Keçid linkləri

Sən, mələklərin gülüşündən, ahuların duruşundan yarandın! Bunu istiqlal şairi Əhməd Cavad deyib. 1918-ci il mayın 28-də yaranan Azərbaycan Cümhuriyyətinin gətirdiyi coşqunu belə ifadə edib.

Birinci sevdalı - Əhməd Cavad!

Yəqin ki, dünyada heç bir ölkənin şairi öz cümhuriyyətini belə öyməyib:

Sən qüdrətin aşıb-coşan vaxtında
Mələklərin gülüşündən yarandın!
Sehr dilli bir fırçanın əliylə
Ahuların duruşundan yarandın!

Ay işığı, gözəlliyin, qızlığın
Çiçəklərlə öpüşündən yarandın!
Sərinlətdin baxışınla könlümü,
Buludların uçuşundan yarandın!

Öyməyə, coşmağa dəyərdi! Azərbaycan Cümhuriyyəti bəlkə də, bu misralardan daha güclüsünü haqq edirdi. Hökumət elə bir zamanda təşkil edilmisdi ki, bir kənddən digərinə getmək qorxulu idi, heç kəsin malı-canı güvəndə deyildi. Dəmiryolu, poçt-teleqraf işləmirdi, dövlətin maliyyəsi yox idi, idarələr dağılmışdı, hər kəs özünə bir hökumət idi. Daxili işlər o qədər pərişan halda idi ki, yaranan Milli Şura asayişi bərpa edə bilmirdi. Çünki nə əsgəri qüvvə vardı, nə də silah…Bunları mən demirəm, Fətəli xan Xoylu xeyli sonra - parlamentin ilk iclasındakı çıxışında (1918-ci il dekabrın 7-də) xatırladır…

Əhməd Cavad
İndi bütün bunlardan sonra necə şeir yazmayasan və «yoxdan bir bayraq yaratmağın» sevincini yaşamayasan? Elə ona gorə də, «Çırpınırdın Qara dəniz» şeirinin müəllifi Cümhuriyyətin himnini yazır, 28 mayın sevincini misralara tökür:

«Üç rəngli bayrağınla məsud yaşa» – söyləyir.

İndi oğul istəyirəm ki, bu misralardan sonra 1 maya da şeir yazsın. Özü də sovetlərin sifarişiylə:

Mən hər gələn 1 mayısa,
Pək çox ümidlər bağlaram,
Hər gələcək mayıs için,
Nisan ağlar, mən ağlaram…

«Gəlməsinə ümidlə baxdığın may 1 may deyil, Azərbaycan istiqlalının doğulduğu 28 maydır. Ona görə aprel yağışlarına qoşulub may üçün ağlayırsan».

Sovet məddahları düz tapmışdılar! Elə isə, 28 may sevdalısının - Əhməd Cavadın ölüm tarixi 1937-ci il olmasın da, neçə olsun?

İpək, pambıq, yunun çoxdur,
Arpa, buğda, düyün çoxdur,
Hər şeyin var, nəyin yoxdur?
Azərbaycan, Azərbaycan!

Hər şeyin var, nəyin yoxdur?! Bunu bilməyə nə vardi ki? Hər şeyin var -- İstiqlalın yoxdur!.. Demək, heç nəyin yoxdur!...(Ş.M.Xiyabani)

İkinci sevdalı - Hüseyn Baykara!

Azərbaycan öz istiqlalına qovuşanda, onun cəmi 14 yaşı vardı. Vətəndə yaşamaq qisməti olsaydı, onu Qara Hüseynov çağıracaqdılar. Şuşalıydı. 20-ci illərin ortalarında universitetin tarix fakültəsində oxuyurdu. Ancaq onu tələbə yoldaşlarından fərqləndirən bir özəlliyi vardı - Hüseyn vətənin işğalda olduğunun fərqindəydi...

...Dözməyib fikirlərini başqalarıyla bölüşürdü. Buna görə həbsə də düşmüşdü. Bir dəfə həbsxanada Əhməd Cavadla bir neçə ay «arkadaşlıq» da etmişdi (xatirələrində belə yazır). Bu «arkadaşlığın» Hüseynə çox böyük təsiri olduğu gün kimi aydındır. Ancaq Əhməd Cavad da bu ünsiyyətdən az qazanmadı. Hüseyn Baykara sonralar mühacirətdə olduğu dönəmdə yazdığı «Azərbaycan istiqlal mübarizəsi tarixi»ndə Əhməd Cavada ayrıca bölmə həsr etdi və onun vətəndə məlum olmayan şeirlərindən danışdı...

1927-ci ilin baharında Hüseyn əvvəl İrana, sonra Türkiyəyə keçir (eynən Almas İldırım kimi). İstanbul universitetinin hüquq fakültəsini bitirir. Uzun illər bu sahədə çalışır. Ancaq ədəbi fəaliyyətindən də qalmır. Mühacirət mətbuatının fəallarından olur, Azərbaycanla bağlı məqalələrlə çıxış edir, kitablar yazır.

Hüseyn Baykara
Məni burda sanmayın, mən hər gün Qafqazdayam...

«Azərbaycanın istiqlal mübarizəsi tarixi»ni Hüseyn Baykara azadlıq mübarizəmizin şəhidlərinə həsr edib. Kitab Hüseyn bəyin mübarizə yoldaşlarına yazdığı şeirlə açılır:

Düşmənlərimə müjdə, mən qəlbimdən xastayam,
Sonsuz həsrətlərimlə bir davamlı yasdayam.
Məni burda sanmayın, mən hər gün Qafqasdayam...
Siz canımı gömərsiz canım bu ana yurda,
Qəlbimin güllərini göndərin doğma yurda.
Sovursunlar Qafqasın o coşğun rüzgarına,
Mən umutsuz ölmədim, umutluyam yarına...

İstiqlal sevdalısı Hüseyn Baykara 1984-cü ildə vətən həsrətiylə dünyadan köçdü. Ölüm öncəsi bir bayatı da bizlərə yadigar buraxdı:

Qürbət çəkilməyən acıdır,
Vətən insanların tacıdır!
Bir gün xalqım məni anacaq,
Qürbətdə ölməyimə yanacaq...

Düz söyləyib. 17 ildir onun dilimizdə çıxan «İstiqlal mübarizəsi»ni hər dəfə əlimə alanda, o böyük istiqlalçını sayğıyla anır, vətənsiz ölməyinə yanıram....

Üçüncü sevdalı - Əmin Abid Gültəkin

Xəzərin suyunda çox göz yaşım var,
Bağrına yaslanmış dərdli başım var!

Bu misralar Əmin Abid Gültəkinin «Sevgili Bakiya» şeirindəndir. Heyf ki, bu şair öz yurdunda, öz Bakısında az tanınır. «Sevgili Bakı»nın davamını eşidin:

Dünyaya gəldim mən - torpağım oldun,
Əmin Abid Gültəkin
Altaylardan endim - durağım oldun.
Yaşıl çəməninlə, mavi göyünlə ,-
Qırmızı gülünlə bayrağım oldun.
Dağların mehrabım, daşın minbərim,
Mən sənin adına səcdə eylərim.

Hələ 3-cü bəndi dinləyin:

Ey qəlbinə matəm bağlayan vətən,
Düşmən qucağında ağlayan vətən,
Əzmimlə mən səni qurtaramazsam
Xalqımla bərabər sən də yan, vətən!
Hürr olan imanım - indi qalxanım,
Sənə halal olsun mənim al qanım!

Doğum ili 1898, ölüm ili 1937!

Qaldıqca ruslarda diyarım mənim
İntiqam olacaq şüarım mənim.

Bu da Əmin Abidindir.

Yaşa, ey həsrətlə doğan istiqlal!
Yaşa, ey türk, yaşa ey gözəl hilal!

Bu da Gültəkinindir.

1919-cu ildən 1925-cı ilədək İstanbul universitetinin ədəbiyyat fakültəsində oxuyub. Təhsil illərində bir hünər sayılacaq iş görüb. Kitabxanadan M.Füzulinin «Söhbətül-əsmar» əsərini tapıb! Nə yazıq ki, 1925-ci ildə vətənə dönüb. Ədəbiyyatşünas və tənqidçi kimi şöhrətlənib, müəllimlik edib. Klassiklər barədə dəyərli araşdırmaları var. Milli şüurun oyanmasında böyük rol oynayıb. Vətəndə yaşamaq istəyi sonda Sibir sürgünüylə bitib. 1937-ci ildə elə orada dünyayla vidalaşıb…

Bulanık bir kökün kirli yaxası
Yerdə sürünüyor, iştə tundra…
Sibirya, Sibirya…əvət Sibirya;
Təbiətin o bir zalım ÇEKA-sı.

Əmin Abid Gültəkin…Daha bir 28 may sevdalısı…Onlar bir deyil, beş deyil, yüzlər-minlərlədir. Hansını deyim, hansından söz açım ki, ürəyim sakitləşsin?

«Can Bakı» davam edəcək… «28 mayis sevdalıları-2» sabah – Cümhuriyyət Günü «Azadlıq» radiosunun virtual məkanında söylənəcək. Sən də sevdalısanmı, ya deyilsən?

Şərhləri göstər

XS
SM
MD
LG