Keçid linkləri

Əslində hamımız öləcəyik. Və hamımız da ölürük. Ölmək istəyənlər də, ölmək istəməyənlər də. Əlbəttə ki, ikincilərlə müqayisədə birincilər dənizdə damladır. Yəni öləri yaradılan bəşər övladının demək olar ki, hamısı ölmək istəməyənlərdir. Maykl Cekson isə məhz hamıdan çox yaşamağı məqsəd qoymuşdu qarşısına.

Varlığını istedadı ilə bütün Yer kürəsinin gözünə soxmağı bacaran bu adamın bir dərdi də o idi ki, nə eləyirdisə hamı elə həmin gün xəbər tuturdu. Zavallı peşman idi hansısa uşağın «başını sığallasın». O dəqiqə uşaqbazlıqda ittiham olunurdu. «Od olmayan yerdən tüstü çıxmaz», - deyiblər. Amma day bu qədər tüstüləmək də bir şey deyildi. Tüstü demişkən, uşaqbazlıq söz-söhbəti səngiməmiş bir də görürdün Mayklın adı narkotik haqq hesabında hallanır. Jurnalistlərdən başqa hamının qanı qaralırdı. Özü də əziyyət çəkirdi, fanatlarını da dilxor edirdi. Fanatlar da ki, maşallah, Mayklı hara sorğu-suala aparırdılarsa, tökülüşürdülər ora. Hamısı yox a, cüzi bir hissəsi. Çünki hamısını bir ölkə tutmazdı.

Hər dəfə onu seyr edəndə, məndə belə təsəvvür yaranmışdı ki, Maykl bu dünyada ayrıca fanatları olmayan yeganə sənətkardır. Çünki ona hamı eyni həvəslə tamaşa edirdi. Yəni hər bir sənətkarın fanatları var - kiminin az, kiminin çox. Amma bu azlıq da çoxluqda birlikdə həm də Maykl Ceksona pərəstiş edirdilər.

DÜNYAYA QARA GƏLİB AĞ GEDƏN ADAM

Onu irqindən, dinindən asılı olmayaraq hamı sevirdi. Ağdərililər də, qaradərililər də. Xaçpərəstlər də, müsəlmanlar da. Xaçpərəst doğulub sonradan İslamı qəbul etmişdi. Qaradərili doğulub sonradan özünü ağdərili elətdirmişdi. Əlbəttə ki, bu rəng dəyişmək ağıllı iş deyildi. Amma varlığa nə darlıq. Pulu var idi, elədi. Elədi və sonra anladı ki, Tanrı istedadı insana varlanıb Yaradanın işinə qarışmaq üçün göndərmir. Göndərir ki, heç kimdən asılı olmayıb da bu işi daha rahat inkişaf etdirsin.

Nə isə, nə əməlin sahibi idi, nəyi düz, nəyi səf edirdi özü bilərdi, necə ki, bildi. Amma hər halda, insan gərək Tanrının onun ruhuna geyindirdiyi qabın qədrini bilsin ki, qab da onun ruhunu nə qədər mümkündür uzun müddətə içində saxlaya bilsin. Maykl Ceksonunsa ruhu cismində cəmi 50 il dözə bildi. Amma bu müddətin ortalarında o artıq «dünyanın pop-kralı» adlandırılacaq qədər məşhur ola bilmişdi.

Dünyada Maykl yetərincədir. Amma bu ad çəkiləndə istər istəməz adamın gözləri önündə ilkin olaraq onun surəti canlanır. Bu, lap Azərbaycandakı məmur adlarının beyinlərdə yaratdığı assosiasiyanı xatırladar. Bir adam vəzifədə o qədər oturur ki, kimsə o adı çəkəndə, eşidənlər ad çəkənin əmisi, dayısı, övladı və ya qohum-qonşusunu yox, ilk növbədə məhz həmin səlahiyyət sahibini xatırlayır. Heç şübhəsiz ki, bunlar müqayisəyə gəlməyəcək qədər fərqli məsələlərdir. Sadəcə, yadıma düşdü dedim.

Maykl isə həqiqətən də dünyanın xalq artisti idi. Hətta pərəstişkarı olmayanlar da onun kliplərindən gözlərini asanlıqla ayıra bilmirlər. Yadıma qonşumuz Gülzar xala düşdü. Bir dəfə televizorda Maykl Ceksonu görüb soruşdu ki, «o nədir elə»?
Dedim «adamdı, mahnı oxuyur». İnanmadı, təəccüblə dilləndi ki, «elə adam olar yəni?»

Düşündüm ki, bəlkə də bu arvad düz tapıb. Maykl olsa-olsa bu günün cihazıdır. Əslində o, gələcəyin adamına daha çox oxşayır. Bəlkə də 150 il yaşamağı qarşısına məqsəd qoymuşdu ki, öz dövrünə, öz zamanına yetişsin. Düzdü mən gələcəyin adamını görməmişəm. Amma keçmişin adamından xəbərim var. Maykl Ceksonun nə özü, nə də yaradıcılığı özündən əvvəldəki heç nəyi xatırlatmırdı.

P.S. Maykl Cozef Cekson. ABŞ-ın bu məşhur pop müğənnisi 1958-ci ilin yayında İndiana ştatının Qeri şəhərində anadan olub. Onun bütün hərəkətlərinin, hətta şəxsi həyatının mübahisəli məqamlarının da 40-illik pop musiqi mədəniyyətinin bir hissəsinə çevrildiyini düşünənlər də var.

Sağlığında dünyanın ən yaxşı estrada artisti kimi dəyərləndirilib. Hansısa mənada o, həqiqətən də dünyanın ən parlaq ulduzu sayılırdı.

İndi onun ölüm xəbərinin fonunda müşahidə edilənlər həm də Azərbaycanda istedaddan başqa hər şey hesabına - lap elə SMS-in də hesabına «ulduz»laşanlara bir SMS-dir. Əsl sənətin və ulduzun – yəni həqiqətin tamam başqa yerdə, başqa məqamda olduğunu xatırladan ən səmimi SMS.

Şərhləri göstər

XS
SM
MD
LG