Keçid linkləri

«Olmaya cahanda dövlət» silsiləsindən yeddinci yazı

Milli Məclis növbəti qanunvericilik mövsümünü demokratiyanın manevr sahəsini daraldaraq başa vurur. Omdbusmanın seçlilmə limitini aradan qaldıran qanun dəyişikliyi bunun son örnəyidir.

Əslində, parlamentin iş tərzi elədir ki, onun demokratik qanunlar «istehsal etməsi» mümkün deyil.

Milli Məclisin iş üslubunu demokratiyası kağız üzərində deyil, həyat tərzində yazılan ölkələrin parlament təcrübəsi ilə yan-yana qoyanda çox vaxt ironik durum meydana çıxır.
Niyə?

Parlamentin qanunvericilik funksiyasını nəzərə alan demokratik ölkələrdə onun sədrliyinə hüquqşünasları seçirlər.

Məclisin sədrləri sanballı dövlət təcrübəsi qazanmış adamlar olur. Bu, seçildikləri təqdirdə onların dövləti təşkil edən üç müstəqil qurumdan birini daha güclü hala gətirə bilmələri baxımından böyük önəm kəsb edir. Misal versək, Türkiyə Böyük Millət Məclisinin son 20 ildəki sədrlərinin böyük əksəriyyətinin hüquqşünas olduğunu görəcəyik (Məclisə 1996-99-cu illərdə sədrlik edən Mustafa Kalemli ixtisasca doktor olsa da, uzun illər bir neçə nazirliyə rəhbərlik etmişdi. Hikmət Çətinin hansı təcrübəyə malik olduğunu xatırlatmağa ehtiyac yoxdur. Çətin sədr seçiləndə mənsub olduğu CHP Məclisdəki millət vəkili sayına görə sonuncu - 5-ci yerdə idi. Ancaq onun dövlət təcrübəsi və xarizması sədr seçilməsinə kifayət etdi).

Məclis sədrliyinə namizəd olan şəxs öz partiyasının razılığını alandan sonra digər partiyalardan da dəstək ala bilmək üçün onlarla məşvərət aparır. Bu, sədrlik iddiasında olan şəxsin daha geniş konsensusla seçilməsi nöqteyi-nəzərindən mühümdür. Yenə misal versək, Türkiyə Böyük Millət Məclisinin 2007-ci ilin avqustunda seçilən sədri Köksal Toptan müxalifət partiyalarından da önəmli miqdarda səs alaraq kreslosuna güclü şəkildə oturdu.

Məclisə sədr seçilən şəxs mənsub olduğu partiyadan istefa verir və səsvermələrdə iştirak etmir, tutduğu vəzifə onun bitərəf olmasını tələb edir. Dövlət atributunun önəmli bir simvolu olduğuna görə Məclis sədri gündəlik iclasları aparmır. O, əksər hallarda Məclisin fövqəladə iclaslarına sədrlik edir. Sədrin seçilməsindən sonra partiyalar aldıqları səsin miqdarına görə, sədrin müavini vəzifələrinə öz namizədlərini təqdim edirlər. Məclis iclaslarının əksəriyyətini hər həftə növbələşərək sədr müavinləri aparırlar. İclaslara sədrlik edən müavinlər siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir millət vəkilinə öz sözünü demək üçün imkan yaratmağa borcludurlar.

«Dövlət» məfhumunun mövcud olduğu və buna görə də Məclisə hörmət qoyulan ölkələrdə ali qanunvericilik orqanının işləmə mexanizminin qısa təsviri budur. Bu qaydalar prizmasından məmləkət Məclisinin çalışma tərzinə baxanda görürük ki:

- Məclis sədri nə hüquqşünas, nə də böyük dövlət təcrübəsinə malik olan bir şəxsdir. O, Türkiyənin üçüncü prezidenti Cəlal Bayarın Süleyman Dəmirəl haqqında işlətdiyi obrazlı ifadə ilə desək, «bizim su müdirimizdir»;

- Məclis sədri bitərəf olmayıb oturduğu kreslonu iqtidar partiyasının əmrinə verən bir məmurdur, siyasətçi deyil;

- Məmləkət Məclisinin sədri iclasların böyük əksəriyyətini özü apararaq müxalifətdən olan millət vəkilləri ilə lüzumsuz mübahisələrə girişir və beləliklə də Məclis sədrinin həm sayğınlığını, dövlət simvolu olma xüsusiyyətini etibardan salır;

- Məclis sədri iclasları aparması bir yana qalsın, iqtidardan olan o biri müavinləri də sağına-soluna otuzduraraq onların millət vəkilləri ilə çəkişməsinə imkan yaradır. Dünya təcrübəsində isə belə bir şey yoxdur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Siz necə bilirsiniz, Milli Məclisdən demokratik qanunlar gözləməyə dəyərmi? Yazın

Şərhləri göstər

XS
SM
MD
LG