Keçid linkləri

Gürcüstan təxminən bir il bundan əvvəl səsləndirdiyi bəyanata sadiq qaldı. Bu ölkə artıq MDB-nin üzvü deyil. Düzdür, üzvlükdən çıxsa da, Gürcüstan elan edir ki, MDB məkanındakı 70-ə yaxın müqavilə və sənədin həyata keçməsində iştirak edəcək. Amma sonuncu daha çox Rusiyanın qeyzlənməməsi üçün səslənmiş fikirdir.

Çünki bu sənədlərin heç biri, vizasız gediş-gəliş istisna olmaqla, işlək məzmuna malik deyil. MDB-nin sənədləri də özü kimi qəribədir. Bu sətirlərin müəllifi MDB çərçivəsində imzalanan sənədlərə baxanda maraqlı bir detala rast gəlmişdi – məlum olmuşdu ki, bu sənədlərin çoxu iştirakçı dövlətlər, hətta Türkmənistan tərəfindən belə imzalanmır. Elə bu səbəbdən 70 müqavilə sadəcə söz yığınıdır, hətta Rusiyanın özü də bunu bilir. Gürcüstan bir neçə gün bundan əvvəl müharibənin bir illiyini qeyd etdi. Paradoksal haldır.

Hal-hazırda federasiya subyektlərindən birinin – Çeçenistanın ərazisində müharibə aparan və bunu öz ərazisinin bütövlüyünü qorumaq kimi təqdim edən Rusiya Gürcüstanın analoji cəhdini müharibə ilə qarşıladı.

Bundan dərhal sonra da Qafqazda sülh yaratmaq iddiası ilə çıxış etdi. Həm öz ərazisində, həm də onun yaxın xaricində müharibə aparan Rusiyanın sülhpərvər məramı şübhə doğuracaq bir realliqdlr.

Ötənilki müharibədən sonra bir çoxları M.Saakaşvilini günahlandırdılar ki, səbirsizlik göstərib, Sxinvaliyə hücum etməyə tələsəib. Amma münaqişəyə qədər Gürcüstan öz ərazi bütövlüyü ilə bağlı illərlə nəticəsiz diplomatik səylər göstərmişdi. Belə olan halda Saakaşvili hərbi yolu seşmişdi. Bu yolla o, tam dəstək ala bilmədiyi Qərbin ən azı diqqətinin bir hissəsinin Gürcüstanın problemlərinə yönəltməyə cəhd etdi.

Burada Azərbaycanın da eyforik situasiya yaşadığını da qeyd etməmək olmur. İndi Qarabağda sülhməramlı qüvvələr haqda söhbətlər gəzir. Amma kimlərdən təşkil olunacaq qüvvələr? Tam tərəfsiz, hər iki ölkənin etimadını doğuracaq və bu missiyanın öhdəsindən gələcək bir qüvvə varmı?

Mən görmürəm. Siz necə bu rolda hansı ölkəni görürsünüz?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG