Keçid linkləri

Multfilmləşən Azərbaycan


Azərbaycandakı son bir neçə ilin gəlişmələri getdikcə Çippolino multfilminin süjet xəttini xatırladır

Azərbaycandakı son bir neçə ilin gəlişmələri getdikcə Çippolino multfilminin süjet xəttini xatırladır

Azərbaycandakı siyasi vəziyyət getdikcə daha maraqlı çalarlar almağa başlayır. Son bir həftədə: Əvvəlcə prezident adminstrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov və Milli Teleradio Şurasının sədri Nuşirvan Məhərrəmli internetə məhdudiyyətlər tətbiq etmək məsələsini müzakirəyə çıxardılar. Dərhal deputat Aynur Camalqızı eyni məsələni parlamentin müzakirəsinə təklif etdi. Cəmiyyət bu təşəbbüslərin şokundan çıxmamış isə «Yeni Müsavat» qəzeti məlumat yaydı ki, Azərbaycan parlamenti «QHT-lər haqqında qanuna mürtəce düzəlişlər» etməyə hazırlaşır, «Turan» informasiya agentliyi isə həmin məsələnin Milli Məclisin 19 iyun sessiyasında müzakirə olunacağı xəbərini yaydı.

SPEKULYASİYA ÜÇÜN MEYDAN GENİŞLƏNİR

QHT qanuna edilən əlavələrlə bağlı məlumatlar dəhşətlidir. «Yeni Müsavat» qəzeti yazır ki, əlavələrə görə ölkədə siyasi treninqlər həyata keçirən ABŞ Milli Demokratiya və Beynəlxalq Respublika İnstitutları, habelə İFES qanundan kənar vəziyyətə salınacaq. Yerli QHT-lərin maliyyələşməsi və fəaliyyət göstərməsi üçün xeyli məhdudiyyətlər tətbiq ediləcək.

Təbii ki, «analiz», daha doğrusu isə spekulyasiya üçün meydan genişdir. Bəlkə Azərbaycan hökuməti əslində yalnız internetə məhdudiyyət qoymaq istəyir, QHT-lər barədə olan əlavələr isə beynəlxalq təşkilatları susdurmaq və onları iki pis variantdan biri ilə razılaşmağa məcbur etmək üçün ortaya atılan «danışıq kartıdır»? Bəlkə əksinə, internetlə qorxudub QHT-lərlə bağlı məhdudiyyətləri keçirmək istəyirlər? Ya da, bəlkə beynəlxalq ictimaiyyətin reaksiyasını ölçəndən sonra elə hər iki məsələni birdəfəlik həll etmək istəyirlər? Ortada olan odur ki, Azərbaycanın rəsmi şəxsləri və rəsmi qurumları yenə də vətəndaşların mülki siyasi azadlıqlarına yeni məhdudiyyətlər tətbiq etmək təşəbbüslərini müzakirə edirlər.

İCAZƏLİ FƏALİYYƏT SFERASI

Amma narahatlıq yaradan fakt təkcə bundan ibarət deyil. Ortada hökumət rəsmilərinin və hökumətpərəst ictimai xadimlərinin siyasi və mülki azadlıqları səhv interpretasiya etmələri tendensiyası var. «Media forum»a verdiyi müsahibəsində Milli QHT Forumunun rəhbəri Azay Quliyevin dediklərinə nəzər salaq - onun dediyinə görə, qanunun 6-cı maddəsinin 2-ci bəndinə təklif olunan düzəlişə əsasən, hər hansı QHT ümumazərbaycan təşkilatı sayılması üçün ölkənin inzibati ərazi vahidlərindən azı üçdəbirini əhatə etməlidir: «Regional QHT-lərin azı üç inzibati vahiddə fəaliyyəti olmalıdır. QHT ölkənin inzibati ərazi vahidlərinin üçdəbirində filiala malik deyilsə, onun rayonlarda fəaliyyətinə icazə verilməyəcək».

Axırıncı cümləyə diqqət edin. Bunlar mülki təşkilatların ictimai fəaliyyətinə dövlət tərəfindən sanksiyalaşdırılmalı – icazə verliməli fəaliyyət sahəsi kimi baxırlar. Və hesab edirlər ki, əgər QHT adlanmaq üçün tələb etdikləri inzibati və maddi imkanlar plankasını yuxarı qaldırsalar bir xeyli QHT-nin fəaliyyətini qadağan etmək üçün hüquqi əsas əldə edəcəklər. Səhv yanaşmadır, cənablar! Bu yanaşma Azərbaycanın öz konstitusiyasına belə ziddir.

QHT-LƏRİN RAYONLARDA FƏALİYYƏTİ BAŞQA HANSI FORMALAR KƏSB EDƏ BİLƏR?

Ayrı-ayrılıqda kollektiv insan hüquqları yoxdur. Mülki, siyasi, mədəni təşkilatların fəaliyyət azadlığı, hətta çox vaxt mübahisələrə səbəb olan milli və dini azlıqların hüquqları ayrıca bir hüquq sferası yox, bir fərdin, bir nəfərin insan hüquqlarının məntiqi inkişafı, onun davamıdır. Azərbaycanda hər bir kəsin qanunla hərəkət azadlığı var, sözdə də olsa söz azadlığı var, heç olmasa qapalı yerlərdə toplaşmaq azadlığı var. Məsələn, rayonda sünnət toyu keçirən şəxs rayon rəhbərliyindən icazə almalı olmadığı kimi, heç bir başqa şəxsin də rayonların birinə gedib beş-üç nəfəri bir yerə yığıb söhbət etməsi, treninq keçirməsi, diskussiya təşkil etməsi üçün rayon rəhbərliyi, ədliyyə nazirliyi, yaxud başqa bir dövlət agentliyindən icazə almağa ehtiyacı yoxdur! QHT-lərin rayonlardakı fəaliyyəti oraya gedib söhbətlər aparmaqdan, diskussiyalar keçirməkdən, treninqlər həyata keçirməkdən ibarətdir. Əcəba, QHT-lərin rayonlarda fəaliyyəti başqa hansı formalar kəsb edə bilər? Və bu fəaliyyət növləri ilə məşğul olmaq üçün onların heç QHT adlanmasına da ehtiyacları yoxdur. QHT işçisi Novella Cəfərovanın bir Azərbaycan vətəndaşı kimi, məsələn Lənkərana gedib 15-20 qadınla söhbət etmək ixtiyarı yoxmudur? Bu fəaliyyət növü hansı hüquqi əsasla qadağan edilə bilər?

QHT-lərin statusu sivil ölkələrdə (Rusiya və Özbəkistan təcrübəsi təbii ki, bu sıraya aid edilmir) onların dövlətdən ala biləcəkləri güzəştləri müəyyənləşdirmək üçün qanunla tənzimlənir başqa şeyə görə yox. QHT fəaliyyəti gəlirsiz sahə, qeyri-kommersiya sahəsi olduğundan həmin təşkilatlar üçün müəyyən qaydalar müəyyən edilir ki, əldə etdikləri pulun ictimai-mülki işlərə xərcləndiyi sübut olunsun və hökumət həmin pula görə QHT işçilərindən şəxsi gəlir vergisi tutmasın. Vəssalam. Dövlət hər hansı başqa formada QHT fəaliyyətini tənzimləmir və tənzimləyə də bilməz. Yuxarıda qeyd etdiyim səbəblərə görə. Azərbaycanda isə bu sahənin qanuni mexanizmləri, terminləri və fundamental insan haqlarına bağlı müddəalar belə baş-ayaq təfsir olunurlar.

Azərbaycandakı son bir neçə ilin gəlişmələri getdikcə Çippolino multfilminin süjet xəttini xatırladır. Son QHT və internet məhdudiyyətləri söhbəti isə havaya, yağışa, tufana və küləyə vergi qoyan Sinyor Pomidorun Balqabağın evini sökməyə cəhd etdiyi səhnə ilə dəhşətli bir oxşarlıq təşkil edir. Özünüz baxa bilərsiniz: http://www.youtube.com/watch?v=Xw-fU8Uopko

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG