Keçid linkləri

Artıq müstəqil ideologiya kimi özünü təsdiq edən sinergetikada belə bir tezis var ki, hər bir sistem itirməsə yeni keyfiyyətlər qazana bilməz. Beləcə sistem bir keyfiyyət halından başqa hala keçir və özündə yeni keyfiyyətlər əxz edir.

Cəmiyyət də sistemdir. Onun da yeni keyfiyyətlər qazanması üçün müəyyən proseslər baş verməlidir. Azərbaycan da vaxtında itkilər verərək azacıq da olsun irəli getmişdi.

Adətən YAP-çılar bunu öz adı ilə bağlayır, ölkədəki siyasi və sosial sabitliyin onların sayəsində baş tutduğunu bildirirlər. Amma cəmiyyətin statik hala keçməsinin səbəbkarı kimi özlərini görmürlər.

YAP ideoloqlarının əsas tezisi hər iki Əliyevin Azərbaycanı xilas etməsi fikridir. Ancaq xilaskar bir nəfər olar.

Azərbaycan müəyyən mənada sovet tarixini təkrar edir. Marksizmdə də fəhlə sinfinin xilaskarılarının sayı siyasi vəziyyətdən asılı olaraq dəyişirdi. Sovetlər birliyində hər yerdə Marksın, Engelsin və Leninin əksi asıldığı kimi Azərbaycanda da Heydər və İlham Əliyevlərin birgə portreti ölkəni bürüyüb.

Sonradan İ.Stalin üçlüyü bir nəfərlə – özü ilə əvəz etdi. Beləcə, şəxsiyyətə pərəstiş öz mandatını təsdiq etdi. O zaman yazıçı M. Şoloxov maraqlı fikir söyləmişdi: «Düzdür, şəxsiyyətə pərəstiş vardı, amma şəxsiyyət də var idi axı!» Bu fikirdə müəyyən həqiqət var idi.

Amma Azərbaycan timsalında «xilaskar-xalq» münasibətləri qəribə vəziyyətə gəlib. Əhali gündəlik olaraq şəxsiyyətə pərəstişin müxtəlif təzahürlərini görür. Diplomatik protokol qaydaları elə formalaşdırılıb ki, ölkəyə təşrif buyuran bütün qonaqlarda bələ təsəvvür yaranır ki, bu hakimiyyət bir ailəyə məxsusdur. Hətta Azərbaycan istiqlaliyyətin də memarı məhz Əliyevlərdi...

İdeologiya öz yerində, amma praktikada daha çox mədənin problemi izə çıxır. Elə bu səbəbdən hamı başını aşağı salıb bütün günü işləyir. Hətta başlarını yuxarı qaldırıb baxmaq belə istəmirlər, çünki yuxarıdakıları heç baxmadan da görə bilərsən.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG