Keçid linkləri

Təbriz bazar şəhəridir, insanı beşiyindən çıxarıb Xalçaçı bazarında xalça ilmələri arasında başqa dünyaya aparan bazar şəhəri.

Bazar Şərq insanının səmimiyyət ocağıdır. Çünki Şərq insanı yalnız bazarda azad olur, yalnız burda həyatla üz-üzədir, yalnız burda öz qaranlığının künc-bucağında ilişib qalan varlığının portretini çəkib insanlara tam səmimiyyəti ilə göstərə bilir.

Bazarda bir şərqli göründüyü kimidir, necədirsə o cürdür. Şərq bazarı insan monolitliyinin mümkünsüzlüyünü əyani göstərir, onun daxilindəki qatların hər birini öz rəngində izah edir.

Onlar özlərini dərk edirlər, amma bu dərkin ifadə olunma məkan və zamanı onların əlində deyil. Bu kompleksdən doğur onların «ikiüzlülük» əleyhinə tezləri. Həyatda haqlı olaraq çoxqatlılığı yaşayırlar, özlərini ifadə isə monolitdir.

Şərq insanının daxili görünüşünü bazarda görmək asandır, bir şərtlə ki onu sənin «başqası» olduğuna inandıra biləsən. O zaman o, tam varlığının səmimi çılpaqlığını sənin qarşında göstərəcək həvəslə.

Çünki yalnız bu anlarda onlar üzə çıxa, mövcudluqlarını hiss edə bilirlər deyə uşaq kimi məsumlaşır, yerə-göyə sığmırlar.

Bakının «Yaşıl Bazır»ında bu qənaətə gəlmişdim, amma Təbrizin «Xalçaçı Bazarı» məndə bu fikirlərə bir az da əminlik yaratdı.

«Yaşıl Bazar»da məni norveçli, «Xalçaçı Bazar»da isə fars kimi tanıdılar. Görülməyə dəyərdi insanların həmin anı necə yaşadıqları, uşaq kimi sevinirdilər. Zənn edirdilər ki, mən onlardan biri deyiləm və hər kəs öz mövcudluğunu şərtləndirən detallarını nümayiş etdirirdi, biri mənim üzümə gülərək söyür, başqası ələ salır, bəziləri isə bu hərəkətlərin naqislik olduğunu onlara başa salmağa çalışırdı.

Burda bir haşiyə çıxım: belə şəraitdə siz onlar üçün ifadə azadlığını mümkün edən zaman və məkanı var edənsiniz. Yəni siz orda olmasaydınız onlar özlərini belə asanlıqla ifadə edə bilməyəcəkdilər. Onlar da bunun fərqində idilər, məni gözdən qoymurdular.

Əlbəttə mən onların dediklərini başa düşürdüm, amma gülürdüm gizlin-gizlin, çünki bu insanlar maskalı deyil, səmimi idilər, əllərinə düşən ifadə özgürlüyündən geninə-boluna istifadə edirdilər.

Məncə Şərq dünyasını öyrənmək üçün bazarlardan başlamaq lazımdır. Çünki bu toplumlarda labüd olan reformları həyata keçirmək üçün insanın fərd olaraq nə üçün yaşadığı və həyatdan nə istədiyini bilmək lazımdır. Şərq insanının redaktə olunmamış ifadəsi isə Şərq bazarında daha rahatdır. Qısası, Şərq dünyasında bazar əslində öyrənilməsi labüd olan institutdur.

("TƏBRİZ BAZARI" FOTOSESSİYASINA BAXMAQ ÜÇÜN BURA DAXİL OL)

Şərhləri göstər

XS
SM
MD
LG