Keçid linkləri

Adam heç inanmazdı ki, nə vaxtsa rep də bu hakimiyyətin diqqətini özünə cəlb edə bilər

Adam heç inanmazdı ki, nə vaxtsa rep də bu hakimiyyətin diqqətini özünə cəlb edə bilər. Amma bu, baş verdi - artıq repçilərə də necə yazmağı tövsiyə edirlər. Formaca olmasa da məzmunca oxşar bir hadisə bir neçə ay bundan əvvəl baş vermişdi.

Polis bir neçə gəncin kafedə məşhur kubalı inqilabçı Çe Qevaroya həsr olunmuş kiçik tədbirini dağıtmışdı. Burada məqsəd kubalı inqilabçını müdafiə etmək deyil, sadəcə insanların sərbəst toplaşmaq və söz demək azadlığının necə pozulduğunu nəzərə çarpdırmaqdır. Digər bir misal bu yaxınlarda iki gəncin həbs edilməsidir – bu olaydan belə məlum oldu ki, hətta kafedə belə oturub siyasətdən və hakimiyyətdən danışmaq olmaz!..

Əvvəllər böyük sosial qruplara – siyasi partiyalara və ictimai təşkilatlara nə danışmağı, necə oxumağı, nəyi dinləməyi, siyasətlə necə məşğul olmağı, seçkilərə necə münasibət bildirməyi öyrətməyə cəhd edirdilərsə, indi artıq mikroqruplara və ayrı-ayrı fərdlərə keçiblər. Amma hamını qəliblərə salmağa çalışmağın özünün hansı fəsadlar törədə biləcəyi yaddan çıxır.

Bu siyasətlə hakimiyyət neytral qüvvələri, tərəddüd edənləri də özünün
əleyhdarlarına çevirir. Vaxtilə tələbə etirazları bir neçə dövlətin siyasi sistemini möhkəmcə sarsıtmışdı. Burada da maraqlı detal olmuşdu: böhran əsasən elitar təbəqəyə mənsub tələbələri, necə deyərlər, «qızıl gəncliyi» əhatə etmişdi.

Həmin dövrdə yenilikçi tələbələr atalarının yaratdığı siyasi sistemə qarşı etiraz edirdilər.
Gəncliyi gənc olmadan başa düşmək mümkün deyil. Bir qədər romantik olsalar da hər halda gəncliyə qarşı tolerant yanaşmaq daha düzgün olardı - xüsusən ataların özləri etiraf etməlidir ki, ölkənin gələcəyi və onun inkişaf strategiyası ilə bağlı çoxlu yanlışlıqlara və bəzən də səhvlərə yol verilir.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG