Keçid linkləri

Bələdiyyə seçkisində parlament havası


Bələdiyyə seçkisi ərəfəsində siyasi üslubun sərtlik dozasını artıran Baş nazir Ərdoğandır

Bələdiyyə seçkisi ərəfəsində siyasi üslubun sərtlik dozasını artıran Baş nazir Ərdoğandır

Martın 29-da keçiriləcək bələdiyyə seçkisinə iki həftə qalmış Türkiyənin siyasi partiyaları arasındakı mübarizənin dozası o qədər şiddətləndi ki, sanki ölkə yerliözünüidarə yox, hökumət seçkisinə gedir. Yeddinci ildir ki, təkbaşına hakimiyyətdə olan AKP üçün 29 martdakı bələdiyyə seçkisi hər şeydən əvvəl Bş nazir Ərdoğanın 5 ay qabaq verdiyi söz baxımından böyük önəm kəsb edir. Çünki noyabr ayında seçki təbliğatı üçün meydanlara çıxan Tayyib bəy, lideri olduğu partiyanın 29 martda ikinci olması durumunda sədrlikdən istefa verəcəyini açıqlamışdı.

AKP-nin seçkiyə var gücü ilə hazırlaşması təbiidir. Çünki iqtidar partiyasının bir neçə önəmli vilayətdə bələdiyyə üsuli-idarəsini itirməsi müxalifətin güclənməsinə səbəb olacaq ki, bu da ilk parlament seçkisində hakim partiyanın əleyhinə bir faktora çevriləcək. Digər tərəfdən, Tayyib Ərdoğan keçmiş Baş nazir Turqut Özalın 1989-cu ildəki bələdiyyə seçkisində yaşadığı acı məğlubiyyət təcrübəsini yaşamaq istəmir. Belə ki, 1987-ci ildəki parlament seçkisində Ana Vətən Partiyasının iqtidarını 45%-lik səslə daha da gücləndirməsinə baxmayaraq, il yarım sonra keçirilən bələdiyyə seçkisində ANAP 21.6% səs alınca müxalifət lideri Süleyman Dəmirəl Turqut Özalı Baş nazir kreslosundan istefa verməklə birlikdə prezidentliyə namizədliyini verməməyə çağırmışdı. Müxalifətə qulaq asmayaraq prezident kreslosuna oturan Özal Dəmirəlin məşhur «21.6% səslə Çankayaya çıxılmaz» - sözlərini də Çankayaya aparmışdı. Özal 17 aprel 1993-cü ildə prezident ikən bu mübahisələr arasında dünyasını dəyişmişdi. Əgər AKP-nin 22 iyul 2007-ci ildəki parlament seçkisində aldığı 47%-lik səsdə, məsələn, 10%-lik azalma olarsa, müxalifətin vaxtından əvvəlki Məclis seçkisi üçün hökumətə təzyiqi qaçılmaz olacaq.

Bələdiyyə seçkisi ərəfəsində siyasi üslubun sərtlik dozasını artıran da Baş nazir Ərdoğandır. Şənbə günü hər biri 2 vilayətdəki mitinqdə çıxış edən iqtidar və müxalifət partiyaları liderlərinin bir-birlərinə dedikləri sözlərdən:

Tayyib Ərdoğan (Dəniz Baykala) - Hörmətli Baykal deyib ki, CHP 2011-ci ildə iqtidara gələcək. Hər halda onun dili dolaşıb -3011-ci ildə demək istəyirmiş.İndi hörmətli Baykal 70 yaşındadır, Allah uzun ömür versin. 3011-ci ildə də CHP-nin başında olacaq.

Dəniz Baykal: «Bəzi adamlar var ki, Baş nazir olub, ancaq adam ola bilməyib. Neçə-neçə adam var ki, Baş nazir ola bilməyib, ancaq adam kimi adamdır»

Dəniz Baykal (Tayyib Ərdoğana) - Bəzi adamlar var ki, Baş nazir olub, ancaq adam ola bilməyib. Neçə-neçə adam var ki, Baş nazir ola bilməyib, ancaq adam kimi adamdır.

Dövlət Bahçeli (Tayyib Ərdoğana) - Sən Molla Nəsrəddin lətifələri ilə öz ağlına görə, MHP-ni sorğu-suala çəkmə. Bəli, Molla Nəsrəddin evindən çıxıb tarlaya gedəndə tam şəhərin ortasında eşşəyindən yıxılıb. 3-4 uşaq Mollanın eşşəkdən yıxıldığını görəndə, Molla onlara hörmətlə cavab verərək deyib ki, onsuz da özüm eşşəkdən düşəcəkdim. İndi bu lətifəni xatırladaraq MHP-ni 2002-ci ildə «Eşşəkdən yıxılmış» kimi göstərirsənsə, onda bağışla, hörmətli Baş nazir, burda eşşək olaraq kimi anlayırsan? Hörmətli Baş nazir, ağzından çıxanı qulağın eşitsin. İndi MHP-yə dil uzatmaq yerinə, bu meydana çıx, millətə izah et: qaranlıq otaqlarda AKP sədri kimi qaranlıq əlaqələr yaradaraq necə bir qara ləkə ilə iqtidara gəldin?

Tayyib Ərdoğan (Dövlət Bahçeliyə) - Hörmətli Bahçeli, mənim kiminlə görüşməyim barədə bir şey bilirsən və bunu isbat etmirsənsə, namərdsən.

29 martdakı bələdiyyə seçkisi yaxınlaşdıqca siyasi partiyaların böyük şəhərlərdəki namizədləri tərəfindən həm rəqibləri, həm də ölkədə yarana biləcək gərginliklə bağlı iddialar ortaya atılır. Məsələn, seçkidə AKP-dən müəyyən dərəcədə səs «gəmirməsi» gözlənilən Səadət Partiyasının İstanbul bələdiyyə sədrliyinə namizədi professor Mehmet Bekaroğlu yaxın günlərdə «Ergenekon» əməliyyatı çərşivəsində yeni həbslər dalğası ola biləcəyini və yüksək rütbəli hərbçilərin və tanınmış şəxslərin polis nəzarətinə alınacağını iddia edir. Bekaroğlu AKP tərəfindən hazırlanan bu planın seçkidə daha çox səs almaq məqsədi güddüyünü vurğulayır.

«Ergenekon» əməliyyatının keçən həftə məhkəməyə göndərilən ikinci ittihamnaməsi də birinci ittihamnamə kimi xeyli qabarıq olması ilə diqqəti cəlb edir. İkinci ittihamnamədə «dövlət çevrilişinə təşəbbüs» iddiası ilə istefada olan iki ordu generalının 11 dəfə ömür boyu, «Cumhuriyet» qəzetinin 84 yaşlı baş yazarı İlhan Selçukun 64, Kanaltürk TV-nin keçmiş sahibi Tuncay Özkanın isə 31 il həbsi tələb edilir. Çoxu telefon danışıqlarına istinad edilərək hazırlanan «Ergenekon» ittihamnamələrində yüksək rütbəli general və zabitlərin terror təşkilatı ilə əlaqəsinə dair iddialar da vardır. «Ergenekon»un birinci ittihamnaməsinə əsasən başlayan məhkəmə prosesində həbsdə olan 48 nəfərdən 12-si sərbəst buraxılıb.

Gur təbliğatlarla müşaiyət olunan seçki kampaniyası topluma canlılıq gətirir - bunu etməyən üsuli-idarələr özlərini diri saya bilməzlər. Anarın «Evləri köndələn yar» pyesində tamadanı oynayan Yaşar Nuriyevin kürəkənin atasını təqdim edərkən kövrələrək dediyi kimi, o üsuli-idarələr - «ölüb».

Rejimlərin ölməməsi üçün demokratiya arzusu ilə...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG