Keçid linkləri

Dörd Əhməddən biri: Cəfəroğlu


Dilçi alim Əhməd Cəfəroğlu
Yer üzündən bu günəcən nə qədər Əhmədlər gəlib keçib? Sayı bilinməz! Qalan Əhmədlərlə işim yox, mənim üçün onların dördü çox əziz, çox önəmlidir. İşə bax ki, Əhmədlər eyni zaman kəsiyində yaşayıblar - ötən yüzilin 1-ci yarısında.

1-ci - Əhməd Ağaoğludur - böyük publisist, «Sərbəst insanlar ölkəsi»nin müəllifi, həm də potensial sakini;
2-ci - Əhməd Cavaddır - «hər gələcək mayıs içın ağlayan» istiqlal şairi;
3-cü - Əhməd Pepinovdur - cümhuriyyət hökumətinin əmək naziri olan böyük ziyalı;
4-cü - Əhməd Cəfəroğludur -- istiqlal çocuğu, dünya şöhrətli dilçi-alim.

4-cüdən başlamağa qərar verdim. Çünki aprelin 17-si Ə.Cəfəroğlunun 110 yaşı tamam olur.

Əsl adı – Əhməd İsmayıl oğlu Cəfərzadə olub

1899-cu ildə Gəncədə doğulub. 3 yaşında atasını itirib. Qohumlarının və anasının ümidinə qalıb. 1905-ci ildə erməni-müsəlman davası qalxanda ailə başını götürüb Səmərqəndə qaçır. Əhməd ilk təhsilini orda alır. Ara sakitləşəndə qayıdırlar Gəncəyə. Əhməd 1909-1916-cı illərdə Gəncə gimnaziyasında oxuyur. Sonra Kiyev Ali Ticarət İnstitutunun iqtisad fakültəsinə daxil olur. 3 semestr oxuya bilir. İmperiyanın çöküşü xaos yaratmışdı. 1918-ci ilin ortalarında Əhməd artıq doğma şəhərdəydi.

Əhməd Gəncədə Cümhuriyyətin tərəfdarı kimi

İstiqlal Bəyannaməsi yenicə elan edilmişdi, Gəncə müvəqqəti paytaxt idi. Əhməd İstiqlal savaşına qoşulur. Nuru Paşanın Qafqaz İslam Ordusu Cümhuriyyətin köməyinə gələndə, mənim qəhrəmanım artıq onların sırasındaydı. 1918-ci il sentyabrın 15-də Bakını Azərbaycanın paytaxtı elan edənlərin arasında kiçik topçu zabiti Əhməd də var idi...

Həyatının Bakı dövrü Cümhuriyyətin ömrü kimi gödək olur

Əhməd yenicə açılan Bakı Universitetinin (1919) tarix-filologiya fakültəsinin Şərq bölməsində oxuyur. Heyhat! Bu universitet də yarımçıq qalır. Cümhuriyyəti yıxırlar. Əhməd Gürcüstana, oradan da Türkiyəyə keçir.

Əhməd Fuad Körpülünün tələbəsi olur!

İstanbul Universitetinin dil-ədəbiyyat fakültəsinə daxil olur. Ünlü türkoloq Mehmet Fuad Köprülüdən dərs alır və axır ki, bu universiteti bitirir (1925). Bir il işlədikdən sonra yeni şans yaranır: Xarici İşlər Nazirliyinin təqaüdçüsü kimi Berlin və Breslan universitetlərinə göndərilir, tanınmış türkoloqların mühazirələrini dinləyir. 1929-cu ildə Əhməd Cəfəroğlu İstanbul Universitetinə filologiya doktoru kimi dönür. Əvvəlcə türk dili tarixi kafedrasının dosenti, professor olur, 1946-cı ildən Mehmet Fuad Köprülünün ölümündən sonra kafedra müdiri. Əhməd bəy həm də universitetin yanında fəaliyyət göstərən Türkiyyat İnstitutuna rəhbərlik edirdi.

«O, kitablardan öyrənən, qulaqdan duyan bir türkçü yox, bütün varlığıyla türkçülüyün tanıdıcısı idi»


Bu sözləri Əhməd bəyin həmkarı Səadət Cağatay yazıb və əlavə edib ki, o «öz dili ilə türkçü olduğunu söyləməzdi. Gördüyü işlər buna sübutdu». Bəs Cəfəroğlu nələr yapmışdı? Bu kiçik yazıda o böyük işlərdən necə danışım?

İlk öncə onu deyim ki, 1923-1969-cu illər arasında Əhməd bəyin müxtəlif ölkələrdə və dillərdə 350 əsəri çıxıb!

Cəfəroğlu Avropanın aparıcı universitetlərində türk dilinə və türkologiyaya dair mühazirələr oxuyub. Roma universitetində bir müddət çalışıb da.

Dünyanın ən məşhur elmi cəmiyyətlərinin, akademiyalarının üzvü idi.

Əhməd Cəfəroğlunun «Azəri ədəbiyyatında istiqlal mücadiləsi» kitabı
Türk Dil Qurumunun həqiqi üzvü idi. 30-cu illərdə bu qurumun Mustafa Kamal Atatürkün iştirakı ilə keçirilən toplantılarına da qatılıb.

1955-ci ildə o İspaniyanın «De Alfonso el Sabio» ordeninə layiq görülüb.

Əhməd Cəfəroğlu bir sıra türk dillərindən başqa, rus, fars, alman, fransız dillərini yaxşı bilirmiş.

«Azərbaycan Yurd bilgisi» dərgisinin (1932) yaradıcısı və baş redaktoru idi.

«Türk amacı» dərgisinin (1942-43) , «Türk dili və ədəbiyyatı məcmuəsinin» redaktoru olub.

Əhməd bəy uzun illər Azərbaycan siyasi mühacirətinin fəallarından olub. Məncə, həmin dərgilərdə yazdığı məqalələrin adları hər şeyi deyir: «Azərbaycanın böyük matəmi—27 nisan», «28 mayıs 1920», «Tarixin ilk Türk Cümhuriyyəti Azərbaycan» və s.

Cəfəroğlu bu qədər işin içində imkan tapıb Azərbaycan ədəbiyyatı tarixini, folklorunu da araşdırıb. Cəmi 3 əsərinin adını çəkəcəyəm: «Azərbaycan xalq ədəbiyyatında Aşıq Qərib dastanı», «XVII əsr Azəri şairi Məlik bəy Avçı», «Böyük Azəri türkçüsü Mirzə Fətəli» və s.

Onun Türk dil tarixi və türk dialektologiyasına dair araşdırmaları təkrar-təkrar çap edilərək,
indiyədək dərslik kimi istifadə olunur.

İnanın ki, çox şeyləri deyə bilmədim. Üzürlü sayın...

«Böhtançıya» necə cavab verildi?

Əhməd Cəfəroğlunun şöhrəti dünyaya sığmırdı. Di gəl, «Əsir Azərbaycanım»da (A.İldırım) onu tanımırdılar. Günlərin birində... o yada düşür! 1974-cü ilin martında. Əhməd bəyin 75 yaşı tamam olurdu (14 apreldə). Hər yandan təbriklər gəlirdi. Və... birdən Bakıda çıxan «Kommunist» və «Bakinski raboçi» qəzetlərində «Böhtançıya cavab» adlı yazı çıxır. Böhtançı da kim ola? Bizim bu Əhməd bəy! Onu «sovet həqiqətlərini» görməməkdə, antisovet fəaliyyətdə suçlayırlar... Ancaq bu cavabın bir xeyirli yönü də olur. Azərbaycan dünyaca ünlü qərib oğlundan soraq tutur (Yazıq Azərbaycanım!). Əhməd bəyi bu cavabdan tanıyanların içində indi tanınmış alimlər Vilayət Quliyev və Kamal Abdulla da vardı. Cəfərolu 1920-ci ildən çıxdığı şəhərə belə «dönür».

O, Bakıya bir də bu cavabdan 34 il sonra «gəldi» - «Mütərcim» nəşriyyatının çap etdiyi «Əhməd Cəfəroğlu, Seçilmiş əsərləri» kitabıyla. Vətəndə çıxan bu ilk kitaba görə prof. Vilayət Quliyevə (tərtib, çevirmə, müqəddimə və şərhlər) və prof. Kamal Abdullaya (elmi redaktoru) böyük təşəkkürlər düşür.

Cümhuriyyətin himnini yəqin o oxuyub!

Əhməd bəy 76 yaşını tamamlaya bilmədi. 1975-ci il yanvarın 6-da Vətəni görmədən dünyadan köçdü. «Həyatının sonuna qədər tam bir azəri olaraq qaldı» - bu da keçmiş tələbələrinin ustadları haqqında dedikləridir.

«Azadlıq» radiosunun arxivində 1965-ci il mayın 28-də bütün dünyadan Münhenə yığışan cümhuriyyət övladlarının oxuduğu himnin səsyazısı var («Səs»i tıklayın, eşidin). Hər dəfə onu dinləyəndə Əhməd Cəfəroğlunu xatırlayıram. Mənə elə gəlir ki, 1965-ci ildə Münhendə - radiomuzun studiyasında Cümhuriyyətimizin himnini oxuyanların içində o da olub - 4-cü Əhməd, Cəfəroğlu!

Şərhləri göstər

XS
SM
MD
LG