Keçid linkləri

Təcili xəbərlər

Oyuncaqsızlıq


Uşaqlığımızı sökük evimizin xarabalıqları arasında axtarırıq. Ev sökülür, yerində başqaları ucalır, dünənin damından su axan köhnə xudmani ev sabahın damıgörünməz zirvəsinə çevirilir.

Amma biz o köhnə evimizdə itirdiyimiz uşaqlığımızdan qopa bilmirik, axtarırırq hər yerdə onu – oyuncaqsız keçən uşaqlığımızı.

Biz keçmişimizi oynatdığımız oyuncaqlarda yaşayırıq. Kim oyuncağı ilə necə özləşibsə keçmişini də eləcə yaşayıb. İnsanınin evi, küçəsi, həyatı, anası olmayıb, sadəcə onun ouyuncaqlari olub müxtəlif adlarda.

Hər axşam əli çəlikli kişi evə gələndə mənə göy butulkada şirin su gətirərdi. Və o butulkalar mənim oyuncağım idi. Bir gün o kişi evə gəlmədi, göy butulkada şirin su da gətirmədi.

Sonralar hər axşam gözlərim şirin su dolu göy butulka həsrəti ilə qapıda qaldı, amma o axsaq, əli çəlikli kişi heç vaxt şirin su alıb əlində göy butulka ilə içəri girmədi. Sonradan anladım ki, mən qapıda əli çəlikli axsaq kişini deyil, əslində içindəki şirin suyu içib özünü oyuncağıma çevirəcəyim göy butulkanı axtarırdım.

Bu gün də uşaqlığımın bir hissəsinə çevirdiyim göy butulkalı uşaqlığıma qayıtmaq istəyirəm, çünki doymadım ondan.

Üzümüzdəki bəzi cizgilərin səmimiyyəti keçmişdən boylanır, zəifdir, “indi”yə boyun əymiş elastikidir. Üzdə ani olaraq görünür və dərhal itir. Bu cizgilər oyuncaqsız keçən uşaqlığımızın məhsuludur, özümüzlə onu böyüdüb, özümüzlə aparacağıq onu. Və ilk fürsətdə onu xatırlayıb uşaqlığımıza qayıdıb oynatmaq istədiyimiz oyuncaqları axtaracağıq.

Portret fotoqrafı heç vaxt obyektivdəki insana “zəhmət olmasa gülümsəyin” deyərək onun keçmişindən gətirdiyi cizgilərə yön verə bilməz. Fotoqrafın işi başqa şeydir. Xeyr, fotoaparatın kiçik pəncərəsində dayanmış insan o gününə qədər yaşadıqları ilə birgə olmalıdır səhnədə, bunları üzündə yaşatmalıdır təbii halı ilə.

Əlbəttə keçmişində tay-tuşunun velosipedinə həsrətlə baxıb hisslərini üzə çırparaq ağlayan uşağın bu gün böyüklüyündə bunları gizlədib fotoaparat obyektivinə gülümsəməsi səmimi deyil. Səmimi olan bu saxta gülümsəmədə gizlin qalmış velosipedsiz keçirdiyi uşaqlığının həsrətidir.

Fotoobyektivə düşən bütün yaş dövrü saxta olur, burda sadəcə “uşaqlıq” səmimidir, çünki onlar uşaqdırlar, utanmırlar, gülürlər – çünki gülmək istəyirlər, ağlayırlar – çünki ürəklərindən ağlamaq keçir.

Onlar fotoqrafın “zəhmət olmasa gülümsəyin” deyə verdiyi məsləhəti başa düşmürlər, çünki onlar hələ çox təmizdirlər. Gəncə şəhərində bir yataqxanada məskunlaşmış qaçqın uşaqlardan öyrəndim bunları. Onları fotoaparatın yaddaşına əldəymədən köçürürdüm, real həyatda olduqları kimi girirdilər fotoaparata. Bir zibillikdə çürümüş inək başları arasında uşaqlıqları üçün oyuncaq axtarırdılar. Və bu uşaqlar zibillikdən heç bir oyuncaq tapmadıqları halda yenə də gülümsəyirdilər və bu gülümsəmə səmimi idi, çünki onlar hələ də “indi”lərində oyuncaq tapacaqlarına ümüdlüdürlər.

Amma sabah gülümsəməyəcəklər, inanın. Keçmişini içi şirin su dolu butulkalar formasında xatırlayan biri kimi sizi əmin edirəm, əgər bu uşaqlar məhz bu gün həmin zibilliklərdə axtardıqları oyuncaqları tapa bilməsələr gələcəkdə mənim kimi əllərini fotoaparata deyil, həcmcə kiçik, mənaca böyük əşyalara atıb footoqrafın portretində çox qəzəbli dayanacaqlar. O zaman isə fotoqrafın cəsarəti çatmayacaq “zəhmət olmasa gülümsəyin” deməklə onları öz keçmişlərini unutdurmağa məcbur etsin.

(Fotoreportaja aşağıdakı fotoşəkilə daxil olmaqla baxa bilərsiniz)
XS
SM
MD
LG