Keçid linkləri

Keçmişindən qurtula bilməyənlər...


Bir dəfə Heydər Əliyev demişdi ki, o, sovetlər birliyini quranlardan və eyni zamanda dağıdanlardan olub

Bir dəfə Heydər Əliyev demişdi ki, o, sovetlər birliyini quranlardan və eyni zamanda dağıdanlardan olub

Azərbaycan daha bir «Qurtuluş günü»nü yaşadı. Bir daha insanlar nədən qurtulduqlarını bilməyərək bayram şənliyinə toplaşdılar. Hərçənd insanları qınamaq lazım deyil. Orta statistik azərbaycanlı gündəlik məişət qayğıları ilə o qədər yüklənib ki, onun hətta öz hüquqları haqqında fikirləşmək üçün imkanı yoxdur. Sıravi Azərbaycan vətəndaşı öz müdirinin tələbi ilə müxtəlif bayram şənliklərinə qatılır, iş yerini itirməmək üçün YAP-a üzv olmaq haqda ərizələr verir.

Keçmiş sovetlər birliyinin yüksək rütbəli məmur nomenklaturası arasında ən müxtəlif milliyyətlərinin nümayəndələri olmuşdu. İndi onların hamısı artıq unudulmuş tarixin bir hissəsinə çevriliblər. Məsələn, Eduard Şevarnadze də sovet dövlətində yüksək vəzifə sahibi olmuş, uzun müddət Gürcüstana rəhbərlik etmişdi. Amma gürcülər keçmişin əsiri olmadıqlarını sübut etdilər. Gürcülər eyni münasibəti İosif Stalinə də bəsləyə bilərdilər.
Maraqlıdır, görən azərbaycanlıların arasında bu cür şəxsiyyət olsaydı, onlar nə edərdilər?

Çox güman ki, onu fetişləşdirib bütə çevirərdilər! YAP-n «ulu öndər» adlandırdığı Heydər Əliyev Sovetlər Birliyində adı çəkilən şəxslərdən daha az səlahiyyətə malik olmuşdu. Amma o, hər dəfə öz müsahibələrində keçmiş SSRİ-də böyük səlahiyyətlərə və nüfuza malik olduğunu deyirdi. Hətta bir dəfə türkiyəli jurnalistə müsahibə verərkən Heydər Əliyev demişdi ki, o, sovetlər birliyini quranlardan və eyni zamanda onu dağıdanlardan biridir. Amma danılmaz tarixi fakt var: SSRİ qurulandan düz bir il sonra Heydər Əliyev anadan olmuşdu! 1922-ci ildə qurulan dövləti 1923-cü ildən anadan olan Heydər Əliyev necə qura bilərdi?!

Amma YAP-çıların təbliğat maşını elə istiqamətə yönəlib ki, Heydər Əliyevi dünyanın ən böyük siyasətçiləri sırasına daxil etsinlər!..

Ümumiyyətlə, orta statistik azərbaycanlının şüuru daha çox keçmişə yönəlib. Amma dünyada kifayət qədər ölkə var ki, heç «qədim» tarixə malik olmayıb, «böyük şəxsiyyətləri» yoxdur! Amma onlar indi gözəl quruluş yaradıb ən azı azərbaycanlılardan qat-qat yaxşı yaşayırlar!

Beləcə, Azərbaycanda isə hər şey tərsinədir: keçmiş miflərdən ibarətdir, gələcək isə qeyri-müəyyənliklərlə doludur...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG