Keçid linkləri

Tayyip bəyin «kükrəməsi»


Türk qəzetlərinə baxanda Tayyip bəyin «Davos kükrəməsi»ni qiymətləndirən yazarların narahat olduğunu görürdük

Türk qəzetlərinə baxanda Tayyip bəyin «Davos kükrəməsi»ni qiymətləndirən yazarların narahat olduğunu görürdük

Davosdakı Dünya İqtisadi zirvə toplantısını İsrailin Gazzadakı hərbi əməliyyatlarını tənqid edərək yarımçıq qoyan Türkiyə baş naziri aeroportda coşqunluqla qarşılanmışdı. Axırıncı dəfə bu coşqunluğu mən Türkiyə yığma komandasının 2002-ci ildə Yaponiyada dünya üçüncüsü olub İstanbula qayıdanda futbolçuları qarşılama mərasimində görmüşdüm.
Küçə-bacanın nəbzini tutmaq üçün «kükrəyiş»dən bir gün sonra İstanbulun mərkəzi İstiklal prospektinə çıxmışdım - çoxluq Tayyip bəyin tərəfində idi. Qatı Fənərbaxçalı olmasına baxmayaraq, Türkiyə baş nazirinə dəstək «Aslanım» sözü yəni, Qalatasaray komandasının simvolu ilə ifadə edilirdi. Hər halda Davosun verdiyi əhval-ruhiyyənin də təsiri ilə olacaq ki, hökumət başçısı yanvarın 30-da 2 metro stansiyasını xidmətə açanda «Yeraltı nəqliyyat şəbəkələrimiz artıq Moskva, London və Parisdən fərqlənməyəcək»-,dedi. Bir az şişirtdi deyəsən, imkanları. Hökumət başçısını tərəfdarları coşqunluqla qarşıladı - bu, məsələnin hissi tərəfidir. Bəs ölkə siyasətini analiz edən əhli-qələm Tayyip bəyin «Davos kükrəməsi»ni isti-isti necə qiymətləndirmişdi?
Bəri başdan deməliyik ki, İsrail ilə yaxın hərbi münasibətləri olan Silahlı Qüvvələrin Baş Qərargahından verilən açıqlamada «Milli mənafeyi ön planda tutacaqlarını» vurğulandı. Yəni, generallar hökumət başçısının «kükrəyişi»nə iştirak etmədiklərini nümayiş etdirdilər


Qəzetlərə baxanda Tayyip bəyin «Davos kükrəməsi»ni soyuqqanlılıqla qiymətləndirən yazarların durumdan narahat olduğunu görürdük. Məsələn, «Vatan» qəzetinin baş yazarı Güngör Mengi Ərdoğanın Davosda müzakirə salonunu tərk etməsini belə şərh etmişdi: «Gəzzadakı faciəyə reaksiya göstərmək onun haqqıdır, ancaq baş nazir romantikliyinə görə dialoq qurulması qeyri-mümkün olan bir həvəskar kimi davranmışdır. Prezident Gül və xarici işlər naziri Babacan belə Hamas dəstəkçisi kimi görünməkdən uzaq durarkən baş nazirin hansı narahatlıqla ərəblərdən daha çox Hamasçı kimi davrandığını anlamağa hamımızın ehtiyacı var. Dünənki rəzalət ölkəmizin bölgə məsələlərindəki vasitəçilik roluna zərər vermişdir. Baş nazirin qəzəbi unudulmayacağına görə beynəlxalq arenada heç bir həmkarı onunla danışmaq istəməyəcəkdir».

Orta Şərq məsələləri üzrə önəmli mütəxəssislərdən olan Ruşen Çakır Davosda Tayyip Ərdoğanın İsrail prezidenti Şimon Peresin tələsinə düşdüyünü iddia edərək demişdi: «AKP hökumətini son illərdəki Fələstin siyasətinin bütün mərhələlərində dəstəkləmiş adam olaraq dünən yaşananlar qarşısında iki arada-bir dərədə qaldığımı etiraf etmək istəyirəm».

Tayyip Ərdoğanın Davosda İsraili ağır şəkildə tənqid edərək toplantı salonunu tərk etməsini son illərdə yaşanan proseslərin təzahürü saymaq olardı. Belə ki, 3 il əvvəl Fələstində keçirilən seçkidə Hamasın qalib gəlməsindən sonra o təşkilatın liderlərinin gizli şəkildə Ankaraya dəvət edilməsi İsrail və ABŞ-ın sərt reaksiyasına səbəb olmuşdu. Keçən ilin iyununda Suriyanın paytaxtı Dəməşqdə Hamas ilə İsrail arasında imzalanan atəşkəs sazişində Tayyip Ərdoğanın önəmli rolunun olduğu qeyd edilmişdi. Dekabrın ortalarında Ankaraya gələn İsrail baş naziri Ehud Olmert Türk hökumətinin başçısı ilə 6 saat görüşmüşdü. Ankaranın iddiasına görə 6 saatlıq Ərdoğan-Olmert görüşündə İsrail baş naziri Hamasa qarşı hərbi əməliyyat keçirməkdən başqa çarələri qalmadığını demişdi. Bombardman günü Türk TV-lərinə çıxan İsrailin Ankaradakı səfiri də Ərdoğan-Olmert görüşündə Hamasa qarşı hərbi əməliyyat barədə Türk hökumətinin başçısını söz arasında xəbərdar etdiklərini açıqlamışdı.

Dekabrın 27-də İsrailin Gəzzada başlatdığı bombardmana Tayyip Ərdoğan sərt reaksiya verərək region ölkələrinə dəstək üçün getmiş, ancaq Misir, İordaniya, Suriya və Səudiyyə Ərəbistanından istədiyi dəstəyi ala bilməyərək Antalyaya dönüb «Allah zalımların cəzasını verəcək»- deməklə kifayətlənmişdi. O günlərdə Türk mediası Tayyip bəyin bu mövqeyini tənqid etmişdi. Zira Orta Şərq turnesindən əvvəl Məclisdə millət vəkillərinin qabağında danışanda «Biz baqqal dükanı yox, ölkə idarə edirik»- deyən hökumət başçısının «Allah zalımların cəzasını verəcək» - sözləri «Borcu olan müştəriyə baqqalın dediyi söz» kimi xarakterizə edilmişdi. Türkiyə ictimaiyyətinin son günlərdə Tayyip Ərdoğana yaraşdırdığı epitetlər arasında «Camal Abdul Nasirdən sonra Orta Şərqdəki yetim-yesirin sahibi»ndən başlamış «Bölgə Fatehi»nə qədər hər cür bənzətməyə rast gələ bilərsiniz. Belə görünür ki, «Davos kükrəyişi» Tayyip Ərdoğanın AKP-sinə 29 martdakı bələdiyyə seçkisində önəmli dərəcədə əlavə xal qazandıracaq.

Ancaq məsələ Türkiyənin «Davos kükrəməsi»ndən sonra nə qazanıb nə itirəcəyinə gəlincə- vəziyyətə başqa prizmadan baxmaq lazım gəlir. Bəri başdan deməliyik ki, İsrail ilə yaxın hərbi münasibətləri olan Silahlı Qüvvələrin Baş Qərargahından verilən açıqlamada «Milli mənafeyi ön planda tutacaqlarını» vurğulandı. Yəni, generallar hökumət başçısının «kükrəyişi»nə iştirak etmədiklərini nümayiş etdirdilər. Bunu bir tərəfə qeyd etməyə dəyər məncə. Hər nə qədər «Davos kükrəməsi»ndən bir gün sonra Peres və Ərdoğan telefonda danışıb atmosferi yumşaltmış kimi görünsələr də, ABŞ-dakı yəhudi lobbisinin açıqlamaları Türkiyə-İsrail münasibətlərinin gələcəyi ilə bağlı ciddi narahatlığı da özü ilə gətirib-gəlir. Belə ki, Ərdoğan hökumətinin Beynəlxalq Valyuta Fondu ilə imzalamağa hazırlaşdığı 25 milyard dollarlıq növbəti stand-by sazişi ilə müzakirələrin son mərhələsində Tayyip Ərdoğanın İsrail ilə konfliktə girməsi sazişin həm sərtlərinə, həm də imzalanması tarixinə mənfi təsir göstərə bilər. Beynəlxalq maliyyə qurumları ilə dəfələrlə sazişlər imzalayan Süleyman Dəmirəl də buna işarə edir «Davos kükrəməsi»ni şərh edərkən. Digər tərəfdən, ABŞ-daki yəhudi lobbisinin hər il əngəlləməyə çalışdığı «erməni soyqırımı» cəfəngiyatının bu il Konqresdən keçməsinə mane olmaya biləcəyi gündəliyə gəldi «Davos kükrəməsi»ndən sonra. Ümumiyyətlə isə müəyyən müddətdən bəri Vaşinqitonun Tayyip Ərdoğana keçmişdəki kimi dəstək vermədiyi və prezident Gül ilə daha yaxın dialoq qurduğunu iddia edənlər də az olmadığına görə «Davos kükrəməsi»ni bu iddialarda rolu olduğu iddia edilən yəhudi lobbisinə qarşı bir «əzələ nümayişi» kimi şərh edənlər də vardır.
(Məqalə videonun altında davam edir)

Fələstinin rəsmi üsuli-idarəsinə münasibətdə də Türkiyənin dövlət rəhbərləri arasında fikir birliyinin olmadığını da nəzərdən qaçırmaq olmaz. Belə ki, iki həftə qabaq verdiyi açıqlamada prezident Gül Türkiyənin dialoq qurduğu liderin Fələstin prezidenti Mahmud Abbas olduğunu desə də, baş nazir Ərdoğan 75% səs alaraq hakimiyyətə gələn Hamasla dialoqun qaçılmaz olduğunu vurğulayır. Orta Şərq məsələlərində limitsiz səlahiyyətlər verilən baş nazirin xarici məsələlər üzrə baş müşaviri Ahmet Davutoğlu da iki həftə əvvəl İstanbulda əcnəbi media nümayəndələrinə verdiyi brifinqdə Qərb ölkələrinin Haması qəbul etməməsinin bölgədəki vəziyyəti gərginləşdirən əsas faktor olduğunu bildirmişdi. Baş nazir Ərdoğanın da eyni mövqeyi hərarətlə müdafiə etməsi İsrail ilə münasibətlərin həmişə gərgin qalmasına kifayət edir.

Hə, bir də Tayyip bəy 4 il qabaq Amerikadakı ən böyük yəhudi lobbi təşkilatının qızıl medalını almışdı axı?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG