Keçid linkləri

İndi diqqətdə olan problemlərdən biri də Türkiyə ilə Rusiya arasında «Cənub axını» ilə bağlı əldə edilmiş razılıqdır. Bu razılaşma bir neçə aspektdən narazılıq yaradır. Ən əsası isə budur ki, Rusiya dünyanın qaz bazarında öz mövqelərini bir qədər də gücləndirəcək. Bir çox ölkələrin Rusiyadan asılılığı bir az da artacaq. Bundan başqa, digər bir layihənin – «Nabucco»nun taleyi havadan asılı qalır.

Düzdür, Türkiyə «Nabucco»dan uzaqlaşmaq fikrində olmadığını, bu layihədə də iştirak etmək niyyətində olduğunu bildirir. Belə getsə qaz müharibəsinin ön xətti Türkiyə olacaq. Prinsipcə, Türkiyə Rusiya ilə bağlanmış sazişin siyasiləşdirilməsini istəmir və burada kommersiya maraqlarının üstünlük kəsb etdiyini bildirir. Amma heç kim bu sazişə sırf kommersiya layihəsi kimi baxmır.

Dünyada qaz müharibəsi var, enerji əsas siyasi faktorlardan biri kimi çıxış edir. Bu mənada Türkiyənin siyasəti çox da inandırıcı görünmür. Etiraz edərək deyə bilərlər ki, Azərbaycan da oxşar siyasət yürüdür. Bu, tamamilə düzgün iraddır. Azərbaycan da unudur ki, dünyanın neft və qaz bazarları heç də abstrakt strukturlar deyillər. Bunların arxasında ciddi dövlət maraqları dayanır. Məsələn, son vaxtlar Rusiyaya çox böyük güzəştlər edilir. Ümumiyyətlə, Azərbaycana, eləcə də Orta Asiya respublikalarına iqtisadi cəhətdən müstəqil dövlət kimi baxmaq yersizdir.

Bu ölkələr iqtisadi cəhətdən kölə olaraq qalırlar. Rusiya Orta Asiya qazının hesabına böyük gəlirlər götürür. Artıq Azərbaycan da hələlik az miqdarda olsa da Rusiyaya qaz ixrac edir. Amma Rusiya bununla razılaşmaq niyyətində deyil. O, Azərbaycanın bütün qaz ehtiyatlarını almaq istəyir.

Azərbaycan da Türkiyə kimi belə layihələrin siyasiləşdirilməsinin əleyhinə çıxış edir və bunu kəmərlərin diversifikasiyası kimi yozur. Amma bu, o qədər də inandırıcı görünmür. Üstəlik, ekspertlərin fikrincə, Azərbaycanda neft və qaz emalı zamanı şəffaflıq təmin olunmadığından hökumətin izahı şübhə doğurur. Rusiya Azərbaycandan qazı bazar qiymətinə alacağını bildirir. Amma bir sual yaranır: Rusiya qazı bazar qiymətinə alacaqsa, özü onu hansı qiymətə satacaq?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG