Keçid linkləri

Bu həftə yenə də külək iki əlini ağzına salıb var gücü ilə Bakını fitə basdı. Addımbaşı rast gəlinən tikintilərin qumunu, özül yeri sovet binalarının hündürlüyündən dərin olan «göydələn»lər üçün yenicə qazılmış uçurumların tozunu-torpağını götürüb küçədə vurnuxan insanların gözünə, ağzına doldurdu.

Fitə basıb ələ saldı, tozlayıb qisas aldı.

Hər dəfə belə olanda, ağzına dolanı tüpürcəyi, gözünə girəni kirpikləri ilə rədd eləməyə çalışan adamlar paltarın yaxalığından bədənə darışan qumun gətirdiyi narahatçılığa etinasız təslim olurlar. Əsas düşüncələr mənzil başına mümkün qədər tez çatmaq variantlarının axtarışına yönəlir. Səkilərin ortasında saxlanmış maşınlar belə məqamlarda daha çox özlərini hiss etdirirlər. Boyu Limuzinin uzunluğunun bir addımlığında dayanan «cip»lərin arası ilə xeyli getdikdən sonra aydın olur ki, buradan qurtuluş yoxdur. Geri qayıdıb səkidən yola çıxırsan. Arxadan vızıltı ilə gəlib keçən maşınlar küləyin şiddətini bir az da artırırlar. Düşünürsən ki, əgər indicə hansısa atasırəhmətlik səni təkərlərinin altına alsa, sonra meyitini hamı qınayacaq ki, bəs o boyda səkini qoyub yolun ortası ilə niyə gedirdin! Amma hələ ki, bu baş verməyib yolun ortası ilə gedirsən və bu vaxt «evakuvator»un səkidəki maşınları yığışdırmaq əvəzinə sahibi tələsik aptekə girmiş maşını yol kənarından sürüyüb apardığını görürsən. Görürsən və təəccüblənmirsən. Çünki yaxşı bilirsən ki, burası Azərbaycandır. Amma hərdən bağırmaq istəyirsən ki, ey «evakuatorşik», maşını yox, məni apar. Mən öz yolumdan kənardayam, qəza törədə bilərəm! Sonra səninlə istəyinin arasına küləyin fiti girir. Girir və deyir ki, səndən bağıran olmaz. Yaxşısı budur evə gedib canının qumunu təmizlə!

Beləcə səkilərdə saxlanan maşınların sahiblərinin, tikinti qaydalarına əməl etməyən iş adamlarının və yol hərəkətindən çox özünün qayğısına qalan Yol Polisinin əməllərinə laqeyd qaldığımıza görə fitə basır bizi külək.

Nəhayət, qaçıb evə girirsən. Tələsik vanna otağına keçib yuyunmaq, tikintilərin, qazıntıların saçlarında, boyun-boğazında gətirdiyin qumunu, torpağını günaşırı tutulan kanalizasiyaya axıtmağa hazırlaşırsan. Əlini atırsan krana, su gəlmir. Amma hələ də qapı-pəncərənin arxasından küləyin fiti gəlir. Elə bil, külək bizi təkcə çöldə laqeydliyimizlə becərdiyimiz eybəcərliklərə görə yox, həm də evimizdəki çatışmazlıqlara görə fitə basır. Hələ kim bilir nə qədər bu fitin səsi eşidiləcək.

P.S

Səhər tezdən yuxudan durursan, sakitlikdir. Dünyanın mövcudluğunda adı çəkilən 4 ünsürdən ən şıltağı artıq səsini kəsib.
Vanna otağına keçib kranı açırsan, su gəlir. Tələsik özünü duşun altına salırsan. Çox keçmir ki, ayaqlarının ucundan daş döşəməyə sarı palçıq axır. Baxırsan və fikirləşirsən ki, hə, doğrudan da bizi fitə basmağına dəyər.

Şərhləri göstər

XS
SM
MD
LG