Keçid linkləri

İran bir daha aldadarsa...


İrandakı proseslər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə izlənməkdədir

İrandakı proseslər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə izlənməkdədir

İrandakı proseslər dövlətlər və beynəlxalq təşkilatlar tərəfindən ciddi şəkildə izlənməkdədir. Hadisənin finalını hələ ki heç kim proqnozlaşdıra bilmir. Hətta ABŞ rəsmiləri də prosesə aydınlıq gətirə biləcək mövqe tuta bilmirlər. Artıq sabiq prezidentlər də Barak Obamanı tənqid edirlər. Məsələn, sabiq prezident Corc Buş Obamanı İrana qarşı mülayim mövqe tutmaqda qınayır.

İranın dünya birliyini aldatmaq sahəsində böyük təcrübəsi var. Hətta ola bilsin, seçkinin nəticələri ləğv edilsin, başqa bir adam hakimiyyətə gəlsin. Amma bütün bunlar, çətin ki, rejimin və teokratik dövlətin mahiyyətini dəyişmiş olsun. Qərbdə İranla bağlı islahatlar daim gündəlikdə olduğundan ruhani hakimiyyəti hər dəfə siyasi səhnəyə yeni bir adam gətirir və dünyanı inandırmağa çalışır ki, yeni hakimiyyət əsl islahatçı olacaq. Bu ssenari artıq dəfələrlə tətbiq edilib.

Beləcə, islahatçı rolunu oynayan növbəti prezidentlər səlahiyyət müddəti baş çatdıqda «mən bu rejimi zəiflətməyə yox, gücləndirməyə gəlmişdim» deyirlər. Bununla da həqiqi islahatlarla bağlı ümidlər növbəti dəfə puç olur. Amma teokratik rejim bununla təkcə dünya birliyini aldatmır, eyni zamanda öz cəmiyyətini, vətəndaşlarını aldadır.

Bunu etiraz aksiyaları da sübut edir.

Yox, əgər indiki prezident hakimiyyətdə qalarsa, bu, İrana qarşı münasibəti daha da gərginləşdirəcək. Məsələ bundadır ki, hazırkı prezident heç bir beynəlxalq və yaxud yerli çərçivə tanımır. Ona baxanda adamın yadına keçmiş sovet məmurları və dövlət başçıları düşür. Onların «ustanovkası» bu idi ki, yalanı danışarkən uca danış ki, həqiqətə oxşasın. İndiki prezident bu istiqamətdə - yalanı həqiqət kimi cəmiyyətə sırımaq üçün çox çalışdı. Amma sevindirici haldır ki, cəmiyyətin böyük bir qismi yalanı həqiqət kimi qəbul etmir.

Qayıdaq indiki hadisələrə. Artıq qeyd edildiyi kimi, mümkündür ki, rejim bu dəfə də qalib gəlsin, hamını növbəti dəfə aldada bilsin. Amma bu, bütün hallarda İrana qarşı münasibətin daha da pisləşməsinə səbəb olacaq. İstisna deyil ki, bu vaxta qədər İran rejiminə loyal münasibət bildirən bəzi Avropa dövlətlərinin də mövqeyi dəyişsin və bu, İrana qarşı koalisiyanın möhkəmlənməsinə səbəb olsun.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG