Keçid linkləri

«Doktor N.»


Doktor Nərimanın doğum günləri az qala unudulub.
...İlk əsərini – «Nadanlığ»ı cəmi 24 yaşında Bakıda yazıb. Dünyanın hər yerindən neft iyinə bu şəhərə axışırdılar. Mənim qəhrəmanım Qori Müəllimlər Seminariyasını bitirib (1890) Tiflis quberniyasının Qızılhacılı kəndində bircə il müəllimlik etdi. Bakıya köçdü. Elə güman etməyin ki, torpaq aldı, milyonçu olmağa tələsdı. Yox, o yaşadığı zamana sığmayanlardan idi. Şəxsi gimnaziyada iş tapdı. «Nadanlığ»ı yazdığı il Bakıda müsəlmanlar üçün ilk xalq qiraətxana-kitabxanası açdı. Qəzet-jurnal çap etmək məsələsini qaldırdı. Azərbaycan və rus dillərini öyrənmək üçün dərsliklər hazırladı. Rus klassiklərini dilimizə çevirdi. Və bir-birinin ardınca sizin də, mənim də dərsliklərdən xatırladığımız əsərlərini yazdı…

«Nadanlıq» Tağıyev teatrında tamaşaya qoyuldu!

1895-ci il yanvarın 28-də. Bizim üçün adi sayılacaq tarixi Nəriman bəy ölənəcən unutmadı. Üstündən 30 il sonra - 1925-ci il yanvarın 28-də oğluna yazdığı bitməmiş məktubda o gündən danışdı. Dostlarından təbrik teleqramı aldığını söylədi. 30 ildə heç bir şey etməmişəm - fikrinə düşdü (!). «Həmin müddəti mənim bu illərdə yazdıqlarımla müqayisə etdikdə utanmalı olursan» yazdı. İctimai fəaliyyətini qabardıb özünə təsəlli də verdi: «Əgər öz işimlə heç olmasa on nəfəri həmin «xəstəliyə» yoluxdurmağa nail olmuşamsa, deməli, mən hədər yaşamamış, bu geniş, lakin darısqal dünyada bir guşə tuta bilmışəm…»

Bitməmiş məktubda daha nələr var?

Çox böyük nigarançılıq var! Özü də bu hər sətirdə hiss olunur. «Əgər hələ yaşamaq qismətim varsa...»
Nəriman Nərimanov atası ilə, 1882
O buna da şübhəylə yanaşır və yanılmır! Kremldə 5 yaşlı Nəcəfə (təkcə onamı?) yazılan yarımçıq məktubdan əlli gün sonra, martın 19-da (bayramqabağı) o müəmmalı şəkildə dünyasını dəyişir. Onu Kremldə dəfn edirlər. Şəkil də var: mərhum tabutda, üzüaçıq, Gülsüm xanım (ömür yoldaşı) Nəcəflə qəmli-qəmli dayanıb. Zavallı ərinə yas saxlayır. Cələcəkdə onu nə gözlədiyindən xəbərsizdir. Onu biz bilirik: 23 yaşında yeganə oğlunu «Böyük Vətən müharibəsi» deyilən əjdaha udacaqdı...

«Bəlkə də sən bu sətirləri oxuyan vaxt bolşevizm olmayacaq»

Nəcəf o günü görmədi. Səbəbini artıq bilirsiniz. Nəcəfin yaşıdlarından xeylisi «o günü» gördü.

«Mən insanın insan tərəfindən istismarının əleyhinəyəm» - bu sözlər də həmin məktubdandır.

«Mən sosial-demokrat idim, lakin bu təşkilat getdikcə daha çox idealdan uzaqlaşır» - bu da.

«…bir çoxlarının cəsarəti çatmadığı, öz vəzifə və hakimiyyətlərini itirəcəklərindən qorxaraq susduqları şeylər haqqında sənin atan danışmaqdan çəkinməmişdir» - MK-ya yazdığı ərizəsinə eyham vurur.

«Mənim əziz Nəcəfim! Hakimiyyət dalınca qaçma, çünki o adamı korlayır». Bu da doktor Nərimanın oğluna vəsiyyətidir. Davamı daha maraqlı və aktualdır:
Nəriman Nərimanov Həştərxanda sürgündə, 1909
«Hər dəfə dərk edəndə ki, səni hakimiyyətə qabiliyyətin üçün deyil, məcburən təyin etmişlər, onda sən daim vicdan əzabı çəkəcək, öz mənliyini təkcə kütlə qarşısında deyil, öz qarşında da itirəcəksən». Və məktubun ən sarsıdıcı yeri: «Bəlkə də sən bu sətirləri oxuyan vaxt bolşevizm olmayacaq!»

Bitmək bilməyən məktub

Məktub bitməyib. Hələ də yazılır. Bunu mən demirəm. Tanınmış yazıçı Çingiz Hüseynov deyib. Üç il öncə «Azadliq» radiosunun «İz» mədəniyyət proqramına. O vaxt onun «Bitmək bilməyən məktub» romanı yenicə çapdan çıxmışdı. Bu köşənin səs bölümünü tıklasanız, məktubun nə zaman bitəcəyini təxmin edə biləcəksiniz. Təxminlərinizi mənə də yazın...

«Doktor N.» - dən nə qaldı?

Ölümündən həmən sonra hər şeyi ört-basdır elədilər. Ancaq zəhərləndiyini hamı danışırdı. 30-40-cı illərdə gözəlim Azərbaycanda adını çəkmək, anmaq yasaq idi.
Nəriman Nərimanov ailəsi ilə, 1923
Səbəb: Kişi (Mir Cəfər) onu sevmirmiş! 1956-cı ildən sonra kitabları çap olunmağa başlayıb. 70-ci illərdə ona münasibət bir az da ilıqlaşdı (Kişi onu sevirdi), hətta Bakı yüksəkliklərinin birində heykəlini ucaltdılar (tələbəlik illərimizdə «Bakı soveti»nin qabağında dayanıb üzüyuxarı fəxrlə heykələ baxdığımızı xatırlayıram), ev muzeyini yaratdılar, adını metro stansiyasına, küçəyə, bağa qoydular. Sonra yenə unuduldu. Heykəlin qarşısında əzəmətli bina ucaldıldı. Metronun yanındakı bağdan təmir adıyla heykəli götürüldü (yəqin düşünüblər ki, bir heykəl yetər).

Daha onun doğum günləri də (14 aprel, 1870) az qala unudulub. Dörd il öncə «İz» proqramında dediyim xəbər hələ də aktualdır: Doktor Nərimanın 135 illik yubileyi bütövlükdə susqun qarşılandı.

Vəssalam. Ötən yüzilin ən məşhur və eyni zamanda ən ziddiyyətli şəxsiyyətlərindən birini - Nəriman Nəcəf oğlu Nərimanovu növbəti doğum günündə ötəri də olsa xatırlatmaq istədim. İndi söz sizindir!

Şərhləri göstər

XS
SM
MD
LG