Keçid linkləri

Professor Cəmil Həsənli «Can Bakı»ya müsahibəsində deyib ki, sovet cəmiyyəti çox maraqlı cəmiyyət olub. Onun görünən tarixi nə qədər yeknəsəqdirsə, görünməyən tarixi bir o qədər cəlbedicidir. «Sovet tarixi detektiv romanlara bənzəyir. Əgər biz siyasi elitada xalqla hakimiyyət arasında gedən proseslərin real mənzərəsini yarada bilsək, bu, detektiv roman qədər maraqlı olar». Doğrudan da, Cəmil müəllimin 1954-59-cu illəri əhatə edən «Milli məsələ» kitabı lap detektiv roman kimi birnəfəsə oxunur…

AZƏRBAYCAN DİLİ NECƏ DÖVLƏT DİLİ OLDU?

Cümhuriyyətin 1918-ci il iyunun 27-də çıxardığı qərarla türk dili dövlət dili élan olunmuşdu. Ancaq ömrügödək dövlət yıxılandan sonra türk dilinə adıyla birgə balta çalındı. Azərbaycan dilinin Azərbaycan Sovet Respublikasında nə hörmətdə olduğunu ötən yazıda canlandırmışdım. 20-ci illərdə Azərbaycan dili az-çox gündəmdə qalmışdısa da, 30-40-cı illərdə insanlar kimi repressiyaya uğramışdı. Deyilənə görə, dilə münasibət, hətta S.M.Kirovun vaxtında M.C.Bağırov dönəmindən daha yumşaq imiş…

50-ci illərdə ən qorxulu bir məqam da, Azərbaycan məktəblərində oxuyan şagirdlərin kəskin azalmasıydı…Valideynlər uşaqlarının daha uğurlu karyera qazanması üçün rus bölmələrinə üz tuturdular.

Anonim məktubların sayı isə azalmırdı. DTK sədri F.Kopilovun 1956-cı ildə İmam Mustafayeva yazdığı arayışdan açıqca görünürdü ki, Azərbaycan dilinin dövlət dili olması tələbi ilə partiya və hökumət rəhbərlərinə ünvanlanan açıq və anonim məktubların, müraciətlərin, vərəqələrin sayı durmadan artır. Üstəlik, Azərbaycanın iki qonşusu hələ 1937-ci ildən konstitusiyalarında öz dillərini dövlət dili etmişdilər. Bunlar Gürcüstan SSR və Ermənistan SSR idi…

MİRZƏ İBRAHİMOV KABİNETİNDƏ İMAM MUSTAFAYEVLƏ NƏDƏN DANIŞDI?

1956-cı ilin iyununda Mirzə müəllim Azərbaycan dili məsələsini hüquqi müstəviyə keçirməyə ilk cəhd etdi. İmam Mustafayevlə ikilikdə məsələni müzakirə etdi. İ.Mustafayev onu dəstəklədi, ancaq MK-da müzakirəni də vacib saydı. Onda M.İbrahimov büroya yazılı müraciət hazırlamaq istədi. İ.Mustafayev razılaşmadı, şifahi müzakirəni üstün tutdu. 1956-cı il iyulun əvvəllərində layihə MK-da müzakirə edildi və yekdilliklə bəyənildi. M.İbrahimov iyulun 17-də Moskvada SSRİ Ali Sovetinin sədri K.Y.Voroşilovla da məsələni razılaşdırdı.

QANUN QƏBUL EDİLDİ!

Özü də, Sov.İKP MK-dan razılıq alınmadan! 1956-cı il avqustun 20-də Azərbaycan SSR Ali Sovetin sessiyası Əsas Qanuna Dövlət dili haqqında maddə əlavə edilməsi barədə qanun qəbul etdi. Sessiyada deputat Rəsul Rzanın çıxışı alqışlarla qaşılandı. Azərbaycan dili dövlət dili statusu aldı. Bu dildə təhsil almağın konstitusion əsasları möhkəmləndi, məktəblərdə ana dilində oxumağın hüquqi bazası gücləndi. Eyni zamanda, MK «Azərbaycan SSR-in rus, erməni və gürcü dilli məktəblərində Azərbaycan dilinin tədrisi haqqında» qərar çıxardı (sonra erməni və gürcü məktəblərində hissəsi ixtisar olundu). Həmin ilin oktyabrın 26-da Mirzə İbrahimovun sonralar Moskvada cümlə-cümlə incələnəcək «Azərbaycan dili dövlət idarələrində» məqaləsi «Kommunist» qəzetində çap olundu. Bu məqalə haqda ayrıca danışarıq. Hələ görək dilin dövlət dili olması necə qarşılandı?

AZƏRBAYCANDA ANA DİLİN DÖVLƏT DİLİ OLMASI BOMBA KIMI PARTLADI!

20 gün sonra Bakının böyük zavodlarının bir qrup qeyri-azərbaycanlı fəhləsi Moskvaya-Xruşşova, Voroşilova və Qrişinə qərarın düzgün olmadığı barədə müraciət göndərdi: «Azərbaycanlılar həyasızcasına iclasları, kargüzarlıq işlərini öz dillərində aparmağa başlayıblar. Bakıda bu ola bilməz! Əks təqdirdə narazılıq dalğası güclənəcək».

Və aramsız məktublar və müraciətlər başladı, nə başladı! Ən acınacaqlısı da, bu axına ruslaşmış azərbaycanlıların qoşulmasıydı…

Bakı məktəblisi, milliyyətcə rus olan şagird, görün Xruşşova nə yazırdı: «Azərbaycan dilinin keçilməsi nəinki rus məktəblərində, heç Azərbaycan məktəblərinin özündə belə lazım deyildir. Azərbaycan dilində danışmaq kimə lazımdır? Ölçü götürün».

Azərbaycan SSR Ali Sovetinin iclası, 1956
Əziz oxucu! Bütün bunları ona görə yazıram ki, DİLİMİZİN necə keşməkeşlərdən keçdiyini biləsən!

MİRZƏ İBRAHİMOVUN «AZƏRBAYCAN DİLİ» MƏQALƏSİ NİYƏ ALƏMİ QARIŞDIRDI?

Maraqlıdır ki, məqalə müəllifin öz imzasıyla verilmişdi. Halbuki o vaxt Mirzə müəllim Ali Sovetin Rəyasət Heyətinin sədriydi! Böyük vəzifə sahibi olan böyük yazıçı yazırdı: «Hakim» millətin, «böyük» millətin məzlum millətə, kiçik millətə göstərdiyi hər hansı təzyiq ancaq nifrət və nifaq duyğuları oyadır, əzilən milləti tarixi intiqam saatını gözlətməyə məcbur edir». Daha sonra Mirzə müəllim Çar Rusiyasının adıyla Sovet hökumətinin iç üzünü belə açıb tökürdü: «Çarizm qeyri-rus xalqları ən kobud və vəhşi jandarm üsulu ilə əzir, həyasızcasına «ruslaşdırma» siyasəti aparırdı, milli mədəniyyətlərə, milli dillərə qarşı təcavüzkar hərəkət edirdi…»

Məncə, hər kəs bu məqalədən ona çatacaq payı yetərincə almışdı. Sonda müəllif Azərbaycan dilinə hörmətsiz yanaşanlara deyirdi: «…işlərin azərbaycanca aparılması qanuni bir haldır. Çünki bir xalqın öz idarələrində ana dilində idarə etmək arzusundan təbii bir şey ola bilməz».

MİLLİ İDEYANIN «BAŞ MEMARI» BU HÜCUMLARA NECƏ DÖZDÜ?

Mirzə müəllimin bu məqaləsi uzun illər unudulmadı, hətta sətirbəsətir tərcümə edilib Moskvaya da göndərildi. Azərbaycan KP MK-nın 8-ci plenumunda çək-çevir edilməsi bəs deyildi, Moskvada da topa tutuldu. Və o bütün bunlara dözüb dayandı! Çünki tarix yazdığının fərqindəydi! O, Azərbaycan tarixinin uzun bir dönəmində bizlərə «BÖYÜK DAYAQ» olmağı bacardı! O, təkcə bu işinə görə, «Gələcək gün»lərdə onu əbədi rəhmətlə ananların olacağını dəqiq bilirdi. Və o nahaq yerə «Mənliyi olmayan xalq, şəxsiyyəti olmayan adam kimidir!» söyləmirdi. Ona min rəhmət!

Bax belə. «Qayıdış»ın 2-ci hissəsi bitir. 3-cü hissədə nələri oxuyacaqsınız:

- Azərbaycan KP MK-nın plenumu necə sonuclandı?
- Rəhbərlik niyə Mirzə İbrahimovu qurbanlıq seçdi?
- 1959-cu il iyunun 24-də keçirilən Sov.İKP MK-nın plenumunda Azərbaycan rəhbərliyi hansı cəzanı aldı?
- Və nəhayət, Azərbaycan dili ictimai proseslərin aparıcı istiqamətinə necə çevrildi?

Yenidən görüşmək ümidiylə!

Şərhləri göstər

XS
SM
MD
LG