Keçid linkləri

AXC-nin də iyirmi illik yubileyi gəlib çatdı. Təbii ki, atəşfəşanlıq olmadı, parklarda böyük konsertlər verilmədi, uşaqlar yumurta döyüşmədilər, tonqallar qalanmadı, qurşaq payına çıxan olmadı! Bunların heç biri olmadı.

Bu da təbiidir. Axı söhbət YAP-dan yox, AXC-dən gedir. Sadəcə, jurnalistlər üçün bir neçə günlük mövzu verdi bu hadisə! İndi yubileydən bir gün keçsə də AXC-dən yazmaq fürsətini əldən vermək olmaz.

İndi AXC demək olar ki, yoxdur. 1995-ci ildə çox sadə üsulla – sonuna bir hərf artırmaqla partiyaya çevrilən bu təşkilat eks-prezident Ə.Elçibəyin ölümündən sonra bir neçə hissəyə parçalandı. İndi AXC-yə, onun keçmişinə iddialı olan bir necə təşkilat var. Həmin təşkilatlar özlərini AXC-nin varisi hesab edirlər, sanki bu ad onlara ölkənin siyasi palitrasında mühüm yer tutmağa imkan verəcək. Burada söhbət «çətir rolundan» gedir, hamı qızmar havada, yağış yağanda özünü çətir altına dürtür.

Həmçinin oxu:
Artıq keçmiş sosialist respublikaların heç birində Xalq Cəbhələri qalmayıb. Dərindən fikirləşəndə digər respublikalar xeyli irəli gediblər. Orta Asiyanı çıxmaq şərtilə başqa respublikalarda partiyalaşma prosesi artıq yeni mərhələyə qədəm qoyub. Ukraynada və digər respublikalarda yeni siyasi liderlər demokratik dalğanın öncüllərini siyasi səhnədən sıxışdıra bildilər.

Amma orada siyasi mədəniyyət yüksək olduğundan istiqlal və azadlıq qəhrəmanlarına, fədakarlarına böyük hörmət var. Məsələn, V.Landsberqis indi öz ölkəsini Avropa Şurasında təmsil edir. Belə misalları çox sadalamaq olar, ancaq bircə detal da vəziyyət haqqında təsəvvür yaratmaq üçün kifayətdir.

Amma AXC-nin finalı çatanda, böyük hərəkat kiçik hissələrə bölünəndə, qəribə proses müşahidə olundu. Partiyanın bir neçə funksioneri özlərini lider elan edərək böyük bir təşkilatı heçə endirdilər. Çox qəribədir ki, onların bir necəsi siyasi istiqamətlərini dəyişərək hakimiyyət tərəfə üz tutdular.

Hətta 2008-ci ilin prezident seçkilərində heç kimin ağlına gəlməzdi ki, hakimiyyətə yenə də AXCP funksioneri transfer edəcək. Amma bu oldu. Deməli, növbəti parlament seçkisində də transferlər olacaqdır. Fəqət bunların heç birinin AXC-yə aiddiyatı yoxdur. Artıq AXC bir tarixdir-özünün bütün ziddiyyətləri ilə bahəm...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG