Keçid linkləri

Demokratiya «uşqolları» - bələdiyyələr


AKP tərəfdarları seçkidə qələbəni bayram edirlər, 22 iyul 2007

AKP tərəfdarları seçkidə qələbəni bayram edirlər, 22 iyul 2007

Türkiyə 29 martda keçiriləcək bələdiyyə seçkiləri kampaniyasının son mərhələsinə girdi. Builki seçki mənə 15 il əvvəl keçirilən bələdiyyə seçkisini çox xatırlatdı. 1994-cü ildə keçirilən həmin seçkidə Türkiyə koalisiya hökuməti dönəmini yaşasa da, siyasi partiyalar rəqiblərini geridə qoymaq üçün ən yaxşı namizədlərini «seçki bazarı»na çixarmışdılar. Baş nazir Tansu Çiller dövlətə məxsus olan kəşfiyyat bilgilərindən Rifah Partiyasının İstanbul bələdiyyəsinə namizədi olan Rəcəb Tayyib Ərdoğanın əleyhinə mediada istifadə etsə də, ondan əvvəl iki dəfə rayon bələdiyyə sədrliyinə namizəd olub seçilə bilməyən Tayyib bəy bu dəfə dünyanın ən böyük metropollarından birinə mer seçilməyi bacarmışdı. O vaxtın Məclis sədri Hüsamettin Cindorukun qanunsuz olduğu iddiası ilə namizədliyinə qarşi çıxıdğı Rifah Partiyası millət vəkili Melih Gökçek isə Ankara bələdiyyəsinə sədr seçilərək millət vəkilliyindən istefa vermişdi. Çox həyəcanlı bir yarış olduğunu xatırlayıram. Türk siyasətini yaxından izlədiyim son 20 ildə ən həyəcansız seçki kimi 2004-cü ilin bələdiyyə seçkisi yadımda qalıb. Bu da təbii idi - çünki iqtidardakı AKP-nin parlament seçkisini təkbaşına udmasının üstündən cəmi il yarım keçmişdi və bu qədər qısa müddətdə təkbaşına iqtidarda olan bir partiyanın zəifləməsi mümkün deyildi.

Builki bələdiyyə seçkisini ən qısa şəkildə xarakterizə etsək, bunun AKP sədri və Baş nazir Ərdoğanla digər partiyalar və bəzi namizədlər arasında keçdiyini deyə bilərik. Çünki məsələn, İstanbulda biz ana müxalifətdəki Cümhuriyyət Xalq Partiyasının namizədi Kemal Kılıçdaroğlu ilə AKP-nən namizədi Kadir Topbaşın atışmasından çox, Tayyib bəyin Kılıçdaroğluyla mübahisəsinə şahid olduq. İzmirdə də habelə. Cənubi- Şərq bölgələrində isə namizədlərin proqramları yerinə, hökumət başçısının kürd təmayüllü DTP ilə mübahisələrini izlədik.

Builki təbliğat dönəmində iqtidar partiyası ilə müxalifətin mübahisələrinin onurğa sümüyünü sərt üslublar təşkil etdi. Belə ki, Baş nazir Ərdoğan siyasi rəqiblərini tənqid edəndə tez-tez «eşşək və palan» misalları çəkdi, «qabağına 5 qoyun qatıb otardırmağı» da müxalifət liderlərinə çox gördü. Tayyib bəyə ümumilikdə öz üslubu ilə cavab verən müxalifət liderləri, üslub çox sərtləşib nəzakət qaydaları tapdananda Baş nazir kreslosunda oturduğunu ona xatırlatmağı lazım bildilər. Tayyib bəy isə ona qarşı etika qaydalarından kənara çıxıldığı iddiası ilə ana müxalifət liderinə pul cəzası verilməsi tələbi ilə məhkəməyə müraciət etdi.

29 mart bələdiyyə seçkisinə gedən yolda diqqəti cəlb edən başqa bir cəhət - AKP-nin dövlət məmurlarını öz kadrları kimi işlətməyə çalışması və buna müəyyən dərəcədə nail olması idi. Məsələn, Türkiyə Cümhuriyyətinin qanunlarına görə, bütün partıyalara eyni məsafədə olan vilayət qubernatorlarının ilk dəfə bu seçki ərəfəsində iqtidar partiyasının lehinə çalışdıqlarına şahid olduq. Hətta iş o yerə çatdı ki, ana müxalifət partiyasının liderinə «bu seçkidə xalq Baykalı təcili poçtla göndərəcək» - deyən Aydın vilayətinin qubernatoruna Ədliyyə naziri Mehmet Ali Şahin sərt reaksiya göstərmək məcburiyyətində qaldı. Qubernatorun bir neçə günə vəzifəsindən uzaqlaşdırılması gözlənilir.

29 mart bələdiyyə seçkisinə gedən yolda diqqəti cəlb edən başqa bir cəhət - AKP-nin dövlət məmurlarını öz kadrları kimi işlətməyə çalışması və buna müəyyən dərəcədə nail olması idi
Və ya iqtidar partiyası ilə eyni gündə, eyni meydanda ana müxalifət partiyasının mitinq keçirməsinə «təhlükəsizlik tədbiri görə bilməməyi» səbəb göstərərək qarşı çıxan İstanbul qubernatoru. Muammer Gülerin həm ana müxalifət partiyasının iqtidar partiyası ilə eyni gündə, eyni meydanda mitinq keçirməsinə icazə verməməsi, həm də nazirliklərin vilayətlərdəki idarələrinin müdirlərinə məktub yazaraq onları həyat yoldaşları ilə birlikdə AKP mitinqinə dəvət etməsi ölkədə böyük narazılığa səbəb oldu. Vətəndaşların hamısına eyni məsafədə durması lazım olan dövlət qurumlarını lideri olduğu partiyanın lehinə işlətməsi Tayyib Ərdoğanın siyasi profilini də ortaya qoydu. Bələdiyyə seçkilərinin təbliğat dönəmi göstərdi ki, AKP sədri və Baş nazir Tayyib Ərdoğan mühafizəkar demokrata yox, bütün vasitələrlə hakimiyyətini qorumağa çalışan sosialist diktatora daha çox uyğun gəlir. Tayyib bəyin bu imicinin formalaşmasında onun özünə tərəfdar media qurumları yaratması, müxalif medianı susdurmaq üçün əlindən gələni əsirgəməməsi və özünə yaxın hiss etmədiyi sərmayə qruplarına göz verib-işıq verməməsi də təsirli oldu.

Burada məmləktimizin dövlət sistemi ilə bağlı minlərlə qəribə faktdan birini xatırlamadan davam edə bilmədim. On il qabaq Müsavat Partiyasının lideri İsa Qəmbər NTV kanalının suallarına cavab verəndə Ankaradakı səfir Məmməd Novruzoğlu da ona cavab vermək üçün Ankara studiyasında gözləyirdi. Aparıcının «Məmməd bəy, hörmətli partiya sədrinin iddiaları ilı bağlı nə demək istərdiniz?» - sualına Novruzoğlu «Mənim yaşım-başım bunlara cavab verməyə uyğun deyil» - cavabını verərkən heyrətdən aparıcının gözlərinin necə bərələ qaldığını hamı gördü. Əvvəla, ona görə ki, təyin edilmiş bir adamın (səfirin) seçilmiş partiya liderinə belə sözlər deməsinə Türkiyədə rast gəlinməz. İkincisi, öz ölkəsinin vətəndaşı ilə bu şəkildə rəftar edən bir səfirin dünyada əmsalı çox nadir ola bilər. Üçüncüsü isə, adamdan soruşmazlarmı ki, sənə o kreslonu verən bu adamlardır. Niyə səfir fərmanın çıxanda demirdin ki, mənim yaşım- başım sizinlə işləməyə uyğun deyil? Dünyada əmsalı olmayan başqa bir örnək isə, akreditə olduğu ölkənin vətəndaşının başqa ölkənin səfirini məhkəməyə verməsi idi (Yahya Taşdelenin Məmməd Novruzoğlunu). «Olmaya cahanda dövlət» silsiləmiz - 29 martdan sonra davam edəcək, çünki «dövlət» məfhumu ilə bağlı canlı və cansız çox nadir nümunələrimiz var.

29 mart bələdiyyə seçkilərinə gedən yolun maraqlı təfərrüatlarından biri də ana müxalifət partiyası CHP-nin namizədi Kemal Kılıçdaroğlunun İstanbul bələdiyyəsinə getməsi oldu. Orda bələdiyyənin bir çox işçisi tərəfindən hərarətlə qarşılanan Kılıçdaroğlu proqramını İstanbul bələdiyyəsinin işçilərinə də izah etmək üçün yaxşı fürsət tapdı. Demokratiyanın ərdəmli tərəflərindən biri də elə bu deyilmi? Əgər günlərin bir günü hər 5 aydan bir 90%-lik səslərlə özünü daha da möhkəmləndirən iqtidarımız Bakı bələdiyyəsi adında bir qurum yaradarsa, siz müxalifətin o vəzifəyə namizədinin bələdiyyə işçiləri ilə görüşünü təsəvvür edə bilərsinizmi?

İkisindən biri doğru deyildir - ya yerli özünüidarəetmə sistemləri ilə bağlı dünayada cərəyan edən hadisələr, ya da məmləktimizdəkilər. Sizcə, hansı?

Şərhləri göstər

XS
SM
MD
LG