Keçid linkləri

Təcili xəbərlər

Böyük yollarda qocalan uşaq


Rzanın 8 yaşı var. Atasının alüminium məftilindən düzəltdiyi maşındır həyatındakı tək oyuncaq.

“Oyuncaqları sevirsən” sualına cavabı sadəcə gülümsəmə oldu. Sonra əlavə etdi: “Axı mənim oyuncağım yoxdur”.

Oyuncaqlar haqqında real təsəvvürü olmayan Rzanın gerçək oyuncaqları böyüklərin idarə etdiyi maşınlardır. Bəlkə də onun üçün günün ən maraqlı anları hər gün işıqforlarda “yaşıl”ı gözləyən maşınların arasında əlində əski parçası ilə gəzişib uşaqlığını axtararaq keçirdiyi 1 saatdır.

Qocalığında uşaqlığını xatırladan bu bir saat içində maşın pəncərələrindən boylanan üzlər və ona dəyən hələ fərqinə varmadığı sözlər olacaq.

Altı ailə üzvü ilə bir yataqxanada qaçqın həyatı yaşayır Rza. Evindən çox maşınlarla dolu yolları sevir. Yollar onun üçün insanın varoluşudur, gözlərindən oxunur.

Hər gün saat 12:00 – 13:00 arası Rza yollardadır. Başa düşmür özü, amma əlindəki əski parçası ilə maşınların pəncərələrini tələsik silib sonra boyu tam yetişmədiyi o silinmiş pəncərədən içəri boylanması onun fikirlərinə yön verəcək, nəinki rəngli təbaşirlərlə lövhələrində real həyat elementləri axtarılan sinif otağı.


Oxumağı sevir Rza, əlaçı olduğunu deyir, biz də inanırıq, çünki uşaqlar hələ kifayət qədər özlərini dərk etməyiblər yalan danışmaq üçün.

Amma yolları daha artıq sevir, əsasən də sürücülərin onun əski ilə silib təmizlədiyi pəncərə şüşəsini endirərək ona bağırıb söymədik də.

Yol kənarında fotoaparatın linzasını ona tuşlayırıq. Rza maşının pəncərə şüşəsini silir, və incə uşaq əlini pəncərəyə uzadır, pəncərə açılmır.

Bir başqa maşının pəncərəsi açılır, amma Rzanın əli yenə boşdur. Başqa bir maşın pəncərəsindən isə bağırtı səsi gəlir. Rza kədərlidir, səbəb isə ovcunun boş qalması deyil, ona bağıran insan üzlərinin qəddarlığıdır.

Bir az sonra Rza bütün olanları unudur və işıqforun növbəti “qırmızı”sının yanmasını, maşınların yenidən durmasını uşaq şıltaqlığı ilə yol kənarında rəqs edərək və ya sürətlə ötüb-keçən maşınlara əl sallayaraq gözləyir. Qəzəbli sürücülərin sifətlərini qısa bir zamanda unuda bilir, çox sonralar yenidən xatırlamaq üçün. Bir dəfə gördüyü insan sifətini sonralar min dəfə xatırlayacaq.

Saat 13:00-dır. Rza maşın yolundan səkiyə çıxır, evə getməyə tələsir. Bizimlə söhbət etmək üçün yetərincə vaxtı yoxdur, evə gedib nahar etməli və 14:00-da məktəbdə olmalıdır. Amma bir az da tələsik olsa onunla danışmağa nail oluruq. Səkidə otururuq, bizimlə danışa-danışa bu gün alın təri ilə qazandığı pulları cibindən çıxarıb sayır, uşaq ki uşaq.

Şalvarı cırıqdır. Amma o, yenə də həvəslə pullarını sayır, mən isə onun üzündəki təbəssümə baxıram. Yekəpər birinin bu incə uşaq barmaqları arasından əzik manat və qəpikləri zorla aldığı və bu uşağın üz cizgiləri, gözündən axan yaşlar fikrimdə canlanır və özüm də hiss etmədən onu özümə çox doğma biri kimi hiss edirəm, fotoya salıram gələcəkdə anlaşılmazlıqlarla üzə çıxacaq bu uşağı.

Ayrılanda isə o, məndən sadəcə əlimdə tutduğum qara qələmimi istəyir və yenə də gülümsəyir.

Rza gedir, yol qalır.
XS
SM
MD
LG