Keçid linkləri

Mixail Saakaşvili – onun halına acımalımı?


Saakaşvili sağa-sola baxıb fəxr etməli məqamlar da tapmalıdır

Saakaşvili sağa-sola baxıb fəxr etməli məqamlar da tapmalıdır

Mixail Saakaşvili haqqında danışmaq üçün uyğun bir məqamdır. İndi hər yerdə yazırlar ki, Saakaşvilinin sonu çatıb. Hamı deyir ki, onu yıxırlar. Bir tərəfdən də, birləşmiş gürcü müxalifəti çox əminliklə danışır, çox qəti tələblər irəli sürür.

İlk baxışdan adam Gürcüstan prezidentinin bu gününə acımalı olur. Amma dərindən düşünəndə, ona yalnız qibtə etmək olar.

Gəlin, əvvəlcə Saakaşvilinin halına acıyanlara cavab verməyə çalışaq. Tutaq ki, doğrudan da Saakaşvilini hakimiyyətdən getməyə məcbur edəcəklər. Məgər bu faciədir? Bir gün hakimiyyətə gələn kəs bir gün də gedəcəyini düşünməlidir. Normal hal budur. Həm də bu, mütərəqqi dünyanın normasıdır, tələbidir. Mütərəqqi adamların hakimiyyətə baxışı üçün aksiomadır. Biz öyrəşmişik ki, kimsə sülaləsi ilə hakimiyyətdə əbədi otursun, bərk-bərk yapışıb, onu əldən verməmək üçün hər cür amansızlıq etməyə hazır olsun. Faciə budur - həmin adamın özü üçün də, onun ölkəsi üçün də...

Amma Saakaşvili belələrindən deyil. O, prezidentlikdən sonra görəcəyi işi də bilir. Deyib ki, Qərb universitetlərində mühazirələr oxuyacaq.

İndi isə Saakaşvili üçün bu mürəkkəb zamanda yalnız bir vəzifə var. O, hakimiyyətini qorumağa çalışmalıdır, amma ölkəsinə və xalqına sağalmaz yaralar vuracaq, pis tendensiyalar yaradacaq addımlar hesabına yox. Hər şey ictimai faydalar və ziyanlar tərəzisinin gözünə qoyulmalı, ölçülüb-biçilməlidir. Hakimiyyəti qorumaq lazımdır. Xüsusən də, hakimiyyətin verilməsi Gürcüstanda başlayan islahatların sonu olacaqsa, qonşu ölkəni yenidən Rusiyanın təsirinə salacaqsa, bu, yanlışlıq olardı. Amma söhbət sadəcə hakimiyyəti verməkdən gedirsə, Mixail Saakaşvili vəzifəsini itirmək qorxusunu qətiyyən özünə yaxın buraxmamalıdır. İstefa və yeni seçkilərə hazırlıq - bu yolla hakimiyyətdən getmək də ona bir şərəf gətirərdi.

Meydanda olan onun xalqıdır. Saakaşvili sağa-sola baxıb fəxr etməli məqamlar da tapmalıdır. Qonşu Azərbaycanda xalq hakimiyyətin qorxusundan qınına girib. 15 nəfərlik piketə icazə verilmir. Gürcü xalqı isə səsini çıxarmağı bacarırsa, Saakaşvili bunu Vətəni üçün böyük uğur saymalıdır.

Gürcüstan prezidenti haqqında bəzi təzadlı məqamları müzakirə etmək olar. Lakin o, ölkəsinə gətirdiyi mütərəqqi yeniliklərə görə qibtə ediləsi bir adamdır. Fəxr edə bilər ki, ölkəsini aydın bir yola çıxarmağı bacardı. Qanunların işləməsi, insan haqlarına hörmət, korrupsiyanın və rüşvətin kifayət qədər azalması, məhkəmə ədalətinin bərpası və bir çox islahatlar onun adı ilə bağlı olaraq qalacaq. O, Gürcüstana demokratik dəyərləri dadızdıra bildi. Hətta Azərbaycanda ölkəsinə və özünə bir həsəd yaratmağa nail oldu. O, bizim region üçün də önəmli bir adamdır. Hakimiyyətdən getsə belə, onun ölkəsi üçün tarixi xidmətləri danılmaz olacaq. Odur ki, hakimiyyətini yalnız Gürcüstan naminə qorumalı, elə Gürcüstan naminə də ondan imtina etməyi bacarmalı, təmsil etdiyi demokratik dəyərlərə sadiq qalmalıdır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG