Keçid linkləri

Təcili xəbərlər

Biz axı sənə demişdik...


Xalqımıza Novruz bayramı hədiyyəsi olaraq martın 18-də referendum keçirildi və konstitusiya dəyişdirildi
Xalqımıza Novruz bayramı hədiyyəsi olaraq martın 18-də referendum keçirildi və konstitusiya dəyişdirildi
Azərbaycan öz konstitusiyasını dəyişməklə inkişafın əksinə növbəti iri addımını atmış oldu. Maraqlıdır ki, konkret olaraq hazırkı prezident İlham Əliyevə görə Azərbaycan konstitusiyası artıq ikinci dəfədir ki, dəyişikliyə məruz qalır.

Birinci belə dəyişiklik 2002-ci ildə baş verdi. O zaman konstitusiya elə dəyişdirildi ki, prezident vəzifələrini icra edə bilmədikdə müvəqqəti olaraq dövlət başçısının vəzifələrinin icrası parlament spikeri deyil, baş nazir tərəfindən həyata keçirilsin. Beləliklə prezident öz varisini bir əmrlə asan təyin etmək imkanı əldə etdi. 2003-cü ildə prezident Heydər Əliyevin vəziyyəti qəfil pisləşəndə Azərbaycanın baş naziri Artur Rəsizadə də «xəstələndi» və İlham Əliyev baş nazir oldu. Baş nazir İlham Əliyev dövlət başçısı səlahiyyətlərini icra edə-edə prezident seçkiləri keçirdi. Qalib elan olundu. Artur Rəsizadə sağaldı. İlham Əliyev prezident oldu, Artur Rəsizadə isə yenidən baş nazir oldu. Bu «manevrin» üstündən 6 il keçmiş yeni bir konstitusiya dəyişikliyi zərurət ortaya çıxdı.

Xalq səs verdi və indi artıq prezident İlham Əliyev 2013-cü ildə Azərbaycanı başsız qoymayacaq və Azərbaycan xalqı 2013, 2018, 2023, 2028, 2032, 2037 və hətta 2042-ci ildə də (ömür vəfa etsə, təbii) İlham Əliyevə səs verib onu dövlətin başında saxlamaq imkanı əldə edəcək. Azərbaycanda keçirilən konstitusiya referendumunun anti-demokratik mahiyyəti həm onun zəruriliyini ortaya qoyan səbəbdə, həm də onun keçirilmə prosedurunda özünü o qədər aydın ifadə edir ki, siyasi təzyiqlərə məruz qalmayan nəzərlərin onu tutmasına heç bir çətinlik törətmir. Əvvəlki konstitusiya dəyişikliyi kimi indiki referendum da ona görə keçirilir ki, bir nəfər - İlham Əliyev prezident postunu əlində saxlaya bilsin. Heç referendum tərəfdarları da ortaya bu səbəbi pərdələyəcək başqa bir ciddi arqument tapıb ortaya qoya bilmədilər. Referendumun təyin olunması və keçirilməsi proseduru da kifayət qədər səmimi idi. Ötən ilin dekabrında parlament «xalqın sosial sifarişi» və YAP-ın təşəbbüsü ilə konstitusiya dəyişiklikləri üzrə referendum keçirmək təklifi ilə çıxış etdi.
Bu «manevrin» üstündən 6 il keçmiş yeni bir konstitusiya dəyişikliyi zərurət ortaya çıxdı. Xalq səs verdi və indi artıq prezident İlham Əliyev 2013-cü ildə Azərbaycanı başsız qoymayacaq və Azərbaycan xalqı 2013, 2018, 2023, 2028, 2032, 2037 və hətta 2042-ci ildə də (ömür vəfa etsə, təbii) İlham Əliyevə səs verib onu dövlətin başında saxlamaq imkanı əldə edəcək


Dekabrın 24-də, prezident İlham Əliyevin ad günündə Konstitusiya Məhkəməsi parlamentin təşəbbüsünü dəstəkləyən rəy verdi. İki gün sonra, heç bir geniş ictimai müzakirə aparmadan parlament sürətlə referendum keçirmək haqqında qərar verdi və xalqımıza Novruz bayramı hədiyyəsi olaraq Martın 18-də referendum keçirildi və konstitusiya dəyişdirildi. Beynəlxalq ictimaiyyətin də bütün bu prosesə reaksiyası gözlənilən və ənənəvi oldu. Avropada demokratik dəyərlərin qorunması və inkişafı məqsədi ilə yaradılmış Avropa Şurası bu məsələyə reaksiya verdi. Azərbaycandakı referendumdan iki gün qabaq - martın 16-da Avropa Şurasının Venesiya Komissiyası Azərbaycandakı konstitusiya dəyişikliklərinə dair xüsusi rəy ilə çıxış etdi. İnsaf naminə demək lazımdır ki, rəy çox professional səviyyədə hazırlanmışdı. Həmin rəydən bir neçə sitata diqqət yetirək: «Bir nəfərə istədiyi qədər prezident seçilmək hüququ vermək – demokratiya sahəsində geriyə doğru addımdır».

«Konstitusiyaya dəyişikliklər təklif edən sənəd özündə 29 sualda əks olunan sektoral dəyişiklikləri əhatə edir ki, bu sualların da hər birinə seçici ya hə, ya da yox cavabı verməlidir. Bu islahat nəticəsində ortaya çıxarılan məsələləri asanlıqla müəyyən etmək mümkün olsa da, sənəddə ümumən islahat ruhu çatışmır. Nəticədə, bəzi dəyişikliklərin məqsədini, zərurətini və yaxud onlar arasındakı əlaqəni başa düşmək bəzən çətin olur». «Bir qayda olaraq, belə demək olar ki, prezidentin qeyri-məhdud sayda seçilməsininə qoyulan məhdudiyyətlərin ləğvi demokratik nailiyyətlər baxımından geriyə doğru bir addımdır ki, bu yanaşma da 2009-cu ildə Venesuelada, 2004-cü ildə isə Belarusda keçirilən referendumlarda öz əksini tapıb və sonuncu halda Venesiya Komissiyası hətta Avropa demokratik standartları ilə birbaşa ziddiyyətə də işarə etmişdir». Etiraf etmək lazımdır ki, kifayət qədər sərt ittihamlardır. Düzdür sənəddən başa düşmək olmur ki, nəyə görə Belarusda prezidentlik müddətlərinə qoyulan məhdudiyyətin aradan qaldırılmasında «Avropa demokratik standartları ilə birbaşa ziddiyyət» müşahidə olunur, amma Azərbaycanda analoji addım atıldıqda belə bir hüquqi qiymət «geriyə doğru addım» formulu ilə əvəzlənir, Belarus təcrübəsi isə gözdağı kimi Azərbaycana göstərilir.

Amma bütün hallarda Azərbaycan referendumuna Avropa Şurası mənfi münasibətini gözlətmir və nüfuzlu bir təşkilat bu reaksiyanı Azərbaycan çatdırır... referendumdan düz iki gün əvvəl. Referendumdan iki həftə əvvəl isə Avropa Şurasının başqa bir qurumu - Yerli və Regional Hakimiyyətlər Konqresi konstitusiya dəyişiklikləri ilə Azərbaycanın Avropa Şurası qarşısında bələdiyyə qurmlarına aid öhdəlikləri arasında ziddiyyət aşkar edərək referendumun təxirə salınmasını təklif edir... martın 3-də. Hər şey sanki normal hüquqi məcrasında gedir və beynəlxalq təşkilatlar da Azərbaycandakı bütün hüquqpozmaları fiksasiya edirlər, lakin iri bir gecikmə ilə, onda ki, artıq proses başlanıb və onu geri qaytarmaq qeyri-mümkün bir həddə yetişib. Axı parlamentdə bu təşəbbüs qaldırıldıqda prezidentlik müddətlərinə qoyulan məhdudiyyətlərin ləğvinin qeyri-demokratikliyi barədə Azərbaycan hökumətinə müraciət etmək olardı. Proses işə düşməmiş onu önləmək üçün kifayət qədər ciddi addımlar atmaq olardı.

Bunun üçün həm Avropa Şurasının, həm ATƏT-in, həm da Azərbaycanı sonradan qeyri-demokratikliyə görə qınayacaq aparıcı demokratik ölkələrin hər bir resursu və imkanı var idi. Həm ATƏT-in, həm də Avropa Şurasının Bakıda ofisləri var və onlar ölkədəki siyasi proseslər barədə baş ofislə gündəlik əsasda əlaqə saxlayırlar. Aparıcı dövlətlərin Bakıda fəaliyyət göstərən ən azı bir neçə səfirliyi var ki, onlar təkcə mətbuatda deyil, televiziyada belə gedən əsas siyasi verilişlərin stenoqramlarını elə həmin günü hazırlayırlar və onu tərcümə edib rəhbərliyə çatdıra bilirlər. Belə olan halda Azərbaycan hökumətinin respublikanı aşkar diktaturaya sürükləməsinə niyə görə belə gec reaksiya verilməli idi? Kənardan adamda belə təəssürat yaranır, sanki beynəlxalq birlik də Azərbaycanda demokratiya məsələlərinə rəsmən əl yelləyib, sadəcə gecikən fiksasiyalarla Azərbaycan hökuməti ilə digər sahələrdə aparılan danışıqlarda uğurlu bazarlıq etmək üçün əlavə xal yığır. Elə bil, Azərbaycan hökumətinin növbəti bir utanc gətirən hərəkətini gözləyirlər ki, sonradan desinlər «mən axı sənə demişdim».

Bilmirəm enerji məsələsində, yaxud Qarabağ danışıqlarında Azərbaycan hökuməti özünün qeyri-demokratikliyini kompensasiya etmək üçün nə dərəcədə və hansı güzəştlərə gedir. Amma bu oyun deyəsən artıq köhnəlib. İndi bu oyunun sadə mahiyyətini təkcə Azərbaycandakı demokratik qüvvələr deyil, hətta xalqın siyasiləşməmiş kəsimi də başa düşür. Azərbaycan hökuməti də son hərəkətləri ilə göstərir ki, proseslərə məhz bu prizmadan baxır və ona görə də Azərbaycanı istədiyi hala və istədiyi əsrə sürükləyir. Bu cür şiti-şoru çıxmış oyun çətin ağlım kəsir ki, enerji və Qarabağ danışıqlarında da Azərbaycana qarşı əvvəlki effektivliyi ilə işləyə bilir və ondan güzəştlər qoparmaqda işə yarayır. Ortaya yenə sual çıxır: Onda bu nə şoudur belə?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG