Keçid linkləri

Zahirdə bir-birini yamsılayan insanlar daxildə fərqli ola bilməz. Onlar bir-birinin tamamıdır. Eyni tərzdə geyinən, eyni saç düzümünə malik, ayaqqabıları belə eyni olan insanların düşüncələri, həyata baxışı, yaşam anlayışlarının fərqliliyinə inanmaq sadəlövhlükdür zənnimcə. Fotosurəti çıxarılmış kağız parçaları kiçik rəng ləkələrinə baxmayaraq bir-birinin özüdür, onların içindəki mətnlər fərqli ola bilməz.

«Öncə düşüncə, sonra geyim yaranır» deyilən bir şey yoxdur, «insan düşündükdən sonra düşüncələrinə uyğun geyim tərzi seçir» deyənlər də ciddi səhv edir. İnsan düşünə-düşünə yaşam tərzini formalaşdırır, proses onu var edən faktorların eyni anda hərəkətə keçməsidir, birincinin sonu ikinci üçün rüşeym ola bilməz, dostlar. Necə ki, sel gələndə odunu daşdan, daşı palçıqdan, palçığı insandan ayırıb gətirmir.

Buna «fərqlilik» deyirlər, yəni insanın spesifik etik və estetik yaradıcılığı və qabiliyyəti. Onlar arasında harmoniya və sıx tellər var: bir insan dini dəyərlərin təsiri altına düşərsə estetikası diniləşəcək və yaxud anarxist geyim tərzini sevərsə öz-özlüyündə anarxizmə meyl edəcək, fərqli ola bilməz.

Onlar arasında etikanın «xeyrinə» harmoniyanın pozulmasının nəticəsidir ki, yeknəsəq, rəngsiz bir toplumda yaşayırıq. Hamı eyni cür geyinir, hami eyni cür düşünür və hamı eyni cür yaşayır. Bu toplumda fərqli ölümlər belə olmadığı üçün ölümün də estetikası yoxdur.

Əbülfəz Elçibəyin ev muzeyi
O zaman estetik gözəllik etik qaydaların kölgəsində əriyir ki, insanların özlərinə aid subyektiv reallıqları mövcud olmur. Hamının bir obyektiv reallığı olur və bir etikaya, bir əxlaqa, bir mentalitetə, bir mənəviyyata, bir dəyərə boyun əyir, bir xətt üzərində yürüyür. Dəyərləri eyni olan insanların üz bəzəkləri də eyni olmalıdır.

Bu toplumlarda etikanın, dəyərin təməllərini estetik qığılcımlarla sarsıtmaq olar və məncə də ən uyğun variant budur, başqa vasitələr fayda vermir. Mirzə Cəlil evindən «Molla Nəsrəddin»in redaksiyasına adəti üzrə deyil, balağı qısa şalvar və ya şortla getmiş olsaydı ola bilsin tezliklə qətlə yetiriləcəkdi, amma əminliklə deyə bilərəm ki, bu toplum da indikindən qat-qat fərqli təfəkkürə sahib olacaqdı. Şok terapiyasından insanı yenidən həyata qaytarmaq üçün istifadə edirlər, onun əsəblərini korlamaq üçün deyil.

Belə bir toplum üçün 80-ci illərin sonunda Əbülfəz Elçibəyin fərqli sitildə üzə çıxması əslində ideyaları qədər insanlara yararlı idi. Saç forması, saqqalı və eləcə də o qədər də səliqəli olmayan kostyumu bütövlükdə ona anderqraund tərz vermişdi və əslində çaxnaşma dövrünün təvazökar liderinə uyğun görünüş belə olmalı idi. Əlbəttə, qaranlıq zirzəmilərdə «3-lər», «7-lər» yaradan, hər anı təhlükə olan bir insanın insan yaddaşına çökəcək görünüşü digərlərindən fərqli olmalı idi, çünki fərqli görünüş fərqli düşüncə ilə eyni anın məhsuludur. Əlbəttə, Elçibəy yerdə qalanlardan fərqlənməli idi, çünki insanlar monolit reallıq içində qocalanda O, yalnız özünə aid reallıq yaratmışdı, «3-lər» də, «7-lər» də, həbslər də bu reallığın bir hissəsi idi.

Dissidentlik yaşamaqdır, Kamyunun ifadəsi ilə «üsyan edirəmsə yaşayıram» deməkdir. Yaşamaq isə, dostlar, çayı tərsinə üzməkdir, çayın axını ilə ölülər gedər.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG