Keçid linkləri

XX əsrdə Azərbaycanda milli ideya uğrunda mübarizə milli dil uğrunda mübarizədən keçir. «Azərbaycanda milli məsələ… (1954-59-cu illər)» kitabının müəllifi professor Cəmil Həsənli «Azadlıq» radiosunun «Can Bakı» proqramına müsahibəsində belə söyləmişdi.

Bəlkə də, dili yasaqlanmayan, dilinə qarşı imperialist niyyətlər güdülməyən xalqlarda bu belə deyil. Ancaq bizim taleyimizi yaşamış xalqlarda milli dil uğrunda mübarizə milli ideyanın mərkəzi məsələsidir…

ÖTƏN YÜZİLİN 50-Cİ İLLƏRİNƏ ÖTƏRİ BAXIŞ…

Stalinin ölümündən sonra (1953) SSRİ adlanan «xalqlar həbsxanasında» dəyişikliklər başladı. Bu dövrə ilıqlaşma, yumşalma dövrü də deyilir (adını İlya Erenburqun «Ottepel» romanından alıb). Buzlar, ağır-ağır da olsa, əriməyə məhkum idi. Sov.İKP-nin XX qurultayı (1956) Stalin cinayətlərini adıyla çağırdı, şəxsiyyətə pərəstişi ifşa etdi. Ölkə reabilitasiya dövrünü yaşamağa başladı. Repressiya, deportasiya qurbanları bəraət aldılar. Adını çəkdiyim qurultayda, hətta müttəfiq respublikaların hüquqları artırıldı.

1954-cü ildə Azərbaycana yeni rəhbərlik «gəldi» - İmam Mustafayev, Sadıq Rəhimov və Mirzə İbrahimov. Onların ən önəmli özəlliyi keçmişlərinin təhlükəsizlik orqanları ilə bağlı olmamasıydı. Ən əsası, üçlükdə Azərbaycanın taleyi ilə bağlı güclü təəssübkeşlik var idi.

İmam Mustafayev
Bu illər ədəbiyyatda, tarixdə, mədəniyyətdə dirçəliş, oyanış illəri idi. Milli ideyanın formalaşmasında müəyyən xidmətləri olan ədəbiyyat və sənət adamları yetişmişdi. «Kitabi –Dədə Qorqud» eposunun üstündən qadağa götürüldü. Məhəmməd Füzulinin vəfatının 400 illiyi (1958) böyük təntənə ilə keçirildi. Nəriman Nərimanovun adını qorxmadan çəkmək olurdu (1955-ci ildə 85 illik yubileyi qeyd olundu, Bakının rayonlarından birinə, Tibb İnstitutuna və s. onun adı verildi). Üçcildlik «Azərbaycan tarixi» kitabının nəşrinə başlandı və s.

ÖZ DİLİNİ BİLMƏYƏN, YA BİLİB DANIŞMAYAN KİMDİR?

Bu dövrdə milli ideyanın, Şirməmməd Hüseynov demiş, milli qeyrətin, milli təəssübün qərargahı Azərbaycan Dövlət Universiteti idi. Şirməmməd müəllim söyləyir ki, dilimiz dövlət dili elan olunandan sonra Moskva bərk təşvişə düşmüşdü. Bir də gördük, universitetin Elmi Şurasına təklif veriblər ki, Partiya tarixi, Rus ədəbiyyatı tarixi və Xarici ədəbiyyat tarixi Azərbaycan bölməsində rus dilində tədris olunsun. Biz tufan qopardıq. Qorxub geri çəkildilər…

Daha bir misal. 1957-ci ildə məşhur türk şairi Nazim Hikmət Bakıya gəlir. Universitetdə tələbələrlə görüşdə, ona kağıza yazılı sual ötürürlər: Azərbaycan dilini bilməyən və yaxud bilib bu dildə danışmayan ziyalını necə qiymətləndirmək olar? Şair sualdan yayınır. Görüşün sonunda çıxış edən Mirzə İbrahimov bu sualı ucadan oxuyub özü cavablandırır: Azərbaycan dilini bilməyən, ya bilib bu dildə danışmayan ziyalı əclafdır… Cavab gurultulu alqışlara səbəb olur. Bu gurultunun səsi Moskvaya - Nikita Xruşşova da gedib çıxır. İki ildən sonra MK Plenumunda o İmam Mustafayevdən: «Bu olmuşdurmu, yoldaş Mustafayev?» - deyə soruşanda, ondan: «Mirzə İbrahimov tənbeh edilmiş, bütün vəzifələrdən azad edilmişdir» - cavabını alır…

Sadıq Rəhimov
1958-ci il yanvarın 8-də M.İbrahimov «səhhəti ilə bağlı» Ali Sovetin Rəyasət Heyətinin sədri vəzifəsinə əlvida deyir. 6 ay sonra Nazirlər Sovetinin sədri Sadıq Rəhimov eyni taleni yaşayır. Birincini millətçilikdə suçlayırdılar, ikincini yerliçilikdə. 1957-ci ildə Azərbaycan qazının Ermənistana, Gürcüstana nəqli məsələsi müzakirə ediləndə, MK-nın bürosunda Sadıq Rəhimov buna etiraz edir. Deyir ki, rayonlarımızda qaz çatışmadığı halda, biz niyə qazımızı ermənilərə, gürcülərə verməliyik? O hətta Mingəçevirdən qonşulara elektrik xətti çəkilməsinə, Daşkəsən filizinin Rustaviyə daşınmasına da etirazını bildirir (Yazıq Azərbaycanım!). Yerliçilik, sən demə, bu imiş! Beləliklə, bir az öncə adını çəkdiyim üçlükdən yeganə «sağ» qalan İmam Mustafayev olur…

İMAM MUSTAFAYEV BÜTÜN GÜNAHLARI MİRZƏ İBRAHİMOVUN ÜSTÜNƏ YIXIR!

Axır ki, 50 il bundan öncə keçirilən Azərbaycan KP MK-nın 8-ci plenumunun üstünə gəlib çıxdıq. Artıq siz bu plenuma qədərki Azərbaycanın durumu ilə, qismən də olsa, tanışsınız. Harada qalmışdıq? Hə, plenumda söz alan məruzəçi, MK katibi Abdulla Bayramov sözü hərlədib-fırladıb, Mirzə müəllimin «Azərbaycan dili dövlət idarələrində» məqaləsinin üstünə gətirib çıxarır. Plenumun mövzusu yaddan çıxır. Mirzə müəllim daşın hansı pəncərədən atıldığını duyur və cavabı daş atanın - İmam Mustafayevin tənqidi üzərində qurur...

Mirzə İbrahimov
Sonra dil məsələsinə keçir. Azərbaycan dilinə olan sayğısız münasibətlə bağlı ona edilən saysız müraciətləri sadalayır, gerçək vəziyyəti misallarla anladır və «mən də başqaları kimi gözlərimi yumub, qulaqlarımı tıxaya bilərdim, ağzıma su alıb susa bilərdim» söyləyir, ancaq «kommunist vicdanım buna yol vermədi». O bu işi tək etmədiyini, indi İmam Mustafayevin niyə ikili mövqedə durduğunu anlamadığını əlavə edir. Məruzəçinin də cavabını verir.

Sonra çıxışçılar başlayırlar. Onu daha nədə ittiham etmirdilər? Məsələn, Qasım İsmayılov Rayon Partiya Komitəsinin katibinin sözlərinə görə, dil haqqında söhbət ortaya atılandan sonra, gənclərin bir hissəsi rus dilini öyrənməkdən imtina edir. Bir başqası - Puşkin rayonunun katibi onun məqalələrindən «millətçilik qoxusu» gəldiyini, yazıçının əsl həyatı bilmədiyini iddia edirdi...

«Qayıdış»ın 3-cü hissəsi burda bitir. Sabah - 4-cü, sonuncu hissədə nələri oxuyacaqsınız?

-Mirzə müəllim plenumda özünü niyə Molla Nəsrəddinlə müqayisə etdi?
-Qurbanlıq vardısa, İmam Mustafayev niyə canını qurtara bilmədi?
-Üçlük nə adla param-parça edildi?
Və nəhayət
-Bu qədər önəmli tarixlər varkən, «Azərbaycan dili günü» niyə avqustun 1-də qeyd olunur?
XS
SM
MD
LG