Keçid linkləri

Təcili xəbərlər

Mənim gördüyüm müstəqillik (Apolitik yazı…)


Babək Bəkir
Babək Bəkir
Əvvəlcə kəndim…

Hər şey 18 il əvvəl doğulduğum kənddən başladı. Onda elə mənim də 18 yaşım varıydı. Azərbaycan vur-tut iki ay idi ki, müstəqilliyini elan etmişdi. Kənd soveti sədrimiz xəstə yatağındaydı. O öləndə yerinə kürəkənini təyin elədilər. Şamaxı rayon Partiya Komitəsinin birinci katibi (həmin günlər deyəsən, o, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdi) xəstə yatağına düşən qohumunun sonuncu xahişini yerə salmamışdı. Kürəkən isə aradan 18 il keçməsinə baxmayaraq, hələ də o vəzifədə çalışır. Hərçənd indi o kənd sovetinin sədri yox, kənd icra nümayəndəsidir…

Bu, mənim həyatda qarşılaşdığım ilk «varis planı» idi. Ancaq bu, sonuncu plan olmadı…

Sonra iş yerim…

Azərbaycan müstəqilliyini qazandıqdan cəmi bir il sonra iş elə gətirdi ki, demokratik düşərgənin ən aparıcı qəzetində işə düzəldim. O illərin üzərində də çox dayanmayacağam. 1994-cü ildə baş redaktorumuz bizə bəlli olmayan səbəb üzündən qəzetdən getdi. Onun yerinə bir yerlisi seçkisiz-filansız baş redaktor təyin edildi. O vaxt qəzetin dəhlizlərində tanınmış yazarlar baş redaktorun bu şəkildə dəyişməsini «varis planı» kimi dəyərləndirdilər. Hərçənd o «varis baş redaktor» qəzetçiliyi çoxdan atıb, fəal bizneslə məşğuldur…

Daha sonra da ölkəm…

2003-cü ildə prezident Heydər Əliyev Klivlenddə müalicə olunurdu. Avqustun 4-də Azərbaycan Dövlət Televiziyası prezidentin Klivlenddə imzaladığı bildirilən bir sərəncamını oxudu. Həmin sərəncamla prezident Heydər Əliyev millət vəkili, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vistse-prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti və ən nəhayət, oğlu İlham Əliyevi Baş nazir vəzifəsinə təyin edirdi. Bundan bir il əvvəl isə referendum yolu ilə ölkə konstitusiyasına dəyişiklik edilmişdi. Bu dəyişiklikdən sonra prezident öz səlahiyyətlərini icra edə bilmirdisə, onun səlahiyyətləri Baş nazirə verilirdi. Referenduma qədər isə ölkənin ikinci şəxsi parlament sədri sayılırdı. Elə 2003-cü il oktyabrın 15-də də İlham Əliyev Azərbaycanın növbəti prezidenti seçildi. Onda tək yerli müxalif qəzetlər yox, dünyanın bir sıra aparıcı qəzetləri Azərbaycanda belə hakimiyyət dəyişikliyini də «varis planı»nın tərkibi saydılar.

Bu il isə konstitusiyaya növbəti dəyişiklik edildi. İndi artıq Azərbaycanda bir şəxs iki dəfə yox, istədiyi qədər prezidentliyə namizədliyini verə bilər…

Bu da axırı…

Mayın 26-da isə parlament «Ombudsman haqqında» qanuna dəyişikliklər elədi. Artıq bir şəxs bir dəfə yox, iki dəfə ombudsman seçilmək hüququ qazandı. İndi deyəsən, «Prokurorluq haqqında» qanunu da belə dəyişikliklər gözləyir.

Əslində, bütün bunlar mənim maraqsız həyatımın qısa tarixçəsidir.18 il əvvəl doğma kəndimdən başlayan bu proses indi bütün Azərbaycanı az qala ağuşuna alıb. Görəsən, sırada daha kimlər var?

Sonuncu, qapını örtməyi unutmasın…

Bəs sizin necə, "varis planınız" olubmu, varmı? Yazın

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhinizi yazın.
XS
SM
MD
LG