Keçid linkləri

Təcili xəbərlər

Daş dövrünə səyahət


Bura zamanı ilə, məkanı ilə qayalaşmış bir kənd idi - Kəndivan
Bura zamanı ilə, məkanı ilə qayalaşmış bir kənd idi - Kəndivan
Təbrizdən iki saat uzaqlıqda, Üskü şəhərinin yanındakı bir kənddə idi o insanlar. Qaya içində yonulmuş kiçik daxmaları onların sadə dünyası idi. Avtobusdan ayağımı torpağa basanda, məkanımın deyil, zamanımın dəyişdiyini hiss etdim - bərli-bəzəkli, ətir qoxuyan insanların dünyasından toz-torpaqlı, zəhmət və tər qoxuyan insanların zamanına - qaya içində yaşayan insanların dövrünə döndüm. Necə sadə və necə səmimi idi bu kiçik kənd və onun mənası olan insanlar.

O üstü-başı palçıqlı insanların arasında haralardasa qətllərin olduğu, hansısa həbsxananın qaranlıq kameralarında fikirlərin çürüdüldüyü, haralardasa Parisin olduğu, nə zamansa Da Vinçinin yaşadığı, haralardasa günəşin altında ac insanların ümidsizcə ölüm mələyini arzulaması insanın ağlına gəlmirdi...Bura zamanı ilə, məkanı ilə qayalaşmış bir kənd idi - Kəndivan.

Fatimə adlı bir qız uşağını lentə aldım doymadan. Atası ölmüşdü. Yoxsulluğu kədərli deyil bu kəndin. Yoxsulluğun dadını bilmək üçün varlılığın nə olduğunu bilməlisən. Bu yoxsul uşaqlar isə burnunun seliyini yeyərək böyüyəcək. Bu uşaqlar qayalığın arasında böyüyüb, bəlkə elə oradaca da öləcəklər, dünyadan xəbərsiz... Bulaşmayacaqlar dünya boyda çirkaba.

Kiçik odun parçasından yonulmuş bir suvenir almışdım. Bir odun parçası tən ortadan kəsilmiş və hissələr cəftələrlə bir-birinə bərkidilmişdi - pəncərəyə bənzəyirdi. Odun pəncərə səfərdən qayıdanda bel çantamın içindən qırılmış çıxdı. Əslində, bu sadə əl işinin üst-başı palçıqlı insanlardan heç xəbəri olmayan məkanda yeri yox idi...İndi o məkandan xəbər verəcək sadəcə şəkillər var...

XS
SM
MD
LG