Keçid linkləri

Təcili xəbərlər

Seçki dərsləri


Bir az qəribə görünür, elə deyilmi? Həm seçkinin qalibisən, həm də nəticələrdən dərs çıxaracağını deyirsən
Bir az qəribə görünür, elə deyilmi? Həm seçkinin qalibisən, həm də nəticələrdən dərs çıxaracağını deyirsən
29 martdakı bələdiyyə seçkisinin nəticələrindən dərs çıxaracaqlarını açıqlayan ilk şəxs, seçkinin qalibi olmasına baxmayaraq, AKP lideri və Baş nazir Ərdoğan oldu. Bir az qəribə görünür, elə deyilmi? Həm seçkinin qalibisən, həm də nəticələrdən dərs çıxaracağını deyirsən. Tayyib bəy haqlıdır, çünki türk seçicisi 29 martda 6,5 ildir ki, hakimiyyətdə olan AKP-ni birinci yerdə tutmasına baxmayaraq, bu siyasi qurumun reytinqini 20 ay əvvəlki parlament seçkisinə nisbətən 8% azaltdı.

Bu, təkbaşına hakimiyyətdə olan və üstəlik, 29 martdan daha güclü çıxmaq istəyən bir partiyaya, futbol termini ilə desək, göstərilən sarı vərəqədən başqa bir şey deyildi. İqtidarına Ərdoğanın şəxsi ciddi-cəhdlərini də əlavə etməsinə baxmayaraq, AKP-nin bəzi bələdiyyələri müxalifət partiyalarına tərk etməsi iqtidarı dəstəkləyən media tərəfindən «dünya iqtisadi böhranının gətirib-gəldiyi geriləmə» kimi xarakterizə edlisə də, 29 martın nəticələrinə daha soyuqqanlı yanaşan şərhçilər 8% səs itirməyi hakim partiyada «ərimənin başlanğıcı» kimi şərh etməkdən çəkinmirlər.

29 mart bir daha göstərdi ki, rejimlərin öz varlığını və diriliyini sübut etməsi üçün dinamik seçkilərə hava və su kimi ehtiyacı var
29 martın nəticələrinə müxalifətin nöqteyi-nəzərindən baxanda iqtidarı devirmək istəyən partiyaların bu durumdan məmnun olduğunu deyə bilərik. Belə ki, 20 ay əvvəlki seçkinin nəticələri ilə müqayisə edəndə ana müxalifət partiyasının 29 martda 4%, digər müxalifət partiyasının isə 3% artıq səs aldığını görürük. Hər halda bu durum müxalifəti çox razı salıb ki, nə Dəniz Baykal, nə də Dövlət Bahçelinin 29 martdan hansı «dərsi almalarına» dair açıqlamalarını görmürük.

Əslində 29 martın nəticələri iqtidar partiyası qədər müxalifət partiyalarını da gələcəyə yeni perspektivdən baxmağa dəvət etməkdədir. Çünki təhlillər alınan nəticələrdə müxalifət partiyalarının liderlərindən çox, partiyaların adlarının və ənənəvi elektoratının önəmli rolu olduğunu ortaya qoymuşdur. Əgər müxalifət 29 martın nəticələrini daha ciddi şəkildə öz lehinə çevirmək istəyirsə, artıq qaçılmaz olan lider dəyişikliklərini bir an əvvəl həyata keçirməlidir. Əks-təqdirdə 29 martın nəticələrini vaxtından əvvəl parlament seçkisi üçün hökumətə təzyiq vasitəsinə çevirmək çətinləşəcək.

29 mart bir daha göstərdi ki, rejimlərin öz varlığını və diriliyini sübut etməsi üçün dinamik seçkilərə hava və su kimi ehtiyacı var. Seçkinin birincisi ilə ikincisi arasındakı fərqin 88% olmasının hansı mənanı daşıdığını oxucu desin. Çünki gecə saat 1-dir: mən 29 martın nəticələrinin eninə-uzununa müzakirə edildiyi proqramlardan ayrıla bilmirəm.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG