Keçid linkləri

Təcili xəbərlər

Sürüşkən sərhədlər


Day.az bağlandıqdan bir neçə gün sonra medianı bu hadisənin səbəblərinə dair bir neçə versiya bürüdü
Day.az bağlandıqdan bir neçə gün sonra medianı bu hadisənin səbəblərinə dair bir neçə versiya bürüdü
Day.az da getdi. İndi onun yeni sahibi var (adı naməlum qalan bir təşkilat) və yeni baş redaktoru var - keçmiş DTK və MTN zabiti. Bu olayda o qədər simptomatik və ironik şeylər var ki, adam bilmir haradan başlasın.

Amma hər halda cəhd edək: Birinci elə bu xəbərlər saytını alan təşkilatın adının uzun müddət gizli qalması. Xəbər saytı olayları aşkara çıxarıb onları cəmiyyətə təqdim etməklə məşğul olmaldır. Bu ən azı onun funksiyasıdır. Burada isə xəbərlər saytına aid olan ən elementar məlumat - onun kimə məxsus olması ciddi-cəhdlə gizlədilir. Əcəba ictimaiyyət üçün daha mühüm əhəmiyyət kəsb edən olaylarda bu xəbər saytının yeni rəhbərliyi hansı xətti tutacaq? İkincisi, Day.az-ın yeni baş redaktorunun kimliyi. İlqar Hüseynov - 2004-cü ildən «Trend» agentliyinin direktoru olub, 1988-2000-ci illərdə əvvəl DTK, sonra isə MTN-in zabiti işləyib... Yenə də ironiya - xəbərləri gizlətmək biznesində karyera etmiş adam xəbər saytının rəhbərliyinə gətirilir. Bütün bunlar məsələnin yalnız üzdə görünən tərəfi barədədir ki, bu barədə hələ bir xeyli başqa şeyi də qeyd etmək olar. Amma ehtiyac varmı? Məsələnin siyasi kökləri də kifayət qədər qarma-qarışıqdır.

Day.az bağlandıqdan bir neçə gün sonra medianı bu hadisənin səbəblərinə dair bir neçə versiya bürüdü. Əvvəl belə bir fikir səsləndi ki, Day.az qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına da təsir etməsinə dair bir məlumat yayıb və həmin xəbər gedəndən bir gün sonra sayt qəzəblənmiş Azərbaycan rəsmiləri tərəfindən bağlanıb. Daha sonra belə bir fikir ortaya çıxdı ki, Berezovski ilə müsahibə və orada Vladimir Putinin xarici banklarda 40 milyard dollara yaxın pul saxlaması barədə verilən bəyanat Rusiyanı qəzəbləndirib və Azərbaycan hökuməti də Rusiya rəsmilərinin tələbi ilə Day.az-ı bağlayıblar. Hazırda demək olar ki, bu versiya müstəqil mediada bu müəmmanı izah edən hakim fikirdir.

Arada belə bir fikir də səsləndi ki, Day.az-ın həddən ziyadə liberal internet forumu Azərbaycan hökumətində təşviş doğurub və Rusiya məsələsi də bir bəhanə olub ki, bu müstəqil müzakirə mənbəyi qapadılsın. Bir neçə gün əvvəl «Yeni Müsavat» qəzetinə müsahibə verən Anar Məmmədxanlının özü təəccübünü gizlədə bilməyərək deyib ki, müxalif media onu Azərbaycan hökumətinə işləməkdə ittiham edərək asıb-kəsirdi, indi isə iddia edir ki, Day.az Azərbaycan hökumətinin basqıları nəticəsində bağlanıb. «İki həftə bundan qabaq bizim haqqımızda deyirdilər ki, guya biz monarxist rejimi dəstəkləyirik. Bu gün isə həmin sözü deyən adamlar bildirir ki, guya biz müxalifətik» deyir Anar Məmmədxanlı. Doğrudan da, Anar Məmmədxanlı, onun iş başından kənarlaşdırılmış baş redaktoru Elnur Baimov və ümumilikdə Day.az Azərbaycan hökumətinə müxalif mövqedə dururdumu? Sualın normal cavabı odur ki, yox, nə adı çəkilən şəxslər, nə də onların media projesi müxalifətə qulluq etmirdi. Elə «Yeni Müsavat»a verilən həmin müsahibədə Anar Məmmədxanlı prezident İlham Əliyevi bol-bol tərifləyir, ancaq...

Azərbaycanda siyasi mövqelər və siyasi fiqurlar çoxdan normal prizmadan qiymətləndirilmir. Azərbaycanda müxalif fikir zaman-zaman əzildikcə, müxalif fiqurlar zaman-zaman sıradan çıxarıldıqca, Azərbaycan hökuməti əcinnə ovunu şikarsız qoymamaq üçün öz sıralarında azacıq liberallıq (məsələn, Qabil Hüseynli, Eldar Namazov, Qulu Məhərrəmli, Mahal İsmayıloğlu və onlarca başqaları), yaxud sadəcə fərqlilik (məsələn Əli İnsanov, Sirus Təbrizli, keçmiş «91-lər»in sırasından xeyli sayda başqa insanlar) göstərən şəxsləri müxalifət elan edib və «vurub». Hazırda Azərbaycan müxalifətinin zəif durumuna baxan hökumət yəqin ki, Day.az-ı daha böyük təhlükə hesab edib və vurub. Bu nöqteyi-nəzəri əsas götürsək, bəli, Anar Məmmədxanlı müxalifətçidir, ya da ən azı Azərbaycan hökumətindəki rəqibləri tərəfindən bu ad altında «vurulub». Azərbaycan hökuməti siyasi azadlıqların sıxışdırlması sürətini artırdıqca həm iqtidarın, həm də müxalifətin sərhədləri dəyişir. Əvvəllər müxalif sayılmayan mövqe və fikirlər indi kifayət qədər müxalif çalarlar alır. Məsələn elə birini mən deyim.

Bir qədər əvvəl konstitusiya referendumu məsələsində İlham Əliyevin üçüncü dəfə prezident seçilməsi üçün Amerikadan presedent gətirən Anar Məmmədxanlı bir qədər sonra belə bir mövqe bəyan edir ki, o, ümumiyyətlə keçirilən konstitusiya referendumunun nə lehinədir, nə də əleyhinə. Bu bəyanat Heydər Əliyev dövründə iqtidarpərəst bir manevr kimi qarşılanardı və normal qarşılanardı. İndi isə... Uzun müddət xarici təhlilçilər Azərbaycan hökumətində mürtəce və liberal xətt tərəfdarlarını bir-birindən ayırmağa cəhd edirdilər və Heydər Əliyev dönəmində bu iki qanad arasında müəyyən bir balans saxlanılırdı.
2003-cü ildən bəri bu balans pozulub və proseslər sürətlə ona doğru gedir ki, Azərbaycan hökumətində liberal xətt tərəfdarı qalmasın. Azərbaycan hökumətinin sifəti getdikcə daha çox Ramiz Mehdiyev, Əli Həsənov, Vilayət Eyvazov, Vasif Talıbov kimi dövlət xadimləri ilə assosiasiya olunur. Təbii ki, belə bir müstəvidə Anar Məmmədxanlı, hətta Səməd Seyidov, Elmar Məmmədyarov, kimi adamlar belə kifayət qədər enerjili iqtidarpərəst siyasi xadimlər kimi nəzərə çarpmırlar və hər şey bununla bitmir. Bu adamlar getdikcə Azərbaycan hökumətindəki radikallara daha çox təhlükəli görünməyə başlayırlar. Günün sonunda bu adamlar müxalifətə doğru sürüklənirlər. Anar Məmmədxanlının şikayəti qulaqlarda cingildəyir: «Bəyəm mən müxalifətçiyəm?» Kişini döyə-döyə müxalifətçi edirlər.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG