana müxalifətdəki CHP sədrinin müavini Onur Öymendən isə bu suala belə bir cavab almışdım: «Əməkdaşlığın olması üçün Rusiyanın bölgədəki siyasətindən vaz keçməsi lazımdır. AKP hökuməti isə Rusiyanı yenidən bölgəyə çəkməyə çalışır». Köklü ənənələrə malik Türk diplomatiyasında son vaxtlar yaşanan nəticəsiz ziqzaqlar təəccüb doğurur.

«Platforma»nın nə vaxt rəsmən elan ediləcəyini gözləmədən deyə bilərəm ki, yuxarıda qeyd etdiyimiz məsələlərə fokuslanan növbəti görüşdə də tərəflər hər hansı konsensusdan uzaq olublar. Türk siyasətinin maraqlı simalarından olan Nəcməttin Ərbakan bu duruma «Faso-fiso» deyərdi. Ərbakanın üslubu üçün darıxıram bəzən...

Şərhləri göstər

XS
SM
MD
LG