Keçid linkləri

Təcili xəbərlər

Sabitlik, yoxsa yaxına qoyulmayan məsuliyyət?


Bu necə sabitlik və təhlükəsizlik tədbirləridir ki, xüsusi şəkildə hazırlanmış tapança ilə bir qatil universiteti qana boyaya bilir?
Son 2 ay yarımda iki önəmli cinayət - Hava qüvvələri komandanının qətli və Neft Akademiyasındakı qətliam. Hər iki halda bu faicələrə ən yüksək səviyyədə belə bir arqument irəli sürüldü ki, başqa ölkələrdə də bu cür hadisələr baş verir; ölkədəki sabitliyi pozmaq istəyənlər buna nail ola bilməyəcəklər.

Anlamaq mümkün deyil - başqa vaxt «Başqa ölkələri öz daxili işlərinə qarışmaqda» ittiham edənlər indi hansı məntiqlə Qərbdəki universitet qətliamlarını təsəlli kimi topluma təqdim edirlər? Axı Qərb ölkələrində baş verən hər qətliamdan sonra təhlükəsizlik üçün məsul olan insanların bir qismi kreslosu ilə vidalaşmalı olur.

Azərbaycanda isə dövlət məsuliyyəti deyilən bir məfhumdan iz-toz yoxdur. Ölkəni 10 il qorxu və dəhşət altında saxlayan Hacı Məmmədovun bandasına qarşı başarılı əməliyyat ictimai vicdana müəyyən ümidlər «sundu». Amma məhkəmədə Məmmədovdan Fərhad Əliyevə qarşı təzyiq vasitəsi kimi istifadə olunması və başda Daxili İşlər naziri olmaqla heç bir yüksək vəzifəli şəxsin istefaya göndərilməməsi bu istiqamətdə yana biləcək ümid işıqlarını söndürdü.

Bu necə dövlətdir ki, yüksək rütbəli polis məmuru 10 il onlarla adamı qətlə yetirir, bunun üçün məsuliyyət daşıyan nazir istefanı düşünmək yerinə TV-yə çıxıb keçmiş dövlət başçısını şantaj edir, «hələ uzun illər bu vəzifədə işləyəcəm» deyir? 10 vətəndaşın bir yerdə toplaşa bilmədiyi bir ölkədə bir generalın asanlıqla qətlə yetirilməsi necə mümkün olur?

Bu necə sabitlik və təhlükəsizlik tədbirləridir ki, xüsusi şəkildə hazırlanmış tapança ilə bir qatil universiteti qana boyaya bilir? Bunun üçün yenə də heç bir məsuliyyət daşıyan olmayacaqmı? Deyəsən, məmləkətin Cinayət Məcəlləsindəki maddələrin mahiyyəti də səhv-dəyişikdir axı? Çünki jurnalisti «terrorizmə dəstək verməkdə» suçlayan bir Cinayət Məcəlləsi generalın qətlinə «Qəsdən adamöldürmə və qanunsuz silah gəzdirmə» ittihamı ilə cinayət işi qaldırır? Neft Akademiyası qətliamına da «terror» maddəsi ilə cinayət işi qaldırılmayıb. Əgər belədirsə, onda məsuliyyət yenə də jurnalistlərin üzərinə düşəcək. Elə isə

«Bazarda soğanın qiymətinə də,
Bir bəhanə gərək, bir bais gərək.
Güllələyin şairləri -
Hamısına şairlər bais»

Məsuliyyəti yazarların boynuna qoyub «Sabitlik» nəğmələrinə davam....
XS
SM
MD
LG