Keçid linkləri

İlham Əliyevin dissertasiyasının mövzusu nədir?


Azərbaycan prezidenti siyasi elmlər doktoru olmaqla yanaşı, həm də tarix elmləri namizədidir

Azərbaycan prezidenti siyasi elmlər doktoru olmaqla yanaşı, həm də tarix elmləri namizədidir

Azərbaycanda elmi dərəcəsi olan siyasətçilər az deyil. Məsələn, Azərbaycan parlamentinin 124 millət vəkilindən 60 nəfərinin elmi dərəcəsi var ki, bunlardan 32 nəfəri hətta elmlər doktorudur.

Məlum olduğu kimi, Azərbaycan prezidenti də siyasi elmlər doktoru olmaqla yanaşı həm də tarix elmləri namizədidir. İlham Əliyevin bioqrafiyasında yazılıb, «1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi elmi dərəcəsi almışdır».

Elmi dərəcənin mövcudluğu dissertasiya müdafiə edən bütün siyasətçilərin tərcümeyi-halında mütləq var. Amma bir başqa mütləq cəhət də ondan ibarətdir ki, heç kimin dissertasiya mövzusu dilə gətirilmir.

Dünya informasiya dövrünün bu oğlan çağında Azərbaycanda bir nəfər də olsun siyasətçinin nə avtoreferatını, nə də dissertasiya mövzusunu tapmaq olur.

Bəzi alimləri başa düşmək olar. Onların sovet dövründə yazdıqları dissertasiyalar kolxoz və sovxozlara, damazlıq öküzlərə, sosializm yarışının təşkilinə və sair bu gün ancaq təbəssüm doğuracaq mövzulara həsr olunub.

Lakin İlham Əliyevin uzun axtarışlardan sonra əldə etdiyimiz namizədlik dissertasiyasının mövzusu istənilən alimin elmi fəaliyyətinin fəxri ola bilərdi.
«Müasir dövrdə Böyük Britaniyada müharibə əleyhinə hərəkat və siyasi partiyaların ona münasibəti». 1985-ci ildə Moskvada dərc olunan avtoreferatın tirajı cəmi 100 nüsxədir və maraqlıdır ki, prezidentin tərəfdarları belə bir faktı niyə ictimaiyyətin diqqətinə yad biliblər?

Bu gün baş verən hər hansı fenomenin izahını tapmaq üçün bəzən yüz, bəzənsə lap min illərlə geriyə baxmaq lazım gəlir.

Salam verərkən niyə əl tuturuq? Bu vərdişin kökləri qədim tarixə gedir. Bir-birinə əl uzadan insanlar göstərirdilər ki, silahları yoxdur – salamlarında səmimidirlər.

Və yaxud kef məclislərində şərab badələrini niyə toqquşdururlar. Bunun da cavabı orta əsrlərdən gəlir.

O zamanlar şəraba zəhər töküb kimisə zəhərləmək siyasi münasibətlərin üzvü bir hissəsi idi. Badələri toqquşdurmaqla şərablarını bir-birinə qatan insanlar əmin olurdular ki, bu gün onları heç kim zəhərləməyəcək.

Gətirilən misallardan görünür ki, bugünkü hərəkətlərin izahını dünəndə axtarmaq elə də pis fikir deyil.

Bu gün Azərbaycan prezidentinin elan etdiyi sülhpərvər siyasəti nə dərəcədə onun vaxtilə yazdığı elmi işin məğzi ilə izah etmək olar?

Bu fərziyyənin isbat cəhdi üçün iki misala müraciət edək.

Azərbaycanda prezidentlik məhdudiyyətinin aradan götürülməsi təklifinin müəlliflik hüququ kimə məxsusdur?

Birincilik uğrunda müxtəlif siyasətçilər arasında rəqabət getsə də, ağıla gələn əsas simalardan biri də millət vəkili Fəzail Ağamalıdır.

Haradan qidalanır tarix elmləri doktoru olan Fəzail bəyin bu fəlsəfəsi ki, Azərbaycan əhalisi öz taleyini tapşırmalıdır bir nəfərin öhdəsinə?

Fəzail Ağamalının dissertasiyasının mövzusu belə səslənir: «18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində Quzey Azərbaycan xanlıqlarında sosial-iqtisadi münasibətlər».

Və yaxud, müxalifət liderlərindən biri İsa Qəmbərin vaxtilə üzərində işlədiyi dissertasiyanın mövzusu belə olub: «İranda 1978 -79-cu illər inqilabı və ABŞ-ın İran siyasətində böhran».

Mənanı tuta bilirsiniz? Birinin mövzusunda «xanlıq», digərində isə «inqilab» sözləri yazılıb…

Əslində, bizim bu kiçik araşdırmanı lazımınca tərtib etsən, elmi dərəcə almaq iddiasına düşmək olar.

Niyə də yox? Qırt toyuqdan dissertasiya yazana elmlər namizədi demək olursa, siyasətçilərin davranış xüsusiyyətlərinin «onların elmi işləri ilə izahının konseptual analizinə» niyə bir dərəcə verilməsin?

Elmi ixtiranı bir abzasla ifadə etmək olursa, mürəkkəb müdafiə rituallarına lüzum varmı?
Məsələn aşağıdakı kimi.

Mövzu: «Qapıdan keçərkən niyə qadınları içəri birinci buraxırlar».

Nəticə: Qadınlara yol vermək ənənəsi daş dövründə meydana gəlib. O zaman mağaraya daxil olan əcdadlarımızı orada tez-tez vəhşi heyvanlar qarşılayarmış.

Ona görə də kandardan qadınlara yol verirdilər ki, əmin olsunlar: içəridə təhlükə var-ya yox.

Əlavə: Bu ənənənin Azərbaycan siyasətinə heç bir aidiyyatı yoxdur.

Baxın daha kimlərin dissertasiya mövzularını aşkar etmişik.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG