Keçid linkləri

Xatirə lövhəsi


Demokratiyasını bu və ya digər şəkildə inkişaf etdirməyə çalışan ölkələrin heç birində «xatirə lövhəsi» örnəyindən söhbət gedə bilməz

Demokratiyasını bu və ya digər şəkildə inkişaf etdirməyə çalışan ölkələrin heç birində «xatirə lövhəsi» örnəyindən söhbət gedə bilməz

Səhnə işıqlanır: «Prezidentin fərmanı ilə bəstəkar filankəs filankəsovun yaşadığı binaya onun xatirə lövhəsinin vurulması qərarlaşdırılmışdır».

Təəccüblənməyin, biz belə bir ölkənin vətəndaşlarıyıq. «Filankəs bu evdə yaşamışdır» sözləri ilə başlayan xatirə lövhəsinin də icazəsini birinci şəxsimiz verir. Bu gedişlə bizim yeddi maddədən ibarət Konstitusiyaya ehtiyacımız olacaq. TV-dəki xəbər proqramları «Danabaş kəndinin məktəbi» pyesində qazinin Nikolay padşaha, onun ailəsinə və vəliəhdə oxuduğu duanın bu günə adaptə edilmiş versiyasi ilə başlayacaq. Biz təbəələrə isə «Amin» demək qalacaq.

Bir ölkədə hakimiyyətin tək əldə bu qədər cəmləşməsi necə mümkün olur? Harda görünüb ki, dünyasını dəyişmiş yaradıcı şəxsin yaşadığı binaya xatirə lövhəsi vurmaq üçün icazə prezidentin sərəncamı ilə verilsin? Bu qədər səlahiyyəti əlində cəmləşdirən dövlət başçısı qabağına gələn hər xırda-xuruş fərman-sərəncama imza atmaqdan yorulub-usanmırmı?

Dövlətin səlahiyyətli saydığım nümayəndələrindən dəfələrlə soruşmuşam ki, prezident niyə xatirə lövhəsi sərəncamlarına imza atır? Bu ki, bir binanın üç nəfərdən ibarət idarəçisinin həll edəcəyi işdir?

Aldığım cavab həmişə eyni olub:

«Ə, biz yetişməmişik də? Əgər xatirə lövhəsi məsələsini sərbəst buraxsaq, hər kəs gedib öz binasına bir lövhə vuracaq».

Bir dövlət başçısının öz əlində limitsiz şəkildə iqtidar toplamasının gözəl örnəklərindən biri - xatirə lövhələri üçün verilən sərəncamlardır. Zira bu, totalitarizmin göstəricilərini belə aşıb-keçən bir örnəkdir. Elə isə müasir tərzdəki dinamik və demokratik dövlət üsuli-idarəsi iqtidarın tək əldə toplanmasını birmənalı şəkildə rədd edir.

Demokratiyasını bu və ya digər şəkildə inkişaf etdirməyə çalışan ölkələrin heç birində «xatirə lövhəsi» örnəyindən söhbət gedə bilməz. Çünki gənc və yaşlı demokratiyların hamısının önəm verdiyi başlıca cəhət yerli özünüidarəetmə orqanlarının, yəni bələdiyyələrin işinin təkmilləşdirilməsidir. Zira müasir dünyada bələdiyyəsiz dövlət olmadığı kimi, demokratiya da yoxdur. Bir daha gözümüzün qabağına gətirsək görəcəyik ki, 11 sentyabrda ekiz qüllələr vurulanda Nyu-York əhalisinin pənah apardığı adam qubernator, nazir, prezident yox, Nyu-Yorkun bələdiyyə başqanı Rudolf Culiani idi. O gunlərdə xalqın rəğbətini qazanan Culiani keçən il az qala ABŞ prezidentliyinə namizəd də olacaqdı.

Bu il məmləkətimizdə bələdiyyə seçkisi olacaq. Hələlik, bu seçkiyə hazırlığın əlamətlərini görmürük, «dərya kənarındakı şöhrətli məkan»ımızın başı martın 18-də keçirilməsi planlaşdırılan referenduma qarışıb.

Anlamaq mümkün deyil - 90% qalibiyyətlə nəticələnən prezident seçkisindən beş ay sonra dövlət başçısı seçilmə limitini aradan qaldırmaq üçün referendum keçirmək hansı ehtiyac və zərurətdən doğdu?

Ölkəni idarə edənlər bunun yerinə, payızda keçirilməsi planlaşdırılan bələdiyyə seçkisinə daha çox diqqət ayırmalı olduqları halda, niyə «referendum»u vacib bildilər?

Bələdiyyə seçkilərinə lazımı qədər diqqət yetirilsəydi, həm ölkədə demokratiyanın dərinləşməsi istiqamətində önəmli bir addım atılacaq, həm də dünyanın nəzərində «iştirakçı demokratiyaya önəm verən ölkə» imici qazanacaqdılar. Bələdiyyə seçkisi yerinə referendum yolunu seçməsi iqtidarın ölkədə yaratmaq istədiyi üsuli-idarə nöqteyi-nəzərindən də son dərəcə simvolikdir, yerli özünüidarəyə əhəmiyyət verməyən rejim «iştirakçı demokratiya»nın önünə baryer hörmüşdür.

Bələdiyyə seçkisi - referendum qovşağından «referendum» tərəfinə dönülməsi ölkənin, iş başında olanların təkrarlamağı sevdikləri «dövlətçilik» nöqteyi-nəzərindən də ziyanlı olmuş, «dövlət»in təbəələri əbədi köləlik hissinə qapılmışlar. Hakimiyyəti xalqla paylaşmaq yerinə, iqtidarı öz əlində daha çox toplamaq yolunu seçən məmləkətimizdən fərqli olaraq bütün Qərb ölkələrində olduğu kimi, məsələn, qardaş Türkiyədə də bələdiyyə seçkilərinə heç də yeni hökumətin müəyyənləşdiyi parlament seçkisindən az önəm verilmir.

Martın 29-da keçiriləcək bələdiyyə seçkisinə Türkiyədəki siyasi partiyalar keçən ilin yayından bəri hazırlaşmağa başlayıblar. Tayyib Ərdoğanın lideri olduğu Ədalət və İnkişaf Partiyasının bələdiyyə iqtidarına önəm verməsi təbiidir. Çünki AKP hökumətinin başçısı 1994-cü ildə dünya metropolu olan İstanbulun bələdiyyə başqanı seçiləndən sonra onun mərkəzi hakimiyyətə doğru gedən yolu açılmışdı.

Məhz İstanbul və Ankara bələdiyyə başqanlıqlarını qazanandan sonra Rifah Partiyasının o vaxtkı lideri Nəcməddin Ərbakan «iqtidarda olduqları bələdiyyələrin dastanlar» yazdığını örnək göstərərək, 24 dekabr 1995-ci ildəki parlament seçkisindən birinci partiya kimi çıxmağı bacarmışdı.

İqtidardakı AKP payız aylarında ölkənin cənub-şərqindəki önəmli vilayət olan Diyarbəkirdə seçkini udmaq üçün geniş səfərbərlik apardı. Hökumət partiyasının bu həmləsinə bölgədə xaos və anarxiya yaratmaqla cavab verən Demokratik Toplum Partiyasının tərəfdarları yenə də azyaşlı uşaqları polislə qarşı-qarşıya gətirmə taktikası həyata keçirdi. Seçki yaxınlaşdıqca iqtidar partiyasının ölkənin böyük şəhərlərində qalib gəlmək üçün səfərbər olduğunu görürük.

AKP İstanbul və Ankaradakı mövcud bələdiyyə başçılarını yenidən namizəd göstərdi. İqtidarla müxalifət arasında çox ciddi yarışa dönən 29 mart bələdiyyə seçkisi ərəfəsində bütün partiyalar namizədləri müəyyənləşdirərkən «yüz dəfə ölçüb, bir dəfə biçdilər». Bu baxımdan ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının İstanbulda göstərdiyi namizəd seçicilərin türk siyasətində görmək istədiyi yeni bir çizgini də özü ilə gətirib-gəldi: təmizlik və dürüstlük.

90-cı illərin axırında siyasətdə yaşanan kirlənmə 2002-ci ildə AKP-nin iqtidara gəlməsinə önəmli dərəcədə təkan versə də, 6,5 illik iqtidarı dövründə AKP verdiyi bir çox sözləri tutmadığı kimi, müəyyən müddətdən bəri siyasət meydanı Tayyib Ərdoğanın oğul-uşağının böyük qızıl firmasına gizli şəkildə ortaq olmasına dair xəbərlərlə çalxalanır. Bunun sənəd-sübutunu ortaya çıxaran adam isə ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının İstanbul bələdiyyə başqanlığına namizədi Kemal Kılıçdaroğlundan başqa heç kim deyildir.

Bir müddətdir ki, ortaya qoyduğu rüşvət sənəd-sübutlarıyla Ərdoğanın AKP-dəki iki müavininin istefasına səbəbiyyət verən Kılıçdaroğlu Ankara bələdiyyə başqanının da «səltənət»ini sarandan sonra ana müxalifət partiyası onu İstanbuldan namizəd göstərdi. Bələdiyyə seçkisi ərəfəsində türk siyasəti indiyə qədər çox da aşina olmadığı bir mənzərə ilə qarşı-qarşıyadır: ana müxalifət partiyasının namizədi sanki seçki təbliğatı aparmır, onun yerinə bu zəhməti Cümhuriyyət Xalq Partiyasının İstanbul vilayət təşkilatı çəkir. Adama elə gəlir ki, bu seçkidə Kılıçdaroğlunun rəqibi AKP-nin namizədi və mövcud bələdiyyə başqanı Kadir Topbaş deyil də, Tayyib Ərdoğan və bütövlükdə AKP-dir.

Sakit üslubuyla hər gün mediadan Ərdoğana müəmmalı suallar ünvanlayan Kılıçdaroğluna cavabları elə hökumət başçısının özü vermək məcburiyyətində qalır (qabaqlar Baş nazirin icra aparatı və AKP baş qərargahı Tayyib bəylə bağlı iddialara yazılı açıqlamalarla cavab verərdi).

K.Kılıçdaroğlunun ortaya qoyduğu sənədlər 29 mart bələdiyyə seçkilərinə yeni bir keyfiyyət qazandıraraq «təmiz siyasətçi» şüarını təbliğat dövrünün tədavülünə daxil etdi. Demokratiyanın ərdəmli tərəflərindən biri də bu deyilmi-xalqın istək və tələbləri üzərində qurulmayan və bu tələbə uyğun şəkildə yenilənməyən siyasət fəlsəfələri kimə lazımdır?

Ərdoğan Baş nazir kreslosuna bələdiyyə pilləkənindən keçərək oturmuşdu - 29 mart seçkisi hökumət başçısının kreslosuyla bağlı əndişəni də özü ilə gətirib-gələ bilər. Demokratiyanın başqa bir ərdəminin şəffaf seçki olduğu da burada ortaya çıxır. Dövlət imkanlarından partiyasının seçkidəki mənafeyi üçün istifadə etməyə cəhd edən hökumət başçısına ölkədə verilən reaksiyanın sərtlik dozası getdikcə artır.

Topluma hansı lazımdır? Referendum, yoxsa coşğulu təbliğatdan sonra keçiriləcək bələdiyyə seçkisi? Hakimiyyət monopoliyası, yoxsa iqtidarın öncəliklə bələdiyyələr vasitəsi ilə toplumla daha çox bölüşülməsi?

«Xatirə lövhəsi» divara kimin qərarı ilə vurulsun?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG