Keçid linkləri

Bir müğənni, iki prezident...


Dünya bir neçə gündür ki, Maykl Ceksonun ölümünün səbəblərini araşdırır, onun ölümünə ağlayır

Dünya bir neçə gündür ki, Maykl Ceksonun ölümünün səbəblərini araşdırır, onun ölümünə ağlayır

Dünya bir neçə gündür ki, pop və rok musiqisinin məşhur kralı Maykl Ceksonun ölümünün səbəblərini araşdırır, onun ölümünə ağlayır. Özünün bədəni və dərisi ilə daim konfliktdə olan məşhur müğənni həyatı haqqında ən dürüst fikri özü deyib: sən demə, rəngini dəyişmək heç nəyi həll etmir, hamı öz rəngində qalsa daha yaxşı olar!

Maraqlıdır ki, hətta belə bir məqamda dünya siyasəti öz ahəngində cərəyan edir. Hətta xarici siyasətdə Ceksonun ölümündən də maraqlı hadisələr baş verir.

Rəngini dəyişməyin faydasız olduğunu gec də olsa anlayan məşhur pop musiqiçisindən fərqli olaraq siyasət öz rəngini tez-tez dəyişir...

Beləliklə, eyni vaxtda iki prezident Bakıya rəsmi səfərə gəldi. Əvvəllər Bakıda heç belə sıxlıq olmazdı. Amma son nəticədə aparan, qazanan yenə də Rusiya prezidenti oldu – Azərbaycan qazının bir hissəsi satılmaq üçün Rusiyaya ötürüləcək. Çox maraqlıdır ki, əvvəllər rusiyalılar deyirdilər ki, Azərbaycandan qazı bazar qiymətlərinə almaq niyyətindədirlər. Onda sual yaranırdı ki, bəs rusiyalılar özləri onu hansı qiymətə satmaq fikrindədirlər?

Bəlkə də bunun nəticəsidir ki, indi bazar qiymətləri haqqında söhbət getmir, sadəcə deyilir ki, kommersiya qiyməti hər iki iştirakçının maraqlarına uyğun həddədir. Beləcə, qaz müharibəsinin birinci raundunu Rusiya uddu. Bəs bundan sonra nə olacaq? Ola bilsin, bu Nabucco layihəsinin iştirakçılarını işi sürətləndirməyə sövq edəcək, çünki bu layihə ilə bağlı ancaq şifahi bəyanatlar mövcuddur.

İsrail prezidentinin də səfəri müəyyən mənada neft və qazla, həm də ola bilsin, səfirliyin açılması ilə bağlı idi. İsrail prezidenti də neft və qazın nəqli üçün yeni istiqamət təklif etdi – söhbət Qırmazı dənizdən gedirdi. Bakı-Ceyhan kəməri İsraili ərəb ölkələrinin diktəsindən qurtarmışdı, çünki Azərbaycan neftinin böyük bir hissəsini məhz İsrail alırdı...

Amma İsrail prezidentinin səfərinin başqa detalları da var. İndiki vaxtda İsrail prezidentini qarşılanması Türkiyəyə qarşı yönələn ciddi diplomatik jest idi. Bu, müəyyən mənada rəsmi Bakının Türkiyə – Ermənistan danışıqlarına cavabı idi. Ermənistan da öz növbəsində dinc dayanmır, belə görünür ki, o da ciddi axtarışdadır. Serj Sarkisyanın Mixail Saakaşvilini öz ölkəsində qarşılaması və hətta onu ordenlə təltif etməsi Rusiyanı möhkəm şəkildə qeyzləndirib. Ən başlıcası budur ki, Ermənistanın hərəkətlərində məşhur «MDB sindromu» özünü büruzə verir. Bir vaxtlar Azərbaycan Rusiyaya yaxınlaşanda Ermənistan uzaqlaşmaq xətti götürürdü və tərsinə...

İndi də vəziyyət belədir – Azərbaycan Rusiyaya nə qədər əyilsə, Ermənistan bir o qədər Qərbə tərəf əyiləcək. Azərbaycan heç vaxt bunu unutmamalıdır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG