Keçid linkləri

Təcili xəbərlər

Həyat linzasının "Qırılma Nöqtəsi"


Hadisələr insana yön verir. Qəfildən elə bir hadisə ilə qarşılaşırsınız ki, fərqinə anındaca varmırsınız. Çünki o hadisənin ölçüsü ilə onun dərkolunma surəti arasında mütənasiblik olmur.

Zaman keçir. Və o hadisədən rəngli elementlər müxtəlif səhnələr formasında qarşınızda canlanır. Kompleks halında dərk olunmayan hadisə kiçik hissələrə bölünüb aydınlaşdırır özünü. Hadisə insanı dəyişdirir. Türkiyə türkcəsində bu daha gözəl səslənir: “Qırılma Nöqtəsi”

Robert Capanı tanıyanlar yaxşı bilər, keçən əsrin ən böyük müharibə fotoqraflarından biri sayılır. Amma Capani hərbi səhnələrdən əvvəl portretlər çəkirdi. İlk öncə Picassonun, Hemingueyin, Trotskinin portretləri, və bir də gündəlik həyatdan bəhs edən fotoları ilə məşhurlaşdı.

30-cu illərdə İspaniyadakı qanlı vətəndaş müharibəsi zamanı ora getdi. Və nə gördüsə həyata baxışı dəyişildi, “Qırılma Nöqtəsi” baş verdi. Onun həyat linzasındakı dəyişiklik fotoobyektivini həyatın yeni üzünə istiqamətləndirdi. Müharibələrdən müharibələrə qaçdı, güllə yağışı altında “Death od a Loyalist Soldier” fotoəsərini yaratdı. Bu əsər indi də müharibə ikonu hesab olunur.

Steven Spielbergin “Sıravi Raynın xilası” (Saving private Ryan) filminin bir çox foto görüntüləri onun əsərlərindən ilhamlanıb, Barselonada şən cütlüklərin maraqlı anlarını yaxalamağa çalışan həmin fotoqraf Nazilərə qarşı ikinci cəbhəyə Normandiyaya çıxan əsgərlərlə birgə idi...

İnsan o zaman mənalı həyat yaşayır ki, o artıq özü üçün mənalı ölüm növü seçib. Robert Capa 1954-cü ildə fransız işğalında olan Vyetnamdakı müharibəni yaşadığı an minanı tapdayaraq “Qırılma Nöqtəsi”nin son nöqtəsini qoydu. Mövzuya uyğun deyil, amma deyim: Capa tanış olmayan Vyetnam torpaqlarında minanı tapdayanda da xoşbəxt idi Kamyunun Sizifi kimi, buna əminəm, çünki bu həyatı ona seçən özü idi.

Mən əslində başqa şeylərdən - “Yaşıl Bazar”da satıcıların məni xarici vətəndaş hesab edib məni səmimi olaraq ələ salmalarından; bəzən ifadə vasitəsi kimi etik və estetik gözəlliyini itirmiş sözlərlə mənə müraciət edib fotolarını çəkməyimi xahiş etmələrindən; hətta ailə üzvlərim haqqında üzümə “xoş” təriflərin deyilməsindən; bəzilərinin Bakının modern göydələn binası fonunda, zibilliklər içində bir tikə çörəklərini bölüşüb nahar etmələrindən; dizə kimi lığın içində qara çörək axtarmalarından yazacaqdım. Amma yaza bilmədim, düşündüm ki, bəlkə bu hadisələrin rənglədiyi mənzərələr də “Qırılma Nöqtəsi”nin bir hissəsidir. Ona görə sevgim var o insanlara.

Bu gün nə yaşadığımızın fakturasını sonralar əldə edəcəyik.

XS
SM
MD
LG