Keçid linkləri

Həmişəki kimi yenə də Qarabağ problemi diqqət mərkəzindədir. Kimi Madrid prinsipləndirən danışır, kimi də bütün bu proseslərə etiraz edərək əlini yelləyir, diplomatların çoxsaylı görüşlərindən heç nə gözləmədiyini bildirir.

Amma göz önündə problem var və o, hansısa formada həll edilməlidir. Bəlkə də məhz bu cəhət münaqişə iştirakçılarını və eləcə diplomatları bir qədər məsuliyyətli olmağa cəhd edir.

Amma bir neçə diplomatın məsuliyyətli olması ilə problemi həll etmək mümkündürmü?! Təəssüf ki, yox! Vəziyyət o qədər mürəkkəbləşib ki, onun necə həll ediləcəyini heç kim bilmir. Xaricilər diktə edir ki, problem dinc yolla, sülh şəraitində həll olunsun. Amma bu vaxta qədər sülh danışıqları heç bir nəticə verməyib. Elə bu səbəbdən digər yol aranırdı ki, bu da hərb yoludur. Amma təxminən bir il bundan qabaq baş verən Gürcüstan – Rusiya müharibəsi bir çox mətləblərin üstünü açdı.

Məlum oldu ki, hərbi ritorika daha səmərəsizdir. Silaha əl atan hər kəs öz qarşısında Rusiyanın silah – sursatını görəcək. Hətta buradan acı nəticələr çıxarmaq da mümkündür. Ola bilsin ki, daha çox hərbi sursat almaqla, büdcədə orduya ayrılan vəsaitin Ermənistanın bütün büdcəsi qədər olduğunu vurğulamaqla, heç bir problem həll edilməyəcək.

Azərbaycan öz imkanlarından istifadə edərək silah – sursat alır, özünün hərbi sənaye kompleksini yaratmağa səy göstərir. Amma Rusiyanın Ermənistan bağlı siyasəti bütün bu səylərin üstündən bir xətt çəkir. Ermənistan silahlanmaya vəsait xərcləmir, bir də görürsən ki, heç nədən Rusiya Ermənistana bir milyard dollarlıq silah göndərir. B. Yeltsinin vaxtında belə idi, indi Putin – Medvedev vaxtında da belədir. Hətta bununla bağlı kifayət qədər pessimist fikirlər də səslənir.

Məsələ bundadır Ermənistanla münaqişədə Azərbaycan öz qarşısında Rusiyanı görəcək. Təbii ki, Azərbaycan bu münaqişəni həll etmək üçün nə qədər çalışsa da, özünün hərbi büdcəsini nə qədər çoxaltsa da bunun heç bir faydası olmayacaq. Elə bu səbəbdən sual yaranır güclü silahlanmaya ehtiyac varmı?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG