Keçid linkləri

Bu gün martın 8-i, bazar günüdür... Əslində, dincəlməliyəm, çünki qadınam və bu gün qadınların bayramıdır. Amma qələm əlimdə yenə iş başındayam. Və... bir suala cavab axtarıram:

Ay, Azərbaycan qadını, sənin ən böyük arzun nədir?

- Bütün həyatın boyu yaxşı yeyib-içmək, geyinib-gəzmək?

- Topdağıtmaz ev-eşik qurmaq?

- Varlı kişiyə ərə getmək?

- Ər çörəyi yemək?

- Öz karyeranı ağlından silmək?

- Yalançı diplom alıb cehizə qatmaq?

- Qız yox a, oğlan doğmaq?

- Ev xanımı olmağın dadını çıxarmaq?

- Qız ərə verib, oğlan evləndirmək?

- Özünü ailənə və balalarına fəda etmək?

- Və s. və i.a. bənzər şeylər?

Azərbaycan qadını, sənin bu dünyada ən böyük istəyin nədir?

...Heç bircə dəfə öz balana parçalanmış vətəndən söz açdınmı? Heç bircə dəfə rüşvətə, korrupsiyaya etiraz səsini ucaltdınmı? Heç bircə dəfə övladını demokratiya dolaylarında gəzdirib, tolerantlıqdan, plüralizmdən, seçkidən, vətəndaşlıqdan danışdınmı? Seçkini məzlum-məzlum saxtalaşdırmağa yardım edən müəllim rəfiqəni, həkim bacını qınadınmı?

Azərbaycan qadını, sənin bu dünyada ən böyük istəyin nədir?

Heç bircə dəfə evə haram pul gətirən ərinə “toy tutdunmu”? Heç bircə dəfə müdirinə, gizli də yox, açıq-açıq yaltaqlıq edən ərini atıb getməyi dilinə gətirdinmi? Heç bircə dəfə igidin oğluna “başını dik tut, əyilmə! Yalana dözmə! Zəifi qoru! Güclünün yox, haqlının yanında ol!” – söylədinmi?

Azərbaycan qadını, sənin bu dünyada ən böyük istəyin nədir?

...Əlbəttə, dahilər doğdun! Əlbəttə, qəhrəmanlar doğdun! Əlbəttə, öyünüb-qürrələnməli balalar yetirdin!

Amma vətəndaş doğdunmu? Amma peşə əxlaqını uca tutan peşəkar doğdunmu? Başqa xalqların önündə sənin üzünü ağardan Zərdabini oğluna örnək saydınmı?

Balalarını acıdil və yalansız Mirzə Cəlilin məzarı başına apardınmı? Pul yığıb, para toplayıb Məhəmməd Əmin Rəsulzadənin Ankaradakı Əsri
Məzarlığındakı qəbrini ziyarət etməyi niyyət tutdunmu?

Nyu-Yorkda – Azadlıq abidəsinin önündə şəkil çəkdirməyi arzuladınmı?..

10 oğula, 15 oğula yox, Azadlığa hamilə qaldınmı?

Azərbaycan qadını, sənin bu dünyada ən böyük istəyin nədir?

Şərhləri göstər

XS
SM
MD
LG