Keçid linkləri

Sovet dövrünün adamları aktyor Pyotr Oleynikovu yaxşı tanıyırlar. «Utolenie jajdı» onun axırıncı filmi olmuşdu. 1965-ci ildə ölən aktyor yalnız 1968-ci ildə - ölümündən sonra bu filmdəki roluna görə Ümumittifaq festivalda «Ən yaxşı aktyor işi» mükafatına layiq görüldü. Bu, onun ilk mükafatı idi. Öləndə isə xalqın çox sevdiyi bu aktyorun heç bir adı, statusu və mükafatı yox idi. Odur ki, onun fəxri xiyabanlarda dəfn edilməsindən söhbət gedə bilməzdi. Lakin başqa bir aktyor Boris Andreyev öz medallarını yaxasına taxıb Mossovetin sədri Promıslovun yanına gəldi. SSRİ xalq artisti və Dövlət Mükafatı laureatı Andreyev əlini stola çırpıb sual verdi: «Mənim Novodeviçyevdə dəfn olunmaq haqqım varmı? Mənə orada yer düşürmü?»

Novodeviçyevo Sovet İttifaqının 1-ci fəxri xiyabanı idi. Ən məşhur adamlar orada uyumağa ümid etmirdilər. Hətta 2-ci fəxri xiyaban sayılan Vaqanski məzarlığına da düşmək mümkün olmurdu.

Mossovetin başçısı isə qəti cavab verdi: «Xalq artisti və Dövlət Mükafatı alan bir adam kimi sizə bu qeyd-şərtsiz aiddir...»

Boris Andreyev isə səsini ucaltdı: «Onda mənim yerimə Pyotr Oleynikovu dəfn edin. Məni isə hara istəyirsiniz».

Elə də oldu...

Bu hadisə xalq yazıçısı, xalq artisti və s. bu kimi statusları yaradan bir dövlətdə baş vermişdi və bunu Azərbaycanda da bütün xalq yazıçıları bilirlər.

Mən isə bu hadisəni xalq yazıçısı Sabir Əhmədlinin Binəqədidə dəfn olunması ilə bağlı xatırladım. Halbuki, o, statusuna görə fəxri xiyabanların birində uyumalı idi. Statusu buna imkan verirdi və bunu tələb edirdi. Lakin icazə verilmədi. Hətta 2-ci Fəxri Xiyabana da.

Onunla vida mərasimi də olmadı. Sabir Rüstəmxanlının iki günlük çalışmaları da heç bir nəticə vermədi...

Bəs şəhid atası, xalq yazıçısı, dəyərli əsərlərin müəllifi üçün nədən bu yeri ona qıymadılar? Cavabım qəti olacaq: «Çünki Sabir Əhmədli bu hakimiyyətə yaltaqlanmırdı».

Harada dəfn olunması mərhum yazıçı haqda heç nəyi dəyişmir. Bizlər və gələcək nəsillər onsuz da onun uyuduğu qəbri fəxri bir məzara və ziyarət yerinə çevirəcəyik.

Amma bu qəbir indi həm də Azərbaycan həqiqətidir. Acı Azərbaycan həqiqəti. Qəbrin nurla dolsun, Sabir müəllim!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG