Keçid linkləri

Əgər xatırlayırsınızsa, AzadlıqRadiosunun Xınalıqdan hazırlanan reportajlarında bu kənddə məskunlaşan etnik qrupun adətlərindən söz açmışdıq. Onların mədəniyyətinin bir hissəsi köçə söykənir. Bu, digər etnik qruplardan onları bir az fərqləndirir. Çünki tarix boyu onlar bu köç zamanı hər tərəfdən dağlarla mühasirəyə alınmış bir mühitdən çıxaraq fərqli adətlər qazanır, başqa məşğuliyyətləri olan digər qruplarla ünsiyyətə girirdilər. Bu köç iki fərqli təbii şəraitdə yaşayan qrupun qaynaşması idi.

Ancaq bu köç mədəniyyəti özü ilə mənfi çalarlar da gətirdi Xınalıq elinə. Belə ki, başqasında olmayan, özünəxas bir çox ənənə yadlaşdırıldı və tamamilə unuduldu. 40-50 əvvəl Xınalıq ailəsində dünyaya gələn ilk oğlan uşağının saçları uzadılıb hörülür və sünnət olunduğu gün kəsilirdi. Bu gün isə bu adəti yaşı 70 – 80-i adlayan qocalar xatırlayır. Köç bir çox adəti unutdurdu, tək unutdura bilmədiyi şey özü oldu. Çünki Xınalıq üçün köç təbiətin insanlar üzərində hökmünün diktəsidir. Sizə bu köçdən danışacağam.

YÜKSƏKLİKDƏN ÇÖKƏKLİYƏ

Qayalıq üzərində salınan qədim Xınalıq hər tərəfdən uca zirvəli dağlarla əhatəyə alındığı üçün insanlar əkinçiliklə deyil, heyvandarlıqla məşğuldur. Onların bu məşğuliyyətə başlaması Köçün başlanğıcı hesab olunur. Çünki ta qədimdən uzun keçən qış fəslində hər tərəfin qarlar altında qalması, yem qıtlığı heyvandarlıq üçün problem olub. Buna görə də xınalıqlılar ta qədim dövrlərdən bu günümüzə qədər payızın son aylarında el-obasını toplayıb, sürülərini qabaqlarına salıb dağlarla yol gedir və Aran ərazilərində məskunlaşırlar. Oktyabrda başlayan bu yürüyüş xınalıqlıların yüksəklikdən çökəkliyə uzanan köç həyatıdır. Aprelin sonu mayın əvvəllərində isə Xınalıqda havaların istiləşməsi
bu insanların çökəklikdən zirvələrə qayıdışı deməkdir.

QAZMA YATAQLAR

Ketişlilərin (xınalıqlı) Aran qışlağı kimi istifadə etdiyi yer Hacıqabul, Salyan və Şirvan əraziləridir. Onların bu ərazilərdə əsasən köhnə tikililərdə, yəni təqribən 50-60 il əvvəl salınmış evlərdə yaşayırlar. Bu evlərə “qazma” deyilir, adından da göründüyü insanlar yeri qazıb sonra üzərini taxta-şalbanlarla bərkidir, daha sonra isə onun üzərini torpaqla basdırırlar. Bu cür evlər istiliyinə görə müasir tikililərdən daha etibarlıdır.

Adətən qışlaqda köçərilər bir yerdə 4-5 ailə olaraq qrup halında yaşayır və ferma yaradırlar. Buna isə “yataq” deyilir. Hər bir yataqda min – beş min arası kiçik və iri buynuzlu heyvan saxlanılır.

Bu yataqlarda köçərilər özləri üçün müəyyən imkanlar yarada biliblər. Hər yatağın özünün təndiri olur və demək olar ki, çox zəruri olan heç nəyə bu yataqlarda ehtiyac yoxdur. Bəzi şeyləri isə ayda bir dəfə ən yaxın kənd mağazasından alırlar.
Bu yataqlar elektriklə təmin olunmur. Buna görə hər yatağın özünün elektrik generatoru var.

Yataqlar ərazi baxımdan müəyyən qədər böyük olsa da onlara kənar şəxslərin daxil olması demək olar ki, mümkün deyil. Çünki hər bir yataqda təqribən 8-10 baş pələng görünüşlü çoban iti olur. Bu itlər isə nəinki insanı, hətta bir göz qırpımında canavarı da parçalaya bilir. Bu barədə daha geniş yazacağam.

KÖÇ HAZIRLIĞI

Ketişlilərin geriyə qayıdışı mayın ortalarından başlayır və həmin ayın əvvəllərindən buna hazırlıq işlərinə başlayırlar. Belə ki, qadın, qoca və uşaqlar, həmçinin ev əşyaları yük maşınları ilə, evin kişiləri isə kiçik və iri buynuzlu heyvanları qarşılarına salaraq Xınalığa yola düşürlər. Əgər birincilər 6-7 saata mənzilə yetişirsə, piyadalar evə təbii şəraitdən asılı olaraq 12-15 günə çatırlar.

Bir qayda olaraq köçdən əvvəl qoyun-quzular qırxılır. Əks təqdirdə qoyunlar
hərəkət zamanı yorulur, arıqlayır və ən pisi isə susayırlar. Köç zamanı isə su qızıldan bahadır.

Həmişəkindən fərqli olaraq bu il Ketişə qayıdış 15-20 gün əvvəl baş verdi. Qışın quraq keçməsi ucbatından Aran ərazilərdə də yaşıllığın olmaması, yem qıtlığı yaşandı. Məhz buna görə də ketişlilər doğma Kətişə tez qayıtmalı oldular.

PƏLƏNG KİMİ ÇOBAN İTLƏRİ

Biz Hacıqabulun Qubalı kəndinə çatanda eşitdik ki, Xınalığa kütləvi köç yağışlı hava şəraitinə görə bir neçə günlüyünə təxirə salınıb. Amma dörd nəfərlik bir qrup isə bu gün səhər risk edərək yola çıxıblar. Havanın tezliklə düzələcəyini gözləməyimizin əlavə vaxt itkisi olacağı üçün bir neçə saat əvvəl yola çıxmış köçərilərə çatmalı idik. Buna görə də hara qədər maşın gedə bilirsə maşınla, yerdə qalan hissəni isə piyada getmək qərarına gəldik.

2 saata qədər yol gedib əldən düşmüşdük ki, uzaqlıqda nəhayət ki, qoyun sürüsü göründü. Bizi gözləyən təhlükədən xəbərsiz onlara getdikcə yaxınlaşırdıq. Bu bəs etmirmiş kimi fit çalıb varlığımızı onlara göstərmək istəyirdik. Elə bu vaxt sürüdən üzərimizə bir dəstə itin gəldiyini gördük. Bu itlər barədə çox eşitsək də, qulaq ardına vurmuşduq. Əgər çobanlar bizi görməsəydi, çox güman ki, itlər bizi parçalayacaqdı, çünki dostum Əhməd Muxtarın şalvarını cırıq-cırıq etmişdilər. Çobanı Allah göndərmişdi sanki, Xınalıq dilində itlərə bağırırdı. Beləliklə itlərdən yaxa qurtarıb köçərilərin ən yaşlısı Paşa ilə tanış olduq. Amma Əhməd də, mən də tir-tir əsirdik.

DAĞLARDA İLK GECƏMİZ

İtlərin əlindən qurtulub Paşa ilə çobanlara yaxınlaşıb bura gəlişimizin səbəbini izah etdik, belə başa düşdük ki, bizə inanmırlar. Sonralar bunun səbəbini onlardan soruşduğumda Paşa demişdi ki, inanmadıq, çünki hansı ağıl yiyəsi bu yağış altında bu həvəsə düşər?
Onlar bizi öz dəstələrinə almaqdan imtina edirdilər, səbəb kimi haqlı olaraq itləri göstərirdilər. Çünki bu itlər tanımadığı adamlara qarşı aqressivdirlər. Biz isə izah edirdik ki, bu iş bizim üçün çox vacibdir, əgər bu çəkilişi aparmasaq, çəkdiyimiz əziyyət puç olacaq. Sonda onları dilə tutub razı sala bildik. Və yağış altında yürüməyə başladıq.

Adətən bu cür köç zamanı hərəkət sübh tezdən saat 7-də başlayır, heyvanlar yorulmasın deyə axşam 5 – 6-da isə çadır qurulur və orda gecələnir.
Hava dəhşətli soyuq idi biz əcəmilər üçün, amma buna baxmayaraq hər şey qaydasında idi. Səhərə yaxın isə itlərin bir hürüşməsi qalxdı ki, çobanlardan kimin əlinə nə düşürdü, götürüb çölə qaçırdı. Səslər getdikcə güclənirdi. Bu təqribən 10 dəqiqə davam etdi. Çobanlar qayıdanda isə məlum oldu ki, sürüyə canavar hücum edib, amma itlər canavar dəstəsini qova biliblər. Səhər isə bir çoban itinin ayağının qan olduğunu, axsadığını gördük.

Bu bizim rastlaşdığımız ilk ekstremal vəziyyət idi.

GÜNƏŞLİ VƏ UĞURLU GÜN

Növbəti günün uğurlu olmasını ilk əlaməti itlərin bizimlə dostlaşması idi. Bu nə az, nə çox, 3 “Snickers”ə başa gəlmişdi, şokoladı kiçik-kiçik bölüb bizə mırıldayan itlərə verirdik. Tezliklə şirninin təsiri onların qəzəbini əridib bizimlə dostlaşdırdı. Bəlkə də bizdən qoyunlara heç bir ziyan dəyəcəyinə əmin olmuşdular. Axı onların əsas vəzifəsi sürünün təhlükəsizliyini təmin etmək idi. Çobanlar bu işi itlərin öhdəsinə vermişdi. Əgər bir heyvan sürüdən kənara çıxarsa və yaxud başqa sürüyə qoşularsa, itlər dərhal o qoyuna hücum edir və onu geriyə qaytarırdılar.

Köç zamanı maraqlı hadisələrdən biri də bu olurdu ki, boğaz olan qoyunlar doğurdu. Bu hadisə vaxtı başqa bir çoban balanı götürüb sahibinə olan çobana gözaydınlığı verir və muştuluq istəyirdi. Təbii ki, bu cür hallar kollektivin əhval-ruhiyyəsini yüksəldirdi. Bunu da qeyd edim ki, adətən yeni doğulmuş quzular və ya çəpişlər yeriyə bilmədiyi üçün onları eşşəyin üzərinə salınmış palanların ciblərində daşıyır və ara-sıra onu yedizdirirlər.

Həmin gün kefimizin yaxşı olmasının digər səbəbi isə yaxşı fotolar çəkməyimiz idi. Hər yaxşı foto çəkdikcə çəkdiyimiz bu əziyyətin hədər olmadığını bilib sevinirdik.

QƏDİM QƏBİRİSTANLIQ

Köçün hərəkəti zamanı biz bir-birindən maraqlı hadisələr və əsrarəngiz mənzərələrlə rastlaşırdıq. Onlardan biri də köçün arasından keçdiyi, kimlərə məxsus olduğunu müəyyən edə bilmədiyimiz qədim qəbiristanlıq idi. Bu qəbiristanlığın dağın yüksəkliyində salınması və yaxınlıqda heç bir yaşayış yerinin olmaması bizim üçün çox təəccüblü idi. Qəbirlərin üzərində ərəb əlifbasında yazılar və naxışlar var idi.

KÖÇDƏ SONUNCU GECƏMİZ

Köç yuxarıda qeyd etdiyim kimi, adətən axşam saat 6-da münasib yerdə hərəkəti saxlayır, atlara yüklənmiş əşyaları boşaldır və gecələmək üçün çadırı qururdular. Bu cür köç zamanı yeməklərin hazırlanması üçün ocaq qalamaq lazım olur, amma burda odun tapmaq çətin olduğundan hər köçəri qrup özü ilə qaz balonu gəzdirir və yeməkləri qazda hazırlayırlar.

Biz bu köçlə təqribən iki gecə, üç gündüz, təqribən 60 km-dən artıq yol getmişdik. Onlarla iki gün ərzində doğmalaşmışdıq. Axırıncı gün çadırda xeyli söhbət etdik. Onların hamısı bizim zövq aldığımız bu səfərə demək olar ki, nifrət edirlər. Çünki “bu əziyyətə dəyməz” deyirlər. Orda olduğumuz müddətdə bir çox çobandan eşidirdik ki, onlar Bakı-Şamaxı yolunu keçdikdən sonra, Quba rayonu ərazisində polislər və ya icra nümayəndələri onlardan qoyun-quzu istəyir və bir çox vaxt da əldə edirlər. Bu hallardan çox gileylənirdi çobanlar.

Paşanın 3 uşağı var, soruşuram ki, istərdin ki, sənin də uşaqların bu işlə məşğul olsun? Cavab verir ki, yox. “Biz ömrümüzü heç nədən puç edirik, barı onlar böyük şəhərə gedib adam olsunlar”.

Bilirsinizmi, bu insanlar bir kiçik etnosun assimilyasiya olunmaqda olan sonuncu nümayəndələridir. Bu insanları assimilyasiyadan qorumaq lazımdır.

Strabon öz “Coğrafiya”sında bu ərazidə 26 Alban tayfasının yaşadığını deyirdi. İndi onlardan öz mədəni irsini itirmək üzrə olan 1-2 tayfa qalıb.10 il əvvəl Qubanın Xınalıq kəndində 5 min adam yaşayırdı, indi 2 min qalıb. Bu insanlar bizim bu gün tariximizdir, amma belə getsə sabah olmayacaq. Məhz buna görə bu çəkilişi fotoqraf Əhməd Muxtarla etdik. Belə getsə bu kadrlar bir Xınalıq əhalinin qədim məşğuliyyətinin son görüntüsü ola bilər.

Bakı-Şamaxı yoluna yaxın biz köçərilərdən ayrılırıq, onları öz unuduluşu ilə baş-başa qoyaraq.

Şərhləri göstər

XS
SM
MD
LG