Keçid linkləri

İkitərəfli və regional münasibətlər nöqteyi-nəzərindən geridə qoyduğumuz həftənin Türkiyə üçün ən önəmli hadisəsi ABŞ-ın Dövlət katibi Hillari Klintonun Ankaraya səfəri oldu. Atatürkün mavzoleyini ziyarət edərək xatirə dəftərinə hərarətli sözlər yazan xanım Klinton Ankara ilə Vaşinqton arasındakı münasibətlərin bundan sonra da strateji əməkdaşlıq xətti ilə inkişaf edəcəyini bildirdi. Xanım Klinton ABŞ prezidenti Barak Obamanın aprel ayında Türkiyəyə gələcəyini də açıqladı ki, bu da Dövlət katibinin Ankaraya səfərinin önəmli sürprizi kimi qiymətləndirildi. Baş nazir Ərdoğanla görüşündə H.Klinton Türkiyədə media azadlığına qarşı hökumət və bilavasitə Tayyib Ərdoğan tərəfindən edilən haqsız hücumları da gündəliyə gətirərək dedi ki, siyasətçilərin mediada tənqid edilməyə yaxşı baxmadıqlarını biz də bilirik. Ancaq unudulmamalıdır ki, media azadlığı işləyən demokratiyanın bir parçasıdır.

ABŞ Dövlət katibinin Ankaranı tərk etməsindən sonra NTV-yə müsahibə verən Xarici İşlər naziri Əli Babacan prezident Obamanın 24 apreldəki illik müraciətində «soyqırım» kəlməsini tələffüz edə biləcəyindən narahat olduqlarını etiraf edib. Əli Babacan deyib:

«Seçki təbliğatı dövründə prezident Obama bu məsələ ilə bağlı düz 5 dəfə şifahi öhdəlik götürüb. Bir dəfə də ordakı erməni təşkilatlarına məktub yazaraq bu məsələyə dəstək verəcəyini bildirib. Bunu zaman göstərəcək. Mən o nöqtədə hələ də risq görürəm. Burda önəmli olan şey - ABŞ-ın yeni üsuli-idarəsinin Türkiyənin önəm verdiyi məsələlərə göstərdiyi həssaslıqdır».

Vaşinqtondan verilən məlumatlara görə, 7 apreldə Türkiyəyə gəlməsi gözlənilən prezident Obamanın Ermənistanla diplomatik münasibətlər yaratması və sərhəddin açılması üçün Ankaraya tövsiyə etməsi gözlənilir.

Martın 29-da keçiriləcək bələdiyyə seçkilərinin təbliğat dönəmində son mərhələyə girildiyinə görə, siyasi partiyaların hamısı meydanlardadır. İqtidar partiyası olmasına baxmayaraq AKP-nin təbliğata daha tez başlaması və rəqiblərindən 3 dəfə çox mitinq keçirdiyini görürük. İctimai rəy sorğuları İstanbul və Ankarada AKP-nin, İzmirdə isə ana müxalifətdəki CHP-nin qabaqda getdiyini göstərir. Ölkənin cənub-şərq bölgələrində isə bələdiyyələr uğrunda mübarizənin AKP ilə kürd təmayüllü Demokratik Toplum Partiyası arasında keçəcəyi gözlənilir.

Son günlərdə seçki təbliğatındakı üslubun sərtləşdiyinə şahid oluruq. Məsələn, Cümhuriyyət Xalq Partiyasının lideri Dəniz Baykal AKP lideri və Baş nazir Ərdoğana «silahla gəzən küçə qoçusu» dediyinə görə, hökumət başçısı ana müxalifət liderini məhkəməyə verərək ondan 60 min dollar təzminat tələb edir. Müxalifətdəki Milliyyətçi Hərəkat Partiyasının lideri Devlet Bahçeli isə Erdoğanı «ölkəni Səddam Hüseynin Baas rejimindəki metodlarla idarə etməyə çalışmaqda» günahlandıraraq, xalqın buna icazə verməyəcəyinə və seçkidə AKP-yə «Osmanlı şilləsi» vuracağına inandığını deyib. Siyasətçilərin bu sərt üslubu bələdiyyə seçkilərinə parlament seçkisi atmosferi verir.

29 martdakı bələdiyyə seçkisi ərəfəsində ölkədə ən çox mübahisə doğuran məsələlərdən biri Tunceli vilayət qubernatorunun AKP-nin tərəfdarlarına bu partiyanın adından yardım paylaması olub. Türkiyənin dövlət sistemi içində qubernatorlar Daxili İşlər nazirinin təqdimatı, Baş nazir və prezidentin qərarı ilə vəzifəyə təyin edilsələr də, onların iqtidar partiyası da daxil olmaqla hər hansı partiyanın lehinə çalışmaları qadağandır. Çünki bu, dövlət idarəçiliyində ədalətsizliyi özü ilə gətirib gəlir və dövlətə olan inamı sarsıdaraq ölkənin partiya dövlətinə doğru getməsi təhlükəsini yaradır. Tunceli qubernatorunun iqtidar partiyasının mənafeyinə çalışması ölkədə böyük narazılıq yaratsa da, Daxili İşlər naziri Beşir Atalay uzun müddət qubernator barədə heç bir tədbir görməmişdir. Ancaq müxalifətin, medianın və ictimaiyyətin təzyiqi nəticəsində nazir Atalay Tunceli qubernatorunun seçkiqabağı təbliğat dövründəki fəaliyyətini araşdırmaq üçün iki müfəttiş göndərib. Ali Məhkəmə də öz növbəsində, vəzifəsindən sui-istifadə etdiyindən şübhələnilən Tunceli qubernatoru barədə material toplamağa başlamışdır. Hər iki ibtidai istintaqın düzgün aparıla bilməsi üçün Daxili İşlər naziri Atalaya Tunceli qubernatorunu müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırması istiqamətində göstərilən təzyiqlər artır.
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG