Keçid linkləri

Ay camaat, qoymayın, bu komanda məni öldürdü…


1995-ci ildə Azərbaycan millisi Fransa yığmasına 0-10 uduzmuşdu, tüstüsü indi-indi təpəmizdən çıxıb qurtarırdı. İndi də bu əhvalat

1995-ci ildə Azərbaycan millisi Fransa yığmasına 0-10 uduzmuşdu, tüstüsü indi-indi təpəmizdən çıxıb qurtarırdı. İndi də bu əhvalat

Bir gün molla evə girəndə ələyin bir tərəfi qalır ayağının altında, o biri tərəfi qalxıb zərblə tutur diz sümüyündən. Ağrıdan dini-imanı qaçan molla hirslənib ələyə bir təpik vurur. Ələk də divara dəyib qayıdır tutur mollanın alnından. Başıyaloylu özünü evdən bayıra atan molla qışqırır ki, ay camaat, bəs qoymayın, ələk məni öldürür!

Nədənsə, bu əhvalat dünən Azərbaycan-İspaniya matçına baxanda yadıma düşdü. Və istədim qaçam bayıra qışqıram ki, ay camaat, qoymayın, bəs bu milli komanda məni öldürür. Sonra xatırladım ki, yox, elə camaat da buradadır və yaman günə qalıb. Birdən anladım ki, ələyin molla ilə heç bir qərəzi olmadığı kimi, milli komandanın da millətlə düşmənçiliyi yoxdur. Yəni günah millidə deyil.

Problem elə bu ispanları bura gətirənlərdədir.

A kişi, görürsən başının üstündən uçub gedir Afrikaya, qoy getsin də. Gərək elə pul verib endirəsən bura. Əgər o pulu mütləq kiməsə vermək lazım idisə və bundan ötrü ən əlverişli imkan ispan variantı idisə, yenə də verəydin onlara. Amma deyəydin ki, ala bu pulu, Bakıya enmə. Yəni bizdən uzaq ol. Onlara da xoş, sənə də xoş. Biz də ki, bu zülmü çəkməzdik.

1995-ci ildə Azərbaycan millisi Fransa yığmasına 0-10 uduzmuşdu, tüstüsü indi-indi təpəmizdən çıxıb qurtarırdı. İndi də bu əhvalat. O biabırçılığı xatırlayanda yenə də təsəllimiz var idi ki, onda millinin baş məşqçisi Ağasəlim Mircavadov cəmi 15 (on beş) dollar maaş alırdı. Bəs indi nəyi özümüzə təsəlli edək? Berti Foqtsun aldığı onun özündən və onu istəyənlərdən başqa çətin ki, kiməsə təsəlli ola. Amma iş bunda da deyil.

Mən fikirləşirəm ki, bu qəzanı başımıza gətirənlər nəyə görəsə bizdən qisas alırlar. Yəni təkcə pulumuzu xərcləməkdən yox, həm də başımızı aşağı eləməkdən də ləzzət almaq istəyirlər. Əgər onlar doğrudan da savab iş görmək istəsəydilər, o pulu verib stadiona Cenifer Lopezi gətirərdilər. Bax bu, işi-gücü düz getmədiyi halda komandası da zəif olan Azərbaycan kişisi üçün ən yaxşı savab olardı. Amma yox, ispanlar gəlib bizi böyük hesabla (0-6) məğlub etməli idilər. Görəsən niyə?

Yenə bizdən kimsə İspaniyanın qapısına bir top vursaydı, düşünərdik ki, bu da savabdır. Düzdü, 700 minlik savab deyil, amma yenə olsun. Heç olmasa, qolun müəllifinin nəvələri gələcəkdə babaları ilə fəxr edərdilər. Və yaxud satılan biletlər ispanları bura endirmək üçün verdiyimiz pulu özümüzdən də olsa çıxartsaydı, yenə deyərdik başa-baş oldu (Allah kəssin belə başa-baş olmağı). Bunun heç biri olmadı. Bəs nə xəbərdi. 5-3 azarkeşin öz sevimlilərini (ispanları) canlı gördüyünü deyəcəksinizsə, bu da ağlabatan əsas deyil. Çünki Tofiq Bəhramov adına Respublika stadionunda o matçın məşəqqətini yaşayanların hamısını milli komanda qarışıq yığıb İspaniyaya aparmaq bundan qat-qat ucuz və keyfiyyətli savab olardı.

Məğlubiyyət səfərin ayağına yazılardı, təşkilatçıların «mənəvi əziyyəti» yüngülləşər, millinin (elə millətin də) də başqa ölkələrin idman dərgilərində hoydu-hoyduya qoyulması uzun çəkməzdi. Hamı da razı qalardı. Azarkeşlər də, təşkilatçılar da, lap elə futbolçular da. O ki, qaldı Berti Foqtsa, o onsuz da narazı deyil.

Bax belə.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG