Keçid linkləri

Azərbaycan hökuməti geri çəkildi. QHT və media haqqında qanunlara edilməsi planlaşdırılan mürtəce dəyişiklik və əlavələr kənara atıldı. Öz sifətini saxlamaq üçün Azərbaycan parlamenti həmin qanunlara düzəlişlər etdi, amma əvvəlki təşəbbüslə müqayisə bu dəyişikliklər xeyli dərəcədə zərərsizdir. Bir qədər əvvəl Azərbaycanın hökumət rəsmiləri və onların qeyri-hökumət təşkilatı adına cəmiyyətə sırımağa cəhd etdikləri qurumların nümayəndələri QHT və media qanunlarına qeyd edilən mürtəce dəyişikliklərin tətbiqini nə cür alqışlayırdılarsa, yuxarıdan komanda gələndən sonra eyni şövqlə həmin düzəlişlərin dövrlə ayaqlaşmadığı barədə yeni mahnılar oxumağa başladılar. Etiraf edim ki, ürəkaçan səhnədir.

NƏ BAŞ VERDİ?

Sadəcə olaraq, ilk dəfə beynəlxalq qurumlar Azərbaycan hökumətinin qeyri-hökumət təşkilatlarını belə tam nəzarətə götürmək və hətta beynəlxalq təşkilatları ölkədən qovmaq niyyətlərinin ciddi olduğunu gördülər. Gördülər, qəzəbləndilər və hərəkətə keçdilər. Avropa Şurası, Venesiya Komissiyası, ayrıca olaraq Avropa Şurasının Parlament Assambleyası, ATƏT, ABŞ Dövlət Departamenti, iri beynəlxalq təşkilatlar – MİD, BRİ, İREX, Amnesty İnternational, Article 19, Human Rights Watch, İnternational Pen təşkilatları, İsveç və Norveçin beynəlxalq insan haqları təşkilatları bir-birinin ardınca sərt tənqidi bəyanatlarla çıxış etdilər. Amnesty İnternational isə media ilə bağlı Böyük Britaniyada, Almaniyada və Türkiyədə Azərbaycan səfirliklərinin qarşısında Azərbaycandakı parlament dinləmələrindən bir gün əvvəl iri piketlər keçirdi.

İndiyə qədər Azərbaycan hökumətinin hər hansı məsələ ilə bağlı bu qədər təzyiqə məruz qalmasını xatırlamıram. Bütün bu təzyiqlərin effekti olmalı idi və oldu da. Təbii ki, yerli QHT-lərin də mütəşəkkil mübarizəsi nəzərdən qaçmamalıdır. QHT-lərin Vətəndaş Cəmiyyətinin Müdafiəsi Komitəsində birləşərək mütəşəkkil mübarizə aparması Azərbaycandakı mövcud kontrastı ortaya qoydu. Azadlığı məhdudlaşdırmağa çalışan qüvvələr varsa, azadlıq uğrunda mübarizə aparanlar da var və onlar bir yerdədir. Bu element də ümumi prosesə müsbət təsir göstərdi. Amma yəqin həmin komitənin üzvləri də etiraf edərlər ki, hazırkı şəraitdə Azərbaycan cəmiyyətində vətəndaş aktivliyi yetərincə olmadığı üçün beynəlxalq təşkilatların səyləri QHT və media haqqındakı qanunlara mürtəce düzəlişlərin edilməməsi üçün həlledici rol oynadı.

BULLY…

Beləliklə, Azərbaycanda çoxdan bəri müşahidə edilməyən bir hadisə baş verdi: Azərbaycan hökuməti cəmiyyətdəki azadlıqlara qarşı növbəti hücumunu etdi və... məğlub oldu. Əslində belə də olmalı idi. Amerikada belə bir termin var – «bully». Daim başqalarının üstünə yeriyən, onları alçaltmağa çalışan, qoluzorluluğu ilə başqalarını əzməyə çalışan insanlara deyirlər. Amerikalılar fikirləşir ki, «bully» qabağında bir nəfər dayanmayana qədər öz istədiyini edəcək, qabağına çıxan olanda isə dönüb qaçacaq. Çünki «bully»lər qorxaq olurlar və ancaq acizin zalımı ola bilirlər. Azərbaycandakı siyasi azadlıqların dinamikası da bu modellə çox səsləşir. Aəzərbaycan hökumətinin qarşısında uca səslə «dur» deyənlərin sayı çox olanda, mürtəce qüvvələr geri çəkilir, bu söz onlara deyilməyəndə, yaxud zəif deyiləndə isə... iri müstəqil qəzet redaktorları dustaq edilir, jurnalistlərin cibinə nəşə atdırılıb tutdurulur, əsas müxalifət partiyaları şəhər mərkəzindəki qərargahlarında qovulur, seçkilər saxtalaşdırılır və s.

AVTORİTARİZMLƏ DEMOKRATİYANIN BALANSI?

Çoxdan idi ki, ortada belə bir ideya dolaşırdı – «idarə olunan demokratiya». Bu ideya Rusiyada Putin modelinin işə düşməsindən sonra geniş vüsət almışdı və mənası bu idi ki, elə cəmiyyətlər var ki, orada demokratiya tam formada işlək olmur, müəyyən avtoritarizmə ehtiyac olur ki, cəmiyyətdə anarxik meyllər baş alıb getməsin. Beynəlxalq qurumlar da Azərbaycan hökumətinə münasibətdə belə bir inam sərgiləyirdilər ki, bu ölkənin avtoritar hakimiyyəti avtoritarizmlə demokratiyanın müəyyən bir balansını tapıb orada sabitləşəcək və cəmiyyət həmin nöqtədən irəliyə doğru inkişaf etməyə başlayacaq.

Azərbaycan hökuməti son bir ildə atdığı ardıcıl addımlarla sübut etdi ki, rəsmi Bakı avtoritarizmlə demokratiya arasında heç bir balans axtarmır və imkanı olsa bütün siyasi azadlıqları, hətta Orta Asiyada belə az-çox mövcud olan QHT azadlığını belə boğmağa çalışacaq. Yəqin beynəlxalq qurumlar da öz dərslərini öyrəndilər: Azərbaycan şəraitində avtoritarizm qarşısında edilən kiçicik belə güzəşt insan azadlığına yeni mürtəce təşəbbüslərin əsasını qoyur. Yerli QHT-lərin də götürəcəyi bir ibrət var: Siyasi azadlıqların boğulmasına biganə münasibət onları mülki sektora edilə biləcək hökumət hücumlarından sığortalamır.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG