Keçid linkləri

İqtisadi inkişaf sədaları [İsmayıllı gündəliyi -1]


Avtovağzalın iki mərtəbəsi ticarət mərkəzinə çevrilib. Eskalatorlar çalışmır, zaldakı dörd liftdən cəmisi biri çalışır

Avtovağzalın iki mərtəbəsi ticarət mərkəzinə çevrilib. Eskalatorlar çalışmır, zaldakı dörd liftdən cəmisi biri çalışır

İsmayıllıda yaşanacaq bir ay var qarşıda. Səbəbləri barədə sonra danışaram. Amma həm də ölkəni gözümlə görmək, əyalət insanının yaşadıqlarını yaşamaq, daddığını dadmaq arzusu var ürəyimdə. Çünki burdan, Bakıdan hər şey fərqli görünür. İstər AzTV-nin iqtisadi inkişaf xəbərlərində, istərsə də İsmayıllının May dərəsi və Green House-unda dincəlmiş insanların hekayələrində...Hər ikisində real həyatdan qaçış əhvalı var. Odur ki, geriyə gedirəm – real həyatı yaşamağa...

AVTOVAĞZAL ADLANDIRILAN BAZAR

Problemlər elə Bakıda avtobusa bilet alanda başladı. İstifadəyə verilmiş, amma istifadədə yararsız çıxan Avtovağzalda avtobusa bilet almaq çox qəliz məsələymiş. Avtovağzalın iki mərtəbəsi ticarət mərkəzinə çevrilib. Eskalatorlar çalışmır, zaldakı dörd liftdən cəmisi biri çalışır.

Kassaları tapmayanda bayırda dayanan və avtobusun və ya «raf»ların yola çıxması üçün dolmasını gözləyən sərnişinlərə yaxınlaşıb, bilet satılan kassaların harda olduğunu soruşmağa başladım. Kişilər ümumiyyətlə sanki sualı eşitmir kimi üzlərini yana tutur, qadınlar isə «Bala, pulun yoxdusa, «şofer»ə yaxınlaş, danış bəlkəm pulu salar» -deyirlər.

Gənc (12-14 yaşlı) konduktorlardan biri beşinci mərtəbəyə qalxmağı məsləhət gördü. Beşinci mərtəbədə üç zal var idi. Kassalar zalın ortasında yerləşdirilib. Hər üç zalda kassirlərdən başqa kimsə yox idi. Birinci pəncərəyə yaxınlaşıb, İsmayıllıya bilet almaq istəyimi bildirəndə, orta yaşlı qadın təəccüb dolu baxışlarla: «Get, «raf»ın «şoferi» ilə danış, bileti neynirsən» deyib, bir nömrəli pəncərəni tərk etdi. Axır ki, ən sonuncu – 15-ci kassaya məni göndərdilər. Eyni sual dolu baxış və sürücüyə müraciət etmək tapşırığı. Etiraz edəndə qadın 4 manat 26 qəpik qiymət yazılan bileti mənə uzatdı. Pul verdikdə isə «Get, «şofer»ə verərsən deyib» söhbətin bitdiyi əlaməti olaraq üzunü çevirdi. İsmayıllıya gedən avtobusa yaxınlaşıb bileti göstərəndə, sürücü «bilet aldın, almadın, beş manat gediş haqqı verməlisən» ultimatumunu verdi.

İSMAYILLI


Gündüz saat 1-də artıq İsmayıllıda idim
4 saatlıq yol, kondisionersiz, tozlu «raf» salonu. Bir il ərzində «təmir» gedən asfaltsız yollar. Gündüz saat 1-də artıq İsmayıllıda idim. İlk getdiyim yer bazar idi. Qiymətlər Bakıdakından ucuz idi. Bazar günü olmasına baxmayaraq, bazarda demək olar ki, adam yox idi. Satıcı Ədilə bunu İsmayıllıda yaşayan insanların kasıbçılıqdan hər şeyi yaxın kəndlərdən aldıqları ilə əlaqələndirdi. İsmayıllı bazarına ən çox üz tutan turistlərin və bağ sakinlərinin olduğunu dedi. Bazarda dayanıb insanları müşahidə edəndə maraqlı dialoqun şahidi oldum:

Kişi əlində yekə bazar zənbili günün altında dayanıb. Böyük zənbilin dibində bir-iki bağlama (pomidor, pendir, badımcan) var. Kişiyə yaxınlaşan qadının görünüşü buralar üçün tipikdir- üzü, boynu və əlləri günün altında işləməkdən yanıb, başını yaşıl yaylıqla bağlayıb, əynində gülləri solmuş bir xalat var. Qadın təbəssümü xatırladan bir mimika ilə kişiyə müraciət edir:

- Kişi, sənin pulun var?

Kişi çiyinlərini çəkir, utana-utana ətrafa boylanıb, asta səslə deyir:

- 30 qəpiyim qalıb.

Aralarında bir anlıq sükut yaranır. Qadın ovcunu açıb içindəki 2 manatı göstərib deyir:

- Gedim uşaqlara peçenye alim!

Gözümün önündə bu səhnə, beynimdə öncəki gün Az TV-də dinlədiyim, regionlarda iqtisadi inkişaf barədə xəbərin əks-sədası, yoluma davam edirəm…

Davamı olacaq

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG