Keçid linkləri

Sovet əsgərindən Azərbaycan əsgərinə (və ya evdən kazarmaya)


Deyilənə görə, çöldə bir il təpik döydüyün cığırda azıb əsir düşürsən, içəridə səni soyuq aparır

Deyilənə görə, çöldə bir il təpik döydüyün cığırda azıb əsir düşürsən, içəridə səni soyuq aparır

Salam, qardaş!

Əvvəla deyim ki, biz sağ və salamat deyilik. Yəni, məlumun olsun ki, özümüzü çox pis hiss edirik. Səninsə sağ və salamat olmağını hələ də bir olan Allahdan təvəqqe etməkdə fayda var. Amma biləsən ki, başına gələnləri də eşitdikcə səndən daha çox özümüzdən nigaran qalırıq. Çünki sən əsgərə arxayın ola bilmirik.

Deyilənə görə, çöldə bir il təpik döydüyün cığırda azıb əsir düşürsən, içəridə səni soyuq aparır. Nə yeməyin qaydasında hazırlanır, nə həkimin vaxtında gəlir.
Videokamera qarşısında da dindirəndə deyirsən ki, Ali baş komandan bir kəlmə «irəli» desin, gedib Qarabağı azad edim. Ali baş komandan sənə nə təhər «irəli» desin! Əgər yayın cırhacırında kazarmada səni soyuq tutursa, döyüşdə sətəlcəm olarsan. Belə iş olmaz axı, ay sovet əsgəri olmuş mən zavallının xoşbəxt Azərbaycan əsgəri olan balaca qardaşı! Gör nə günə qalmısan ki, zəhərlənib canınla əlləşirsən, deyirlər, soyuqlayıb.

Əgər sən doğrudan da zəhərlənmisənsə və bunu soyuqdəymə adlandırırlarsa, deməli, səni (əvvəlkiləri nəzərə almasaq) iki dəfə dalbadal təhqir edirlər. Bir xarab yemək verəndə, bir də gözünün içinə sənə soyuq dəydiyini deyəndə.

Məni təhqir eləmək olardı, çünki MƏN SOVET ƏSGƏRİYDİM
Hələ bu azmış kimi bəzi ağzıgöyçəklər də söz buraxırlar ki, guya sən heç soyuqlamamısan da, sadəcə, komandirinlə zarafat edirmişsən, belə alınıb. Zarafat eləməkdi, komandirin kontur istəyəndə 2 manatlığı yüklə, de ki, 10 manatlıq yüklədim. Bu da olsun zarafat. Yoxsa 168 nəfər yıxılsın kazarmanın ortasına ki, bəs nə var, nə var, zarafat edirik. Bilirəm ey sən belə eləməmisən. Amma deyirlər susursan axı. Yaxşı, deyək ki, sənin komandirinlə zarafatın var, bəs o Müşfiq qəsəbəsinin cavanları ilə ki zarafatın yoxdur. Nətəhər olur, gecənin bir aləmi onlar tökülüşüb gəlirlər hərbi hissəyə, səni tibb məntəqəsinə daşıyırlar. Alıb içirtdikləri qatığı da püskürüb maşınlarını batırırsan. Belə zarafat olar? Əgər doğrudan da zəhərlənməmişdinsə, yalandan belə edirdinsə, bəs fikirləşmədin ki, o balıq durub adamın gözündən gələr. Nolar, kilkə olanda! O da balıqdı də. Balıqnan zarafat edərsən, balıq bilməsə də Xalıq bilər. Hərə bir cür şəxsiyyətinlə oynayır deyə, sən də balığa haqsızlıq eləməli deyilsən ki?

Görürdün ki, bir az vaxtı ötüb verəydin pişiklərə, bir dəfə də onlar sənin hesabına keyf eləyəydi (yadından çıxıb «viskas» yediyin).

Hansısa yolla səngərdən uzaqda xidmət eləməklə deyil ey. Əgər sən mədənə doldurduğunun keyfiyyəti bir yana, heç olmasa tərkibinin zərərsiz olmamasını tələb edə bilmirsənsə, gəl, gəl qayıt evə. Zəhərlənməyi hamı bacarar. Lap elə mən də. Bundan ötrü kurs keçib kursant olmağa ehtiyac yoxdur.

Dediklərim xətrinə dəyməsin ey. Mən səni çox istədiyimdən belə deyirəm. Söhbətim xoşuna gəlmədisə, zarafat kimi qəbul elə.

Amma mən zarafat eləmirəm. Sən zəhərlənən gündən balıq görəndə başım ağrıyır. İndi də külək əsəndə mədəm sızıldayır. Qorxuram bir şey olar, ətrafımdakılar elə bilər onlarla zarafat edirəm. Belə olur ey adam ölür, sonra hamı deyir ki, buna nə oldu? Səhər elə yaxşı idi ki…

Nə bilim ey. Yazıb sənin də qanını qaraldıram, özümünkünü də. Amma yazmasam da olmur. Gah qaçıb cəbhə xəttinin o tayına keçirsən, gah «poliqon»da əsgər yoldaşlarını gülləyirsən, gah da mədənə soyuq dəyir. Halbuki, bunların əvəzinə orduda hərbi qaydalara vicdanla əməl etməyi öyrənsən, başına da bu işlər gəlməzdi. Amma belə davam eləsə, qorxuram ki, sənin heç vətən, torpaq haqqında fikirləşməyə vaxtın qalmaya. Ona görə uzunçuluq elədim. İncimə, axı biz qardaşıq.

Di salamat qal. Bizdən də nigaran olma. Hamımız yaxşıyıq. Hirslənib elə deyirdim. Amma dediklərim barədə də imkan olsa, bir yaxşı-yaxşı fikirləş. Çalış səni çox təhqir eləməsinlər. Məni təhqir eləmək olardı, çünki MƏN SOVET ƏSGƏRİYDİM. Amma Vallah səni olmaz! Axı SƏN AZƏRBAYCAN ƏSGƏRİSƏN!!!

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG