Keçid linkləri

Dünya köhnə dünyadır, ya təzə?


Bəs günorta tok-şouları? Onlar da «həp aynı».

Bu payıza oxşar yaz uzandıqca uzanır. Havadan üşürgələnib oturmuşam isti bir bucaqda - kompyuterin önündə. Yazıram: «Qobustan»ın qonşusu kim olsun? Bizim təmizlikçi xanım da təbii ki, öz işindədir. Fikri də məndə:

- Ay Sevda xanım, deyirəm, dünya yaman dəyişib. Əvvəllər hər idarədə makinaçılar olardı, şakha-şukla yazardılar. İndi hərə özü yazır...
Mənim fikrimsə öz yazımdadı: Ötən həftə Qobustanda olan «Azadlıq» radiosunun müxbirləri qəribə mənzərənin şahidi olublar. Ancaq xanımı da cavabsız qoymaq olmaz:

- Elədir - deyirəm, day bu sənin tanıdığın makinalardan deyil a, yaman çoxbilmişdi…

- Eh, nə deyirsən de, dünya əvvəllər gözəldi...İndi hər şey dəyişib, dadı-duzu qaçıb...
Qoruğun Kiçik daş hissəsində qum karxanası yerləşir!

- Yox, - deyirəm, elə demə. Dünya köhnə dünyadı və həmin anda Flora xanımın mahnısıyla bitirirəm sözümü:
Dünya köhnə dünyadı, sevgiləri təzədi...Elə havayla da ucadan oxuyuram (Qobustan yaddan çıxdı. Heç dünya əhəmiyətli Qoruğun yanında qum karxanası olarmı, ilahi?)

Hər yandan gülüş səsləri eşidirəm:

- Yenə oxuyun, yenə!

- Bircə o qalmışdı. Ölkədə oxuyan azdı?

İndi hamı oxuyur!

Bir test: Səhərlər oyanan kimi televizorunuzun düyməsini basın. Sonra kanalları 7 dəfə çevirin. Ancaq oxuyan-çalan görəcəksiniz! Bu azmış kimi, xora təzəlikcə yeni bir avaz da qoşulub. Yaxşı, tutaq ki, səhər-səhər yuxudan oyananların ovqatını düzəltmək istəyirlər. Bəs günorta tok-şouları? Onlar da «həp aynı». Qonaqlar da, söhbətlər də az dəyişir. Məsələn, ənənə və novatorluqdan danışmağa məcbur olan illərin sənətçisi onu xalqın qonaqpərvərliyi ilə qarışdırır! Və bu duzsuz söhbətlər uzandıqca-uzanır. Nə bəzəkli dekorasiyalar, nə xalı-xalçalar, nə də reklam edilən mebellər söhbətin cılızlığını, qonaqların şəxsiyyətsizliyini ört-basdır edə bilmir. Yadıma 70-80-ci illərin aparıcısı olduğum AzTV-si düşür (mən ona Tək TV deyirəm). İnanın, o TV-nin səviyyəsi indikilərlə müqayisə olunmaz!

Niyə bizim TV-lərdə, radiolarda insan yoxdur?

Uzağa getməyək, türk TV-lərinə baxaq: Zibillikdən butulka toplayıb satmaqla keçinən evsiz-eşiksizdən tutmuş, küçədəki əsnafadək hər kəs xəbər proqramının daimi personajıdır. Filan şeyə zam yapıldı, bəhmən şey qiymətdən düşdü, ölkə gəzisində olan baş bakana küçədə olan birisi söz atdı və s. və i.a. Bəs biz niyə dəyişmirik, görüb-götürmürük? Hələ türk xəbər spikerlərinin müdrikliyi, peşəkarlığı, xarizması (Mehmet Ali Birand, Uğur Dündar, Ali Kırca), özlərini xalqdan biri sayması (halbuki təkcə transferləri milyonu aşır) adamı heyran qoyur. Hələ maqazin proqramlarına baxıb qafasında fərqli Türkiyə quranlara zaman-zaman xatırlatmaları: gerçək Türkiyə o deyil, bax budur! Siz heç bizim TV-lərdə gerçək Azərbaycanı görmüsünüzmü? Mənə yazın!

Qara Bakının ən qara kəndi hansıdır?


Bizim təmizlikçi xanım qara Bakının ən qara kəndindən - Balaxanıdandır. Öz sözüylə desək, «nöyütün içindəndəndir». Bu kənd həm neft fontanlarıyla, həm də zibil poliqonuyla «ünlənib». Çirklənmiş torpaqlar üzündən o kənddə xəstə uşaqlar doğulur. O kənddə illərdir qışda qaz üzünə həsrət qalmışdılar, bu il həsrətə son qoyuldu. O kənddə bəzi məhəllələrə aylarla su gəlmir. O kənddə işsizlikdən bezən adamlar «yeni iş yeri tapıblar» - Balaxanı zibilliyi! Adını da bilirsinizmi nə qoyublar? DUBAY!

İndi mən sizdən soruşuram. Niyə o qara kəndin sakinləri bizim TV-lərin qəhrəmanına çevrilməsin? Yoxsa gerçək Azərbaycanın üzü səhərdən-axşamacan «vur çatlasın-çal oynasın» düşüncəsiylə yaşayanlardır? Niyə bizim təmizlikçi ötən günlərin - tək TV-li günlərin həsrətiylə yaşasın? Niyə mən onu ovundurmaq üçün Flora xanımın o mahnısını oxuyum?

Nərimanovun Stalinə məktubu...

Əlimdə çoxlu kitab girirəm ofisə. Yenə təmizlikçidir:

- Ay Sevda xanım, yenə bu nə kitablardır? Verin biz də oxuyaq.

- Nərimanovun Stalinə yazdığı məktubdu, al oxu!

- Yox, istəmirəm...

- Bəs nə istəyirsən?

-Pro lyubov, pro jizn!

Gülüb-gedirəm...Ah, bu «lyubov», ah bu «jizn!» Mən onu niyə kitablarda yaşamalıyam ki?!

Şərhləri göstər

XS
SM
MD
LG