Keçid linkləri

Mənə de 1 May nədir, sənə deyim neçə yaşın var. Əgər sən 1 May tarixini proletariatla əlaqələndirmirsənsə, uzağı 25 yaşın var.

Ümumiyyətlə, «proletariat» kəlməsinin nə olduğunu bilmirsənsə, deməli ondan da gəncsən.

1 Mayın qeyd edilməsi o qədər dərin və mürəkkəb tarixə malikdir ki, bu gün onu qeyd edən insanların çoxunun bu ənənənin haradan başlaması haqda xəbəri belə yoxdur.

1 May Amerikadan başladı

Tarix isə belədir. 1886-cı ilin mayında Amerikanın müxtəlif şəhərlərində fəhlə həmkarlarının çağırışı ilə kütləvi tətillər başladı. Tətilçilərin əsas tələbi 8 saatlıq iş gününün tətbiq olunması idi. Müxtəlif mənbələrə əsasən, 300 mindən yarım milyona qədər fəhlə işi dayandırıb kütləvi nümayişlərə başlamışdı.




1953-cü ildə Bakıda 1 may nümayişi - (YouTube portalı)
Mayın 4-də Çikaqonun Haydmarked meydanında tətil edən fəhlələrlə polis qüvvələri arasında qanlı toqquşma baş verdi, onlarla insan həlak oldu və yaralandı.

1887-ci ildə Haydmarked faciəsinin ildönümünü qeyd edən Amerika Əmək Federasiyası mayın 1-ni Fəhlələrin həmrəyliyi günü elan edib Amerikada kütləvi nümayişlər təşkil etdi.

Bundan sonra fəhlə hərəkatı liderləri arasında Çikaqo hadisələrinin yalnız Amerikada deyil, bütün dünyada qeyd olunması ideyası yarandı.

1 May dünyaya belə yayıldı

1889-cu il iyulun 14-də Avropanın sosial-demokrat təşkilatlarını özündə birləşdirən 2-ci İnternasional təşkilatı təsis olundu.

Təşkilatın Parisdə keçirilən konqresinə məktub yazan Amerika Əmək Federasiyasının sədri Samuel Qonpres mayın 1-nin Beynəlxalq fəhlə həmrəyliyi günü kimi qeyd olunmasını təklif etdi. Onun təklifi Konqres tərəfindən qəbul olunandan sonra Avropanın bir çox ölkələrində hər il mayın 1-də fəhlələr küçələrə çıxıb kütləvi aksiyalar, tətillər və nümayişlər keçirməyə başladı.

Sovet təcrübəsi 1 May ideyasını gözdən saldı

İlk dəfə 1 May bayramının tarixini oxuyandan sonra mən tanışlarımı zarafatla belə təbrik edirdim: «Sizi Çikaqoda fəhlələrin güllələnməsi münasibətilə təbrik edirəm».

Car Rusiyasında «mayovkaya» çıxan həmkarlar fəalları ilə polis arasındakı toqquşmalar ənənəyə çevrilmişdi.

Bakının neft mədənləri Rusiyadakı çıxışların əsas mərkəzlərindən biri idi. İlkin olaraq 8 saatlıq iş günü uğrunda mübarizə aparan fəhlələr ilk siyasi uğuru da məhz Bibiheybətdə qazandılar. Mədən işçiləri ilə sahibkarlar arasında əmək müqaviləsi bağlandı və bu, tarixə «Mazut müqaviləsi» adı altında düşdü.

Lakin sosial tələblərlə kifayətlənməyib hakimiyyəti ələ keçirən bolşeviklər Şura hökumətini qurmaqla, fəhlələrin ilkin ideal arzuları ilə yanaşı, 1 May həmrəyliyi ənənəsini də böyrü üstə qoydular.

Vaxtilə belə bir zarafat var idi - Sovet fəhlələri ilə çar Rusiyasının fəhlələri arasında fərq nədir? Sualın cavabı da belə idi ki, inqilabdan əvvəl fəhlələr May bayramını qeyd edir, içəri yad adam girəndə, özlərini elə göstərirdilər ki, guya yeyib-içirlər. Sovet fəhlələri isə əksinə yeyib-içir, içəri yad adam daxil olanda, özlərini elə göstərirlər ki, guya 1 Mayı qeyd edirlər.

Sonradan Sovet sistemində 1 May ideyasını əhalinin gözündən elə saldılar ki, hazırda bu məkanda heç kim heç kimlə həmrəy olmaq istəmir.

1 May hazırda dünyada necə qeyd olunur

Avropanın bir çox ölkələrində sosialist təmayüllü siyasi qüvvələr hakimiyyətdə təmsil olunur. Ona görə də mayın 1-ni qeyd edənlər arasında Baş nazirə qədər müxtəlif siyasi xadimləri görmək olar. Bu ölkələrdə 1 May nümayişləri dinc keçir.

Türkiyədə 1 May solçu qüvvələr üçün öz varlıqlarını nümayiş etdirməyin əsas fürsətidir. Hər il olduğu kimi, bu il də İstanbulda və digər şəhərlərdə solçu qüvvələrlə polis arasında toqquşma baş verib.

Elə ölkələr də var ki, fəhlələr öz bayramlarını ilin başqa günlərində qeyd edirlər.

Bəzi ölkələrdə isə belə bir gün rəsmi olaraq ümumiyyətlə, qeyd olunmur. Müstəqillik qazanan Azərbaycan da sonuncuların sırasındadır. Burada 70 il mayın 1-ni o qədər əsaslı şəkildə qeyd ediblər ki, bəlkə də gələcək 200 ilə bəsdir.

Bir daha Çikaqo hadisələri haqda

Sinfi mübarizənin ideoloji ehtirasları fonunda Haydmarked faciəsi ilə bağlı əsl həqiqətlər kölgədə qalırdı. 1886-cı ildə Çikaqoda baş verən faciəni elə təqdim edirdilər ki, guya silahlı polis dinc fəhlələrə divan tutub.

Lakin bu hadisələrə əslində, tarixçilər arasında ziddiyyətli baxışlar mövcuddur. Arqumentlərdən biri budur ki, polislə fəhlələr arasındakı gərginlik nümayişçilərin tətilə qoşulmayan fəhlələrə qarşı hücumlarından sonra başlayıb.

Zorakılığın qarşısını alan polis güc işlədəndən sonra fəhlələr arasında yaralanan olub.

Bundan bir neçə gün sonra Çikaqoda polis sıralarına bomba atılıb, partlayış nəticəsində polislər arasında ölən və yaralanan olub. Bu da öz növbəsində, polis əməkdaşları arasında qisas hissi doğurub. Haydmarked faciəsi belə başlayıb.

1 may. 2009.

Şərhləri göstər

XS
SM
MD
LG